Livanda oğurlanmış Ukrayna taxılını daşıyan Suriya gəmisi saxlanılıb.
KONKRET.az-ın məlumatına görə, bu barədə BBC Livan mediasına istinadən xəbər verir. Livan prokurorluğu Ukraynadan oğurlanmış buğda daşıyan Suriya gəmisini saxlayıb.
Məlumata görə, prokurorluq gəmini Tripoli limanında ələ keçirib və onunla bağlı araşdırmanı xüsusi xidmət orqanlarına verib. Livan KİV-lərinin məlumatına görə,
Ukraynanın Livandakı səfirliyi iyulun 28-dən Beyrut limanında olan gəmini 72 saat müddətinə saxlamaq üçün qanuni icazə alıb.
Öz növbəsində, Rusiyanın Livandakı səfirliyi yerli mediaya gəmi haqqında məlumatı olmadığını bildirib və Ukraynanın ittihamlarını “yalan və əsassız” adlandırıb.
Bir gün əvvəl Ukraynanın Livandakı səfirliyi məlumat vermişdi ki, Ukrayna məhkəməsi Beyrut limanında saxlanılan Suriya bayrağı altında “Laodikea” gəmisi və göyərtəsindəki yük üçün həbs qərarı verib.
Diplomatik nümayəndəliyin nümayəndəsinin sözlərinə görə, yükün müsadirə olunacağı təqdirdə, Ukrayna onun Livana verilməsi şərtləri ilə bağlı danışıqlara hazır olacaq.
Ukrayna tərəfi Rusiyanı sistemli şəkildə işğal olunmuş Ukrayna ərazilərindən taxıl ixrac etməkdə və onu üçüncü ölkələrə satmağa çalışmaqda ittiham edir. Rusiya bu ittihamları rədd edir.
Xuraman Etibarlı,
KONKRET.az