Dünyanın bir sıra ölkələrində maliyyə çətinliyi ilə üzləşən vətəndaşlar üçün kredit ödənişlərinin müəyyən müddətə dayandırılması və ya “kredit tətili” mexanizmi tətbiq olunur. Bu, borcalanlara maddi vəziyyətlərini bərpa etmək üçün əlavə vaxt qazandırır.
Bəs Azərbaycanda belə bir imkan varmı?
Mövzu ilə bağlı KONKRET.az-a danışan iqtisadçı-ekspert Əkrəm Həsənov bildirib ki, ölkədə kredit tətilinin tətbiqi ilə bağlı bankları və ya bank olmayan kredit təşkilatlarını (BOKT) məcbur edən qanuni tələb yoxdur.

“Bəzi banklar və BOKT-lar borcalanların müraciətlərini nəzərə alaraq kredit ödənişlərinin təxirə salınmasına və ya ödəniş qrafikinin dəyişdirilməsinə razılıq verirlər. Azərbaycanda bəzi banklar və BOKT-lar kredit tətili tətbiq edir. Lakin bu, qanunla nəzərdə tutulmuş məcburi mexanizm deyil. Maliyyə qurumları bunu könüllü şəkildə həyata keçirirlər”, – deyə ekspert bildirib.
Ə.Həsənov qeyd edib ki, kredit tətili qərarı əksər hallarda bankların öz maraqları baxımından da məqsədəuyğun hesab olunur:
“Adətən banklar görürlər ki, müştərinin maliyyə problemi müvəqqətidir və müəyyən müddətdən sonra ödəniş qabiliyyəti bərpa oluna bilər. Eyni zamanda, borcun məhkəmə yolu ilə tələb edilməsi həm vaxt, həm də əlavə xərc tələb edir. Buna görə də bəzi hallarda kreditin restrukturizasiyası və ya ödənişlərin müəyyən müddətə təxirə salınması daha sərfəli variant hesab edilir”.
Ekspert vurğulayıb ki, maliyyə çətinliyi yaşayan vətəndaşlar kredit öhdəliklərini yerinə yetirməkdə problem yarandığı halda bank və ya kredit təşkilatına müraciət edərək fərdi qaydada güzəşt imkanlarını araşdıra bilərlər.
Beləliklə, Azərbaycanda “kredit tətili” mexanizmi qanunla məcburi olmasa da, bəzi maliyyə qurumları borcalanların vəziyyətini nəzərə alaraq bu imkanı təqdim edir. Bunun üçün isə hər bir müraciət ayrıca qiymətləndirilir.
Aynurə İsmayıl
KONKRET.az
