Laçın yolunda NƏ BAŞ VERİR? – Pənah Hüseyn ilə AÇIQ SÖHBƏTbackend

Laçın yolunda NƏ BAŞ VERİR? - Pənah Hüseyn ilə AÇIQ SÖHBƏT

Bir neçə gündür ki, Şuşa-Xankəndi yoluna cəlb edilən Rusiya sülhməramlılarının mövqeyində müəyyən dəyişikliklər görünməkdədir. Belə ki, onlar müvəqqəti dayandıqları postdan geri çəkiliblər. Buna baxmayaraq, etirazçılar bundan istifadə etmək, irəli getmək fikrindən uzaqdırlar. Lakin sülhməramlılar humanitar məqsədlə daşıdıqları iddia edilən yük maşınlarını etirazçıların yoxlamasına da imkan vermir, bəzi qaranlıq sualların yaranmasına səbəb olurlar.

KONKRET.az-ın mövzu ilə bağlı suallarını Azərbaycanın sabiq baş naziri, Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn cavablandırıb:

– Pənah bəy, Rusiya sülhməramlılarının Şuşa-Xankəndi yolundakı mövqelərində dəyişiklik təxribatdır, yoxsa tatktiki gediş?

– Ümumiyyətlə, Rusiya sülhməramlılarının hərəkəti bütövlükdə təxribat xarakterlidir. Çünki onlar öz funksiyalarını vaxtında yerinə yetirsəydilər, vəziyyət də bu həddə gəlib çatmazdı. Yəni Qarabağdakı qeyri-qanuni silahlı dəstələrin tərksilah olunmaması, qeyri-qanuni fəaliyyətinin dayandırılmaması, Azərbaycanın tələblərinin yerinə yetirilməməsi, həmçinin ekoloji terrorun qarşısının alınmaması kimi faktlar var və Azərbaycan ictimaiyyəti tərəfindən bununla bağlı haqlı tələblər ortaya qoyulub. Üstəlik, bu məsələ ilə bağlı monitorinqlərin aparılmasına şəraitin yaradılmaması və.s məsələlər həllini tapmadığı üçün vəziyyət bu yerə gəlib çatıb. Amma konkret olaraq onların hansı məqsədlə geri çəkildiyini dəqiq demək çətindir. Çünki prosesin birbaşa içində deyilik və əlimizdə dəqiq informasiya yoxdur.

– Sizcə, sülhməramlılar geri çəkildikcə etirazçılar irəli getməlidir?

– Buna hazırda hadisə yerində olanlar qərar verməlidir. Prosesin təşəbbüskarları və aksiya iştirakçıları nə qərar qəbul etsələr, doğru qərar da o olacaq.

– Bəs rus sülhməramlıları etirazçıların onların yük maşınlarını yoxlamasına niyə şərait yaratmır, icazə vermirlər? Həmin maşınlarda humanitar yük adı ilə silah, mina və təxribata zəmin yaradan digər əşyalar daşına bilərmi?

– Prinsip etibarı ilə bunu qətiyyən istisna etmək olmaz. Həmin yüklər sülhməramlıların özlərinin hərbi yükü ola da, olmaya da bilər. Amma bu da faktdır ki, sülhməramlılar tərəfindən ermənilərə həm silahların, həm minaların daşınması, həm Ermənistandan Qarabağa qeyri-qanuni silahlı dəstələrin gətirilib-aparılması və onların terror hadisələrində iştirakı ilə bağlı əsaslı şübhələr faktlarla sübut olunub. Bu baxımdan, analoji hadisənin yenə də təkrar olunacağını istisna etmək olmaz.

– Proseslər bu şəkildə davam etsə, bundan sonrakı gedişat necə cərəyan edəcək?

– Şuşa-Xankəndi yolunda keçirilən etiraz aksiyası məqsədlərinin bir hissəsinə nail olub. Bu aksiya artıq diqqəti özünə cəlb edib və erməni tərəfi başa düşüb ki, vəziyyət bu cür davam edə bilməz. Onlar Azərbaycan ərazilərində fəaliyyətlərini nəzarətsiz halda davam etdirə bilməz və Azərbaycanın suverenliyinin uzun müddət pozulması ilə müşahidə olunan status-kvonu qorumaq mümkün deyil. Hazırda ermənilər dünyadakı erməni lobbisi və onlara kömək edən güclər vasitəsilə kampaniya başladıblar. Paralel olaraq bu kampaniyanın da mümkün qədər qarşısının alınması ciddi nəticədən xəbər verir. Hesab edirəm ki, Azərbaycan cəmiyyətinin mütləq əksəriyyəti də bunu müdafiə edir. Yəni, hər kəs bu aksiyanın özü, həm də onun tələblərinin haqlı olması və bu vəziyyətin kökündən həlli üçün çalışır. Çünki Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanması, Azərbaycanın suverenliyinin bərpa olunması və konkret olaraq gərginliyə səbəb olan – Rusiya da daxil olmaqla, bütün xarici güclərin zərərli fəaliyətinin neytrallaşdırılması uzunmüddətli və qalıcı vəziyəti təmin edə bilər. Bu aksiya da məhz bu amilə xidmət edir. Bu baxımdan, aksiyanı müdafiə edir və tələblərinin tərəfdarıyıq.

– Bütün baş verənlərdən sonra Rusiya sülməramlılarının 2025-ci ilə qədər ölkəmizdə qalması nə qədər real görünür?

– Onlar Qarabağdan dərhal çıxarılmalı və Azərbaycanın suverenliyi tam bərpa olunmalıdır. Bunun əksi isə mümkün deyil və qəbuledilməzdir.

Mərahim Nəsib,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*