Telefon mağazasından Cənnət torpağına qədər: niyə bir-birimizin sadəlövhlüyündən istifadə edirik?backend

Telefon mağazasından Cənnət torpağına qədər: niyə bir-birimizin sadəlövhlüyündən istifadə edirik?

Bir qızın hansısa telefon mağazasında hüquqları tapdanıb. Müqaviləni oxumağa belə imkan tapmayıb. Üstəlik, müştərini ovsunlamaq üçün üstünə bir qulaqlıq da “hədiyyə” ediblər. Evə gələndən sonra mesaj gəlib ki, günün sonuna qədər əlavə olaraq 100 neçə manat ödəməlisiniz. Qız təəccüblənib, bu məbləğin niyə yarandığını soruşanda şirkət nümayəndəsi deyib: “Axtarıb taparsınız…”

Xülasə, qız həmin məbləği ödəməyib. Səhəri gün isə üstünə 8 manat faiz gəlib.

Sözümün canı budur: son dövrlər dünyada bizim qədər bir-birinin sadəlövhlüyündən istifadə etməyə çalışan insanların çox olduğu ikinci bir ölkə tapmaq çətin olar. Hər addımda sanki bir-birimizə “kələk gəlməyin” yollarını axtarırıq.

Fikir verin, bir ölkədə Cənnətdəki torpaq sahəsini belə dədə malı kimi bölüb müxtəlif adamlara od qiymətinə satırlarsa, orada hər şey gözləmək olar. Hətta düşünürəm ki, Misirdə kiminsə Cənnətdən torpaq sahəsi satmaq məsələsi dünyasında ağlına gəlməz.

Bir neçə gün əvvəl Nərimanov metrosunun ətrafında dostlarımı gözləyirdim. Birlikdə mənim doğum günümlə bağlı qonaqlığa gedəcəkdik. Tərs kimi telefonumun nömrələri işləmədi. Yəni şəbəkə itmişdi. Orada maşın saxlamaq da çətindir, ətraf basırıq idi. Məni götürməyə gələn dostuma harada olduğumu deməli idim.

Yaxınlıqdakı telefon mağazasına qaçdım. İşçiyə dedim:

— İndi belə bir problem yaranıb, bir zəhmət baxın, nə məsələdir. Zənglər gəlməlidir.

Telefona baxdı və dedi:

— Bu telefon yerə düşüb, içəridə nəsə olub.

And içdim ki, bu telefon heç vaxt yerə düşməyib. Ustaya zəng etdi. Usta telefonda hansısa “problem” olduğunu dedi və bildirdi ki, təxminən 40 manat xərc çıxacaq, iki saatlıq işdir.

Güldüm:

— Heç 10 dəqiqə də vaxtım yoxdur. Sağ olun.

Çıxdım bayıra.

Təcili yaxınlıqdakı parka getdim ki, heç olmasa Wi-Fi tapım, internetlə əlaqə saxlayım. Bir kafeyə girib ofisiantdan xahiş etdim:

— Bir zəhmət, Wi-Fi parolunu deyərdiniz? Nömrələrim işləmir, məni buradan maşınla götürməlidirlər, əlaqə yarada bilmirəm.

Ofisiant üzümə soyuq baxıb dedi:

— Inciməyin, rəhbərlik icazə vermir.

İnanın, adam bir anlıq hər şeyə əsəbiləşir. Düşünürsən ki, niyə biz bir-birimizə bu qədər yad və etinasız olmalıyıq?

Təsəvvür edin, həmin kafedə 3 manatlıq kofe sifariş versəydim, Wi-Fi parolunu dərhal verəcəkdilər. Ofsiant bir sözü bilirdi: “rəhbərlik icazə vermir”.

Vəziyyəti izah etməyə çalışsam da, gördüm, oğlan da bir az ürkəkdi, bu tip adam dünyasında mənə kömək edə bilməz.

Amma başqa bir kafeyə girdim, sahibinə vəziyyəti dedim. Sağ olsun, heç bir problem yaratmadan parolu verdi. Tez zəng etdim, əlaqə yarandı, nigarançılığımız bitdi.

Bir az sonra telefonu söndürüb-yandırdım və nömrələr də işləməyə başladı.

Amma bunun üçün məndən 40 manat pul və iki saat vaxt istəyirdilər.

Mən qarşı tərəfin mədəni münasibətindən, etibarından istifadə edib ona kələk gələn insanlardan çox məyus oluram. Belə hallara həyatım boyu dəfələrlə şahid olmuşam. Həyat qazanında, necə deyərlər, kifayət qədər qaynamışıq da.

Amma bir şeyi dəqiq bilirəm: millət bir-birini sevəndə, bir-birinə dayaq olanda xalq olur. Bir-birinə fürsət axtarıb kələk gələndə isə cəmiyyətin içində inam ölür.

Biz daha yaxşı xalq olmaq istəyiriksə, ilk növbədə bir-birimizə qarşı bu cür münasibəti azaltmalıyıq. Tamamilə yox etmək bəlkə də mümkün deyil. Amma azaltmaq bizim öz əlimizdədir.

Hələ sizə daha böyük miqyaslı fırıldaqlardan danışmıram. Əminəm ki, bu məmləkətdə bir mənzili bir neçə adama satan, illərlə insanları gözlətdikdən sonra ortadan yoxa çıxan nə qədər adam tapmaq olar. Bu gün ya sabah kupça verəcəm adı ilə 10 ildir vətəndaşları süründürən adamlar var bu məmləkətdə…

Bu, sadəcə fırıldaq deyil. Bu, cəmiyyətin etibarına vurulan zərbədir.

Ə kişi olun, bir-birinizə insan kimi yanaşın. Bir-birimizin haqqını yeməyək, fürsət düşəndə bir-birimizə kələk gəlməyək.

İmkan verin, nəhayət, əsl XALQ olaq!

Vasif Ayan

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*