Tanınmış videobloqer Albert İsakov özünün “YouTube” kanalında erməni mənbələrinə istinadən Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın 1993-cü il iyulun 23-də “Yerkrapa” terror təşkilatının üzvləriylə görüşündən videogörüntüləri paylaşıb. Həmin görüşdə Ter-Petrosyanın Ağdamın işğalı ilə bağlı çıxışı da yer alıb.
KONKRET.az xəbər verir ki, bu video ilk dəfədir internetdə yayılıb. Böyük ehtimalla bu videonu Paşinyanın ətrafı həm Ter-Petrosyanın özünü, həm də onun rəhbərlik etdiyi “Erməni Milli Konqresini” ifşa etmək üçün sızdırıb. Xatırladaq ki, Paşinyan bundan əvvəl Ermənistanın ilk üç prezidentini Azərbaycanla apardıqları danışıqlarla bağlı debata çağırmışdı. Baş nazirin çağırışına kəskin etirazını bildirən Ter-Petrosyan onu Qarabağı satmaqda ittiham etmişdi. Albert İsakovun təqdim etdiyi videogörüntülər isə Levon Ter-Petrosyanın bütün mahiyyətini ortaya qoyur.
Ter-Petrosyan azərbaycanlıların Ermənistandan qovulmasını böyük uğur hesab edir və yalnız bundan sonra Ermənistanın müstəqil olduğunu sübut etməyə çalışır:
“Bizim ən böyük xoşbəxtliyimiz odur ki, biz milislərimizin işini təşkil etdik. Yaradılan silahlı dəstələr ordumuzun dayağı oldu. Beləliklə, biz hələ Ermənistan və Azərbaycan müstəqillik əldə etməmişdən əvvəl çox böyük təcrübə qazanmışdıq”.
Ter-Petrosyanın sözlərinə görə, bu hərəkat sayəsində Ermənistan və Qarabağ erməni xalqının 600 il ərzində həll edə bilmədiyi bir problemi həll etdi:
“Ermənistan və Qarabağ başqa millətlərdən (azərbaycanlılar nəzərdə tutulur ) tamamilə təmizlənib. Bir daha təkrar edirəm, bu, 600 illik problem idi. Erməni xalqı bundan daha 600 il sonra onun əhəmiyyətini hiss edəcək. Təsəvvür edin, əgər bu gün Ermənistanda 1988-ci ilə qədər buradakı 170 min başqa millətdən (azərbaycanlı) insan olsaydı, bizim dövlətimiz olmazdı. Biz nə şimal, nə şərq rayonlarımızı, nə də Sevanı (Göyçə gölünü) qoruya bilərdik. Üstəlik, burada üç yeni problemlə üz-üzə qalacaqdıq.Unutmayın ki, üç bölgədə azərbaycanlılar çoxluq təşkil edirdi. Bunlar Vardenis (Basarkeçər), Masis (Uluxanlı) və Amasya rayonları idi. Azərbaycanlılar Zəngəzurda da çoxluq təşkil edirdilər. Nə yaxşı ki, bu problem vaxtında həll olundu. Bu, bizə göydən hədiyyə kimi gəlmədi. Bizim hərəkat bu problemi vaxtında həll etdi. Xalqımızın milli azadlıq mübarizəsi davam edir. Erməni milli hərəkatı və onun hərbi qanadı bizim “Yerkrapa” özünümüdafiə birləşmələrimizdir. Artsaxda da belədir. Bu gün Artsaxın bütün ərazisi və daha çoxu ermənilərin əlindədir. Bir şad xəbəri sizə çatdırmağı özümə borc bilirəm. Bu gün Ağdam şəhəri bizim əlimizə keçdi”.
Ermənistanın birinci prezidenti etiraf edir ki, azərbaycanlıların qovulması Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış edən erməni şovinistlərinin siyasətinin tərkib hissəsi olub. Əslində Ermənistanda Basarkeçərdə, Uluxanlıda, Amasya və ümumilikdə Zəngəzurda əhalinin əksəriyyətini təşkil edən azərbaycanlılara qarşı qəsdən və ilkin olaraq etnik təmizləməyə hazırlaşıblar. Ter-Petrosyanın yuxarıdakı sözləri Ermənistanın üçüncü prezidenti Serj Sarkisyanın Xocalı soyqırımı ilə bağlı bəyanatıyla eynidir. Sarkisyan Xocalıda ermənilərin azərbaycanlı dinc əhaliyə qarşı qırğınlar törətdiyini faktiki olaraq etiraf edib.
Vəli Həsənoğlu,
KONKRET.az