Rusiya xarici işlər naziri Sergey Lavrovun Laçın dəhlizində hansısa nəzarət-buraxılış məntəqələrinin yaradılması məsələsinə baxılmadığını deməsi birmənalı qarşılanmayıb. İlham Əliyevin Münhendə Blinken və Ermənistanın Baş naziri Nikol Paşinyanla birgə görüşdə Ermənistan-Azərbaycan sərhədində ikitərəfli qaydada nəzarət-buraxılış məntəqələrinin yaradılmasını təklif etməsi fonunda Lavrovun bu cür açıqlama verməsi düşüncələri qarışdırıb. Bəzi ekspertlər Rusiyanın bu məsələdəki mövqeyini anlamaqda çətinlik çəksələr də, bir çoxları Rusiya XİN başçısının fikirlərinin doğru olduğunu bildiriblər. Bəs görəsən Lavrovun Azərbaycana səfərinin arxasında hansı məqsədlər dayanır?. “Laçın dəhlizində nəzarət-buraxılış məntəqəsi açılmayacaq” fikrini ekspertlər necə şərh edirlər?
Mövzunu KONKRET.az-a şərh edən politoloq Cümşüd Nuriyev bildirib ki, Azərbaycan Rusiya ilə Laçın dəhlizində hansısa nəzarət-buraxılış məntəqəsinin yaradılmasını müzakirə edə bilməz. Bu baxımdan Lavrov düz deyir: “Sözügedən məsələ Azərbaycan və Ermənistan arasındadır. Ona görə də, bu məsələnin Lavrovla müzakirəsi aparıla bilməz. Prezident İlham Əliyev bu məsələni Blinkenlə müzakirə edib. Paşinyan da bu müzakirəni dinləyib. Azərbaycan-Ermənistan arasında ikitərəfli qaydada yaradılacaq bir məsələdir. Ermənistanın razılığı Zəngəzur dəhlizi ilə bağlı istənilir. Amma Laçında bunu Azərbaycan açacaqsa, heç Ermənistanın da razılığına ehtiyac qalmır. Biz birtərəfli qaydada bu məsələni öz aramızda həll etməliyik. Lavrovun Azərbaycana səfərinə gəlincə, bunun əsas məqsədini tam demək mümkün deyil. Amma hazırda mövcud olan siyasi durum onu göstərir ki, Azərbaycan və Rusiya arasında münasibətlər daha yaxşı olmalıdır. Rusiya Cənubi Qafqazda ikinci cəbhəni açmaq istəmir. Çünki bu, Kremlin qaldıra bilməyəcəyi bir məsələ olacaq. Azərbaycan da yeni bir cəbhə açmaqda maraqlı deyil. Onsuz da biz Rusiya ilə vaxtilə açdığımız cəbhələrin zərbələrini çox görmüşük. Yəni 1-ci Pyotrun Bakını işğal etməsindən bəri Rusiyanın siyasətinə yaxşı bələdik. Ona görə də, Kremllə hansı məsələni necə müzakirə etmək təcrübəmiz mövcuddur. Hazırda qarşılıqlı olaraq Azərbaycan və Rusiyanın siyasi maraqları bir-birinə çox yaxındır. Ona görə də, bu tip məsələlərdə biz Rusiya ilə düşmən mövqeyə keçməməliyik”.

Politoloq əlavə edib ki, Rusiyanın Qafqaz maraqları olduğu kimi, Azərbaycanın da milli maraqları mövcuddur: “Hazırda Ermənistan Rusiyanın siyasi maraqlarını satmaqla məşğuldur. Kreml isə İrəvanı cəzalandırmaq üçün mexanizmlər fikirləşir. Təbii ki, biz öz milli maraqlarımızı və gücümüzü qorumaq üçün müəyyən addımlar atmalıyıq. Hazırda bu addımları Rusiya ilə birgə atmaq bizə daha çox sərf edir. Çünki Kreml Ermənistanı cəzalandırmaq haqda düşünür. Azərbaycanın da belə bir marağı var və bunun həyata keçirilməsi üçün konfedensial söhbətlər aparılır. Hansı söhbətlərin masaya yatırıldığını ancaq ehtimal etmək mümkündür. Bilirik ki, Lavrov Putinin sözçüsüdür və uzun müddət Azərbaycanın əleyhinə olub. Amma son zamanlar Lavrov Rusiyanın maraqlarını həyata keçirməkdən ötrü erməni mövqeyindən yox, Moskvanın nöqteyi-nəzərindən çıxış edir. Çünki tutduğu vəzifəyə görə buna məcburdur. Ona görə də, Lavrovun müzakirə edəcəyi məsələlər Azərbaycan-Rusiya danışıqları olacaq. İkincisi, Azərbaycan bölgənin lider dövlətidir və iki gündən sonra Bakıda Qoşulmama Hərəkatının növbəti tədbiri baş tutacaq. Azərbaycanın 120 ölkə arasında sədr olaraq müəyyən iş aparmaq imkanı var. Bu məsələ müzakirə oluna bilər. Növbəti həftə Türk dövlətləri təşkilatının toplantısı keçiriləcək. Bu toplantıda keçmiş Sovet respublikalarıdan ən azı 4-ü iştirak edəcək. Bölgədə böyük siyasi nüfuza malik olan Türkiyə dövlətini də qeyd etmək lazımdır. Eyni zamanda artıq məşvərətçi səslə Macarıstan yer alıb. Yəni Rusiyanın da ərazisində türklərin yaşadığını nəzərə alsaq, gələcəkdə bu təşkilata qoşulmaq ehtimalını görmək mümkündür. Odur ki, bu məsələnin də müzakirəsi aparıla bilər. Hər halda yaxın zamanlarda Rusiya KİV-lərində Azərbaycanla bağlı verilən məlumatlardan və ölkəmizə olan münasibətlərdən masada hansı söhbətlərin getdiyini görəcəyik”.
Müşviq Tofiqoğlu,
KONKRET.az