Ali Məhkəmədə mənimsəmədə təqsirləndirilən R.Zülfüqarovun barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
KONKRET.az xəbər verir ki, hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, kassasiya şikayəti qismən təmin edilib, Şirvan Apellyasiya Məhkəməsinin qərarı dəyişdirilib, ona 2 il 4 ay 15 gün müddətində azadlıqdan məhrum etmə cəzası təyin edilib. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisin 19 dekabr 2025-ci il tarixli Qərarı tətbiq olunub və qərarın 3.1-ci maddəsinə əsasən R.Zülfüqarovun cəzası 6 ay azaldılaraq üzərində 1 il 10 ay 15 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılıb.
İttihama görə, R.Zülfüqarov Kürdəmir rayonunun kəndlərindən birində yaşayan zərərçəkmiş Kərəm Hacızadəyə (adı, soyadı şərtidir) məxsus fermada çoban işləyib. Ferma sahibi ona 218 baş xırdabuynuzlu heyvanı baxım üçün etibarla təhvil verib. Təqsirləndirilən şəxs isə 2023-cü ilin iyun ayından 2024-cü ilin aprel ayınadək olan dövr ərzində işlədiyi müddətdə ona etibar edilən sürüdən 44 başını vahid niyyətlə qəsdən talamaraq mənimsəyib Mənimsənilmiş heyvanların ümumi dəyəri 11 000 manat təşkil edib.
Kürdəmir Rayon Məhkəməsi hökm ilə R.Zülfüqarova 2 il 5 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub. Şirvan Apellyasiya Məhkəməsinin qərarı ilə apellyasiya şikayəti təmin edilməyib./pravdaaz
