Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə keçirdiyi operativ iclasda Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələri ilə strateji tərəfdaşlıq məsələlərini diqqət mərkəzinə gətirib. Dövlət başçısı bu regionun Rusiya üçün hər zaman xarici siyasətdə imtiyazlı istiqamət olduğunu bəyan edib.
KONKRET.az xəbər verir ki, müşavirə zamanı Vladimir Putin MDB dövlətləri ilə münasibətlərin həm tarixi, həm də iqtisadi-humanitar baxımdan əhəmiyyətini xüsusi vurğulayıb. Prezident qeyd edib ki, yaxın qonşularla onilliklər ərzində formalaşmış sıx əlaqələr hərbi-siyasi müstəvidən daha dərindir və birbaşa insani faktorlara söykənir.
“Bizim bu ölkələrə qarşı daima xüsusi münasibətimiz olub və əminəm ki, belə də davam edəcək. Bu həm tarixi səbəblərdən, həm də bu ölkələrlə iqtisadi qarşılıqlı fəaliyyət sahəsində görülən işlərin nəhəng həcmindən irəli gəlir. Onlar bizim ən yaxın qonşularımızdır və aramızda özəl, qırılmaz bağlar mövcuddur”, — deyə Putin vurğulayıb.
Müzakirələrdə regionda təhlükəsizliyin təmin olunması, terrorizmlə mübarizə və iqtisadi inteqrasiya proseslərinin sürətləndirilməsi kimi həssas mövzular ətrafında fikir mübadiləsi aparılıb. Analitiklər Putinin bu çıxışını Rusiyanın postsovet məkanında təsir imkanlarını qorumaq və yaxın müttəfiqləri ilə strateji dialoqu daha yüksək pilləyə qaldırmaq niyyətinin nümayişi kimi qiymətləndirirlər. İclasın nəticəsi olaraq, MDB çərçivəsində ikitərəfli əməkdaşlıq formatlarının daha da aktivləşdirilməsi və regional sabitliyin qorunması üçün konkret addımların atılması barədə müvafiq qurumlara tapşırıqlar verilib.
Natiq Səlim,
KONKRET.az
