Ali Məhkəmədə həmkəndlisini bıçaqlayaraq qətlə yetirməkdə təqsirləndirilən 1978-ci il təvəllüdlü Fəqan Əzizovun barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
KONKRET.az pravda.az-a istinadən xəbər verir ki, hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.
İttihama görə, hadisə 2025-ci ilin mayında Sığırlı kəndində münaqişə zəminində baş verib. Həmin gün gecə saat 23 radələrində 1966-cı il təvəllüdlü Hafiz Cümşüd oğlu Nuriyev Fəqan Əzizovun yaşadığı evə gələrək qapını döyüb. O, həmkəndlisindən narkotik vasitə istəyib. Lakin Fəqan onda narkotik olmadığını deyib. Daha sonra tərəflər arasında münaqişə olub.
Fəqan Əzizovun barəsində Cinayət Məcəlləsinin (CM) 120.2.2-ci (xuliqanlıq niyyətilə adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
Lənkəran Ağır Cinayətlər Məhkəməsi onun daha yüngül maddə olan CM-in 120.1-ci maddəyə əsasən cəzalandırılmasına qərar verib. Hökmə görə, Fəqan Əzizov 11 il azadlıqdan məhrum edilib.
