backend

Məhəbbət Kazımovun oğlu: “Məcburam ki, məhkəmə vasitəsi ilə bu yalanlara son qoyum”

“Laçınım” mahnısını Məhəbbət Kazımov bəstələyib, Könül Kərimova tamamilə yalan danışır”

Bu yaxınlarda əməkdar artist Könül Kərimovanın “Laçınım” mahnısını əməkdar artist Məhəbbət Kazımovun yox, özünün bəstələdiyi ilə bağlı səsləndirdiyi fkirlər geniş səs-küyə səbəb oldu. Belə ki, əməkdar artist açıqlamasında bildirdi ki, “Laçınım” mahnısı məhz ona məxsusdur və bu həqiqəti heç kim dana bilməz: “Bunu heç kim dana bilməz. Vasif Məhərrəmli də bu yaxınlarda dedi ki, Məhəbbət özü də deyirdi ki, bu mahnıları Könül yazıb. Məhəbbət rəhmətə gedib, mən elə bil təklənmişəm”.

Əməkdar artistin tənqid atəşinə tutulması ilə nəticələnən açıqlama onun gündəmə gəlmək istəyi kimi qiymətləndirilməklə yanaşı, həmkarları tərəfindən də təkzib edildi. Belə ki, əməkdar artist Vasif Məhərrəmli Kərimovanın iddiasının əksinə olaraq, bu söhbətdən xəbərsiz olduğunu bildirdi: “Mən həmin söhbətdə yanlarında olmamışam. Amma eşitmişəm ki, Könül Kərimova mahnının bəstəçisinin özü olduğunu deyib, amma həmin vaxt mən onların yanında olmamışam”.

Əməkdar artist Yusif Mustafayev də məsələdən xəbərsiz olduğunu, bu söhbəti eşitmədiyini vurğulayıb: “İmanımı yandıra bilmərəm, Allahın qarşısında deyirəm ki, belə bir söhbəti eşitməmişəm”.

Məsələ ilə bağlı KONKRET.az-ın redaksiyasına zəng edərək açıqlama verən Məhəbbət Kazımovun yaxın dostu, bəstəkar, sənətçi haqqında yazılan “O səsin sehri” adlı kitabın müəllifi Elnur Baxış bildirib ki, Məhəbbət Kazımov “Laçınım” mahnısını özü bəstələyib, Könül Kərimova tamamilə yalan danışır: “”Laçınım” mahnısının sözləri Osman Alıyevə məxsusdur. O vaxtı Osman Alıyev həmin şeiri yazıb, Azərbaycan Nəşriyyatının binasının qarşısındakı qutuya atıb. Fəxrəddin adlı polis əməkdaşı da həmin şeiri götürüb Məhəbbət Kazımova verib. Şeirə xalq artisti, Məhəbbət Kazımovun dostu Yasin Qarayev də düzəliş edib və məlum olub ki, şeirin müəllifi Osman Alıyevdir. Hətta, şeirin mərhum şair Məmməd Aslana aid olduğu da iddia edilib. Məhəbbət Kazımov da Osman Alıyevin yanında Məmməd Aslana zəng vurub, şeirin ona məxsus olub-olmadığını soruşub. Məmməd Aslan da elə bir şeirinin olmadığını deyib”.

“Könül Kərimova sadəcə olaraq bu müsahibəsi ilə gündəmi zəbt etmək istəyir. Hətta, müsahibəsində şahidlər kimi Yusif Mustafayev və Vasif Məhərrəmlinin də adlarını çəkib, lakin onlar da bunu inkar edərək, xəbərsiz olduqlarını deyiblər. Amma Könül Kərimova unutmasın ki, onun əlindən tutub səhnəyə gətirən, onu məhşurlaşdıran Məhəbbət Kazımov olub”-deyə, mərhum sənətçinin dostu əlavə edib.

Respublikanın Xalq artisti Yasin Qarayev isə KONRET.az-a açıqlamasında sözügedən mahnının tarixinə toxunub: “Həmin mahnının bəstəkarı Məhəbbət Kazımovdur. Məhəbbət o mahnını gecə-gündüz çalışıb, damla-damla özü yazıb. Könül Kərimova Azərbaycan Milli Konservatoriyasını bitirib, musiqi təhsili var. “Təkcə mənim olaydın” mahnısını da o bəstələyib. “Laçınım” mahnısını isə Allah şahiddir ki, gecə-gündüz damla-damla Məhəbbət Kazımov yazırdı “Laçın” instrumental ansamblı ilə. İnanmağım gəlmir ki, Könül elə bir söz desin. Çünki haqq var, ədalət var”,

“Hətta, elə olurdu ki, gecə saat 3-ə kimi, 4-ə kimi bir yerdə olurduq, mən də o mahnının yazılmasına şahidlik edirdim. Könül xanım o mahnını yazdığını necə deyə bilər? Mənim yanımda desəydi, səhv etdiyini deyib, cavabını verərdim. Hətta, Məhəbbət o mahnıya qədər 100-ə yaxın mahnı bəstələmişdi. Allah ona rəhmət eləsin”, – deyə xalq artisti fikirni yekunlaşdırıb.

Məhəbbət Kazımovun oğlu Rəşid Kazımov da baş verənlərlə bağlı KONKRET.az-a danışıb. O, Könül Kərimovanın belə bir mahnı bəstələmədiyini bildirib: “Könül xanım bilməlidir ki, onu bu sənətə Məhəbbət Kazımov gətirib. Əgər, Könül xanımın dediyi kimi, Məhəbbət Kazımov onun fikrini alıbsa, bu, o demək deyil ki, Könül Kərimova bəstəkardır. Bəs, Könül xanım bəstəkardırsa, indi niyə mahnı bəstələmir?”

“Bütün Azərbaycan bilir ki, “Laçınım” mahnısının bəstəkarı Məhəbbət Kazımovdur. Hətta, Könül xanımın adını çəkdiyi şahidlər də prosesdə olmayıblar. Özləri də bunu təsdiq ediblər ki, Könül xanımın belə bir mahnı bəstələməsindən xəbərsizdirlər”, – deyə mərhum sənətçinin oğlu vurğulayıb.

O, bu cür fikirlərin davam etməsindən narahat olduqlarını əlavə edib: “Bu fikirlər davam etsə, mən artıq məcburam ki, müəllif hüquqları və sübutlardan istifadə edim, hüquq mühafizə orqanları və məhkəmə vasitəsi ilə bu yalanlara son qoyum”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*