Pandemiya ilə əlaqədar olaraq Azərbaycanda 1 ilə yaxındır ki, toyların və kütləvi tədbirlərin keçirilməsinə icazə verilmir. Qeyd edək ki, son günlər ölkədə koronavirusa yoluxanların sayı günbəgün azalma dinamikası ilə davam edir. Bundan əlavə, tezliklə Azərbaycanda koronavrus əleyhinə peyvənd işlərinə başlanılacaq. Bu isə koronavirusa yoluxanların sayının minimuma endirəcək. Belə olan halda martın 15-dən sonra Azərbaycanda toyların keçirilməsinə icazə verilə bilərmi?
Toylara qoyulan qadağa ilə bağlı KONKRET.az-a danışan professor Adil Qeybulla bildirib ki, pandemiya ilə bağlı karantin tədbirləri bütün dünyada keçirilir: “Karantin rejiminin öz şərtləri var. Bu tədbirlər əhalinin təhlükəsizliyi üçündür. Karantin yumşaldıqca, xəstəlik azaldıqca və kollektiv immunitet formalaşdıqca yumşalmalar davam edəcək. Təbii ki, toyların və digər kütləvi tədbirlərin keçirilməsinə icazə veriləcək. Əslində bütün bunlar təhlükəsizlik fonunda həll edilməlidir. Çünki karantin milli təhlükəsizliyimizin qorunması üçün olduqca vacibdir. Bu yolla biz bu virusun daha geniş auditoriyaya yayılmasının qarşısını alırıq. Virusla bağlı təhlükə aradan qalxdıqca kütləvi tədbirlərin keçirilməsinə icazə veriləcək. Əgər biz vaksinasiyanı mümkün qədər tez başlasaq və lazım olan 45 günü də nəzərə alsaq, martın 15-dən sonra toyların və digər tədbirlərin keçirilməsi ilə bağlı qərarlar verilə bilər. Əlbəttə az insan sayı ilə”.
Nərgiz Mirzəyeva,
KONKRET.az
