“Koronavirusdan tam qorunmaq üçün skafandr geyinməlisiniz” – HƏKİMbackend

“Koronavirusdan tam qorunmaq üçün skafandr geyinməlisiniz” – HƏKİM

Müşfiq Hüseynov:  “Bir müddətdən sonra bu virusun tamamilə yeni bir ştammı olacaq”

COVID-19 infeksiyası meydana çıxan gündən onun haqqında çoxlu fərziyyələr səslənir. Artıq bir ildən çoxdur ki, hansı formada mövcud olduğu, necə yayıldığı və s. haqda söylənən fərziyyələrə baxmayaraq, həyat tərzimizi dəyişərək hakimiyyəti öz əlinə alıb.

Bu müddət ərzində, eləcə də indinin özündə bəzən insanları yanıldan, onu – COVID-19-u çox da ciddiyə almamağa səsləyən fikirlər eşidirik. Bununla yanaşı, maska, peyvənd haqqında narahatedici, sual dolu fikirlərin əlində qalırıq.

KONKRET.az xəbər verir ki, mövzu ilə bağlı həkim-farmakoloq Müşfiq Hüseynov danışıb.

– Doktor, tibbi maska bizi COVID-19-dan qoruyurmu?

– Birmənalı şəkildə bilməliyik ki, tam qorunmaq üçün skafandr geyinmək lazımdır. Yəni kosmosa çıxarkən necə geyinilirsə, yəni insanın aşağı-yuxarı ətraflarını, üzünü örtən, ka ska, oksigen balonu vasitəsilə nəfəs alacağı bir geyim olarsa, bu, koronavirusdan tamamilə qorunma anlamına gələ bilər. Yəni tibbi maska təbii ki, tam olaraq qorumur və qoruması mümkün də deyil.

– Bəs niyə “hər kəs maska taxsın” tələbi var? 

– Artıq bir ildir ki, bu haqda yazılır, çox informasiya gedib. Məlumdur ki, iki nəfər maskalı insan bir metr məsafədən danışdığı zaman, əgər onlardan biri koronavirus xəstəsidirsə, sağlam adamın yoluxma ehtimalı, təxminən 90% aşağı düşür, əgər COVID-19 xəstəsi maskasız olsa, ünsiyyətdə olduğu sağlam şəxs maskada da olsa, bu faiz yarıbayarı aşağı düşür. Yəni hər iki tərəfin maska taxması buna görə lazımdır, infeksiyanı minimum səviyyədə qəbul etmək üçün.

COVID-19 infeksiyasını az dozada da olsa, birmənalı şəkildə qəbul edirik, bundan qaçış yolu yoxdur. Sadəcə kiçik dozada olduqda bədən bunu neytrallaşdıra bilir. Orqanizmimizin immuniteti kiçik dozada qəbul etdiyimiz virusu zərərsizləşdirir və biz xəstələnmirik. 100-200 dozadan artıq olduqda isə biz xəstələnmiş oluruq. Yəni hər kəs tibbi maska taxdığında yoluxma ehtimalımız aşağı enir.

– Bu il adi qripə yoluxanların sayı az olub. Bu, tibbi maska taxmağımızla bağlıdır, yoxsa virusa qarşı immunitetimizi gücləndirmək üçün gördüyümüz tədbirlərlə?

– Birmənalı şəkildə tibbi maska geyinməyimizlə bağlıdır, çünki hər kəs immunitetini gücləndirmir, normal qidalanmır. İmmunitet üçün biz sağlam qidalanmalı, stressdən tamamilə azad olmalıyıq, ətraf qıcığa məruz qalmamalıyıq. Lakin Bakının havası da kifayət qədər ağır havadır, qidamız keyfiyyətsizdir. İmmunitetin güclü olması üçün bizə lazım olan faktorlardan heç biri yoxdur. Bu il insanların daha az qrip olmasının səbəbi onların maska taxmaları ilə bağlıdır. Tibbi maska taxmaq bizi COVID-19 ilə yanaşı respirator xəstəliklərdən də qoruyur.

– COVID-19 ilə bağlı səsləndirilən iddialardan biri də onun həmişə olub və olacağıdır. Bu, nə qədər əsaslı fikirdir?

– COVID-19 ilə bağlı belə iddialar çoxdur. Keçən ilin fevral ayından başlayaraq COVID-19 haqqında çoxlu versiyalar səsləndi. Kimyəvi-bioloji silahdan tutmuş, ekonomik savaşların bir elementinə kimi. 50-ci illərdə artıq koronavirus haqqında ilkin məlumatlar var idi. Yəni 19-cu versiya elmə məlum idi. Koronavirus olub və olacaq da. Bir zamandan sonra koronavirusun tamamilə yeni bir ştammı olacaq, çünki koronavirus digər infeksiyalar kimi canlı orqanizmdir. Bunlar ətraf mühitdən və onlara qarşı görülən dərman, peyvənd tədbirlərindən asılı olaraq mutasiyaya uğrayır, daim inkişaf edir. Həmişə də yeni formaları çıxacaq, çünki bunun qarşısını almaq mümkün deyil, təkamül prosesinin bir hissəsidir. Hər zaman viruslar olub və olacaq.

Sadəcə, indiki halda bunun pandemiya şəklini alması və standartda ölüm fazinin aşağı olmasına (ölkədən asılı olaraq 1-3% arasında dəyişir) baxmayaraq, bütün ölkələrdə eyni şəraitin, ekonomik durumun olmaması ölümə birbaşa təsir edir. Bunun qarşısını almağın yolu peyvənddir. Peyvənd sadəcə olaraq koronavirusun bu versiyasının qarşısını alacaq. O da tam olaraq yox, açıqlamalara görə ən yüksək effektli peyvənd sayılan “Pfizer”in istehsal etdiyi peyvənd də 94-95%-ə qədərdir. Bu da o deməkdir ki, 100 adamdan 5-də peyvənd tamamilə effektsiz olacaq. Peyvənd olunmuş insanların yenidən xəstələnməsinin səbəbi də budur.

– COVID-19-a qarşı peyvənd olunmazdan əvvəl hansı müayinələrin edilməsi lazımdır?

– Əslində, elə bir ciddi müayinəyə ehtiyac yoxdur. Peyvənddən öncə prosedur qaydaları var: təzyiq ölçülür, nəbz yoxlanılır, baş ağrıları kimi halların olub-olmaması ilə maraqlanırlar və bu, yetərlidir.

– Bəs peyvənddən sonra nələr tövsiyə olunmur?

– Peyvənd olunduqdan sonra təxminən, yarım saat kəskin hərəkətlər etməmək tövsiyə olunur. Adətən 15 dəqiqəyə yaxın bir müddətdə poliklinikadan çıxmamaq tövsiyə edilir. Bundan sonra yeganə tələb olunan 3 gün müddətində həmin nahiyəni sudan qorumaq, heç bir halda alkoqollu içkilərin qəbul edilməməsi tapşırılır və bu, kifayətdir. Bundan başqa ciddi bir göstəriş nəzərdə tutulmayıb.

– Peyvənddən sonra daha çox hansı hallar müşahidə olunur?

– Müşahidələr göstərir ki, demək, bütün hallarda ilk və ikinci peyvənddən sonra, təxminən 1-2 saat çox yüngül baş ağrıları və halsızlıq müşahidə olunur və gün ərzində keçir.

– COVID-19 testi etdirmədən peyvənd olunmağın riski nədir?

– Əslində, COVID-19 testi ilə peyvənd arasında elə bir əlaqə yoxdur, çünki hansısa əlamət olduğu halda (qızdırma, boğaz ağrısı, nəfəs tıxanıqlığı, dadbilmə, iybilmənin itməsi) test etdirməyiniz lazımdır.

– Yenicə sağalmış və ya daşıyıcı olan birisinin peyvənd olunması doğrudurmu?

– Əslində, xeyr. Yəni, olmasa da, olar. Çünki indiyəcən bu istiqamətdə aparılan araşdırmalar və açıqlamalar onu göstərir ki, təxminən 4 ay müddətində orqanizmdə antitel olur və bu antitel sayəsində siz COVID-19-dan qorunursunuz. Bu müddətdə peyvənd oluna da bilərsiniz, olunmaya da, lakin sonrakı müddətdə mütləq peyvənd olunmalısınız, çünki antitel az miqdarda qalır və sizin yoluxma şansınız yüksəlir.

– “Peyvənd olunmuş şəxs virus daşıyıcısı sayılır və başqalarını yoluxdura bilər” fikri nə dərəcədə əsaslıdır?

– Yox, yoluxdura bilməz, çünki orqanizmə vurulan peyvənd – ən azından Azərbaycanda vurulan Çin istehsalı “Sinovac” yoluxdurucu sayılmaz, amma ikinci peyvənddən 20 gün, bir ay müddətində maska taxılması tövsiyə olunur. Bu, başqaları üçün yox, sırf özünüz üçündür, çünki o müddətdə hələ orqanizmdə antitel formalaşmır və siz peyvənd olunmağınıza baxmayaraq, yoluxa bilərsiniz. Müşahidələr göstərirr ki, belə faktlar var. Mən bunlara normal baxıram. Çünki, birincisi, heç bir peyvənd 100% nəticə göstərmir. İkincisi də, peyvənd olunmaq o demək deyil ki, siz yoluxmayacaqsınız, sadəcə yoluxduğunuz halda xəstəliyi yüngül formada, ayaqüstə keçirəcəksiniz. Yəni yoluxa bilərsiniz, amma ağırlaşdırıcı hallar olmayacaq. AYNA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*