Ali Məhkəmədə dələduzluqda təqsirli bilinən şirkət rəhbəri Aqil Qədirov və digərlərinin barəsindəkə hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
KONKRET.az xəbər verir ki, hakim Rəşad Abdulovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, şikayət təmin edilməyib.
Qeyd: “Meqa-Siti Holdinq” MMC-nin təsisçisi Aqil Qədirov və daha əvvəl tanışı Elnur Məmmədov 1 milyon manatlıq dələduzluqda təqsirləndirilirlər.
İttihama görə, həmin şəxslər inşa etdikləri yaşayış binasındakı eyni mənzili bir neçə nəfərə satıblar. Cinayət işində 33 zərərçəkmiş var. Onlara qarşı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq; külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə; ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Aqil Qədirov 8 il, Elnur Məmmədov isə 7 il müddətinə azadlıqdan məhrum edilib. Bu hadisədən sonra şirkət rəhbərinin daha bir cinayət əməli üzə çıxıb.
Sözügedən cinayət işi üzrə “Meqa-Siti Holdinq” MMC-nin digər vəzifəli şəxsləri – Maksim Zeynalov, Fariz Nuruyev və Tamara Novruzova da təqsirləndirilib./apa