Məlum olduğu kimi, Aleksandr Düma kitablarını real hadisələr əsasında yazırdı, baxmayaraq ki, yaradıcılıq prosesində onlardan xeyli uzaqlaşırdı.
1807-ci ildə Nim şəhərindən olan çəkməçi Fransua Piko varlı və gözəl Marqaritla evlənməyə hazırlaşırdı. Onun xoşbəxtliyini meyxanaçı Luppian qısqandı. Dostları Solari və Şobarla birlikdə o, Pikonun keçmiş zadəgan və ingilis casusu olduğu barədə donos yazdı. Bədbəxt adam həbsxanaya atıldı. Üstəlik, bir neçə il o, nə üçün həbs edildiyini belə bilmirdi. Düzdür, o, İf qalasında deyil, Fenestrell qalasında oturmuşdu. Bədbəxt Marqarit iki il həsrətlə gözlədi, sonra isə Luppianla evləndi.
Bir neçə il həbsdə olduqdan sonra Piko taleyi ona bənzər bir yoldaşla — italyan keşişi ata Tori ilə tanış oldu. O, gənc kamera yoldaşına rəğbət bəslədi, ona bildiyi hər şeyi öyrətdi, Milanda gizlədilmiş xəzinə barədə danışdı və Pikonun xeyrinə vəsiyyətnamə yazdıqdan sonra sakitcə vəfat etdi. Fransuanı Bonapartın devrilməsi azad etdi, yəni o, Edmon Dantes kimi 14 il deyil, ondan iki dəfə az — 7 il həbsdə qaldı.
Azad olduqdan sonra Piko tələsik Amsterdama getdi, orada rəsmi şəkildə miras hüquqlarına sahib çıxdı, sonra isə İtaliyaya yollandı və ata Torinin xəzinəsini tapdı. Romada o, donosun yazılışında iştirak etmiş, lakin şəxsən bu əməldə iştirak etməmiş Antuan Allünü tapdı. 50 min frank dəyərində üzük müqabilində Allü bildiyi hər şeyi danışdı.
Piko Parisə yollandı, burada intiqam almağa başladı. Bu proses Dümanın kitabındakı qədər romantik olmadı. Solari sinəsinə bıçaq saplanmış halda tapıldı, Şobar isə zəhərləndi. Sonra Piko Luppiana məxsus restoranda ofisiant kimi işə düzəldi və onun ilk nikahından olan qızını yoldan çıxartdı. İntiqamçı öz məşuqəsinə hansısa bir zadəganın elçi düşməsini təşkil etdi, toy artıq elan edildikdən sonra isə məlum oldu ki, “kürəkən” qraf deyil, cinayətkardır.
Dəhşətli bir qalmaqal qopdu, gəlin bu rüsvayçılığa dözə bilmədi.
Piko Luppianın gənc oğlunu zərgərlik əşyası oğurlamağa təhrik etdi və o, məhbəsə düşdü. Bundan sonra Piko düşməninin restoranına od vurdu, sahibinin özünü isə bıçaqladı. Ancaq onun sevinci uzun sürmədi. Tüilri bağının xiyabanlarının birində onu Allü qarşıladı — bir üzük ona kifayət etməmişdi. O, Pikonu huşdan saldı, hardasa zirzəmidə uzun müddət ona işgəncə verərək pulunu harada gizlətdiyini öyrənməyə çalışdı, sonra isə onu öldürdü. Əsl “Monte-Kristo”nun bütün əhvalatı bir ildən az davam etdi.
Allü İngiltərəyə qaçdı, 1828-ci ildə ölüm yatağında hər şeyi etiraf etdi və hekayəsini yazılı şəkildə təsdiqlədi. 15 il sonra bu sənəd Aleksandr Dümanın əlinə keçdi və onun qələmi cinayət hesablaşmasını sürükləyici, romantik bir triller əsərinə çevirdi.
Müəllif: Dmitri Karasyuk
Hazırladı: Rəsmiyyə Şərifova,
KONKRET.az
