“Nizami”–“28 May” metro stansiyaları arasında qatarların hərəkətinin dayandırılması sərnişinlərin gündəlik gediş-gəlişinə ciddi təsir göstərib. Metroda yaranmış fasilə ilə əlaqədar sərnişinlərin daşınmasını təmin etmək məqsədilə xəttə əlavə ekspres avtobuslar buraxılıb.
Bəs metroda yaranmış problemin kompensasiyası məqsədilə təşkil edilən bu avtobuslarda sərnişinlər üçün güzəştli tarif tətbiq olunacaqmı?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, hazırda əvəzedici avtobuslarda güzəştli tarifin tətbiqi ilə bağlı rəsmi qərar açıqlanmayıb.

Onun sözlərinə görə, Bakı Metropoliteninin açıqlamasında “Nizami”–“28 May” istiqamətində sərnişinləri daşıyacaq əlavə ekspres avtobusların ödənişli olacağı bildirilib:
“Bu avtobuslar metroda yaranmış fasiləni kompensasiya etmək üçün təşkil edilsə də, onlardan istifadə üçün ayrıca ödəniş tələb olunur. Belə vəziyyətdə güzəştli və ya vahid tarif mexanizminin tətbiqi daha məntiqli olardı. Çünki sərnişin əvvəllər metro ilə bir gediş haqqı ödəyərək “Nizami”dən “28 May”a və ya əks istiqamətdə gedirdisə, indi eyni marşrutu tamamlamaq üçün əlavə avtobusdan istifadə etdikdə ikinci dəfə ödəniş etməli olur. Bu isə faktiki olaraq sərnişinin nəqliyyat xərclərinin artması deməkdir”.
Ekspertin fikrincə, daha məqsədəuyğun variant metro ilə əvəzedici avtobuslar arasında müəyyən müddət ərzində keçidi təmin edən vahid bilet və ya transfer güzəştinin tətbiq edilməsidir.
“Məsələn, sərnişin metrodan çıxdıqdan sonra müəyyən müddət ərzində həmin istiqamətdə hərəkət edən əvəzedici avtobusdan əlavə ödəniş etmədən istifadə edə bilərdi. Belə mexanizm həm sərnişinin üzərinə düşən əlavə maliyyə yükünü azaldar, həm də metroda yaranmış texniki məhdudiyyətin kompensasiyası baxımından daha ədalətli görünərdi”, – Akif Nəsirli bildirib.
O qeyd edib ki, problemin uzunmüddətli xarakter daşıması məsələni daha da aktuallaşdırır:
“Xüsusilə bu vəziyyətin 11 ay davam edəcəyi nəzərə alınmalıdır. Bu, bir neçə günlük və ya həftəlik narahatlıq deyil. Ona görə də tələbələr, gündəlik işə gedib-gələnlər və həmin istiqamətdən müntəzəm istifadə edən sərnişinlər üçün uzunmüddətli güzəşt mexanizminin tətbiqi sosial baxımdan məqsədəuyğun ola bilər”.
Ekspertin sözlərinə görə, hazırda əvəzedici avtobuslardan istifadə edən sərnişinlər üçün xüsusi güzəşt və ya vahid tariflə bağlı rəsmi qərar yoxdur.
Beləliklə, metroda yaranmış fasilə səbəbindən sərnişinlərin alternativ nəqliyyatdan istifadə etməsi əlavə xərc yaradır. Problemin uzun müddət davam edəcəyi nəzərə alınaraq, sərnişinlərin eyni marşrut üzrə ikinci dəfə ödəniş etməməsi üçün transfer güzəşti və ya vahid tarif mexanizminin tətbiqi məsələsinin gündəmə gətirilməsi təklif olunur.
Aynurə İsmayıl
KONKRET.az
