Şəki Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Akif Əbdülovun (adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
KONKRET.az pravda.az-a istinadən xəbər verir ki, sonuncu keçirilən prosesdə qərar elan edilib.
Qərara əsasən, zərərçəkmiş şəxsin apellyasiya şikayəti təmin edilməyib.
İş materiallarına görə, hadisə bu il saat 20 radələrində Qax rayonunun Çinarlı kəndində yerləşən məscidin qarşısında baş verib.
Belə ki, Akif Əbdülovla həmkəndlisi, zərərçəkmiş Zamin Nuriyev (adı, soyadı şərtidir) arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb. Mübahisəyə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsin ünvanına kobud ifadələr işlətməsi səbəb olub.
Bu zaman Akif Əbdülov Zamin Nuriyevin sifət nahiyəsinə bir neçə dəfə yumruqla zərbə vurub. Bununla kifayətlənməyən təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsin ayaqlarından qəsdən tutaraq onu yerə yıxdığı bildirilib. Nəticədə Zamin Nuriyevin bədəninin müxtəlif nahiyələrində xəsarətlər yaranıb.
Hadisədən sonra Akif Əbdülov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.
Qax Rayon Məhkəməsinin hökmü ilə ona 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.
