Mikelancelo ilə onun burnunu sındıran heykəltəraşın heyrətamiz taleyi – şöhrət, qürur və faciəbackend

Mikelancelo ilə onun burnunu sındıran heykəltəraşın heyrətamiz taleyi – şöhrət, qürur və faciə

Tarix və incəsənət | Tərcümə və redaktə

Mikelancelo Buonarroti adını bütün dünya tanıyır. Pietro Torridjanonun adını isə əsasən sənətşünaslar xatırlayır.

Halbuki bu iki sənətkar eyni dövrdə yaşayıb, Florensiyada Mediçilərin himayəsi altında təhsil alıb, qeyri-adi heykəltəraşlıq istedadı nümayiş etdirib və heç də asan xasiyyətli insanlar olmayıblar. Lakin onlardan biri İntibah dövrünün rəmzinə çevrilib, digəri isə tarixə dahi rəqibinin burnunu sındıran adam kimi düşüb.

Ən maraqlısı isə budur ki, bu hadisənin arxasında əsərləri ilə diqqətə layiq olan, lakin adı həmişə Mikelancelonun kölgəsində qalan böyük bir sənətkarın taleyi dayanır.

Mikelancelo 1475-ci il martın 6-da Aretsso yaxınlığındakı Kapreze şəhərində anadan olub. Atası Lodoviko Buonarroti yerli podesta, yəni inzibati rəhbər vəzifəsini tuturdu. Ailə qədim Florensiya nəslinə mənsub olsa da, vaxtilə malik olduğu maddi rifahdan o qədər də əsər-əlamət qalmamışdı.

Atası oğlunun gələcəkdə nüfuzlu dövlət məmuru olmasını arzulayır, onun rəssamlığa marağını isə heç də ürəkdən dəstəkləmirdi. Buna baxmayaraq, 1488-ci ildə, Mikelancelonun 13 yaşı tamam olanda, onu məşhur rəssam Domeniko Ghirlandayonun emalatxanasına şagird göndərdi.

Hətta bu şagirdliklə bağlı 1488-ci il aprelin 1-də imzalanmış müqavilə də qorunub saxlanılıb. Müqaviləyə əsasən, Mikelancelo üç il ərzində sənətin sirlərini öyrənməli, bunun müqabilində isə 24 florin almalı idi. Məbləğ ilk il üçün 6, ikinci il üçün 8, üçüncü il üçün isə 10 florin nəzərdə tutulmaqla bölüşdürülmüşdü. Bu, o qədər də böyük pul deyildi. Ancaq şagirdin təhsil almaq üçün pul ödəmək əvəzinə, özünün əməkhaqqı alması onun istedadının artıq o vaxtdan qiymətləndirildiyini göstərirdi.

Lakin rəssamlıq qısa müddətdə gənc Buonarroti üçün marağını itirdi. Onu daha çox heykəltəraşlıq cəlb edirdi. Beləliklə, Mikelancelo Florensiyanın nüfuzlu Mediçi ailəsinin himayəsində olan sənətkarlar çevrəsinə daxil oldu. O, San-Marko bağlarında Bertoldo di Covanninin rəhbərliyi altında antik heykəltəraşlıq nümunələrini öyrənməyə başladı.

Həmin dövrdə burada Pietro Torridjano da təhsil alırdı. O, Mikelancelodan təxminən üç yaş böyük idi. Florensiyalı ipək tacirinin oğlu olan Torridjano yaraşıqlı, fiziki cəhətdən güclü, özünəinamlı və istedadlı gənc idi. Artıq o vaxtlar bacarıqlı heykəltəraş kimi tanınırdı. Xüsusilə gil üzərində işləməyi sevirdi. Həcm duyumu güclü idi, insan sifətinin xarakterik cizgilərini böyük ustalıqla canlandırırdı.

Lakin onun bir ciddi qüsuru vardı: rəqabətə dözə bilmirdi.

Mikelancelo da təvazökarlığı ilə seçilmirdi. O, öz istedadını çox erkən dərk etmiş, bununla yanaşı, başqalarının əsərlərini sərt şəkildə tənqid etmək hüququna malik olduğuna inanmışdı. Üstəlik, bunu heç bir güzəştə getmədən edirdi.

Hər ikisi özünü digərlərindən üstün hesab edən bu iki gəncin arasında gərginliyin yaranması qaçılmaz idi. Nəhayət, bir gün onların mübahisəsi sənət müstəvisindən çıxaraq fiziki qarşıdurmaya çevrildi.

Bir yumruqla dəyişən tale

İtaliya İntibahı tarixinin ən məşhur hadisələrindən biri, ehtimal ki, 1490–1492-ci illərdə baş verib.

Mikelancelo ilə Torridjano Florensiyadakı Santa-Mariya-del-Karmine kilsəsinin Brankaççi kapellasında Mazaççonun freskalarını öyrənirdilər. Həmin freskalar gənc rəssam və heykəltəraşlar üçün əsl sənət məktəbi sayılırdı. Florensiyalı sənətkarların bir neçə nəsli məhz burada perspektivin, insan anatomiyasının və hərəkətin təsvirinin incəliklərini mənimsəmişdi.

Bir gün iki gənc arasında növbəti mübahisə baş verdi. Hadisənin təfərrüatları barədə əsas məlumatı bizə illər sonra Benvenuto Çellininin qeydləri çatdırır. Çellini bu əhvalatı ona şəxsən danışan Torridjanonun sözlərini qələmə almışdı.

Onun sözlərinə görə, Mikelancelo digər şagirdləri ələ salmağı xoşlayırdı. Bir dəfə isə Torridjanonu xüsusilə qəzəbləndirmişdi. Səbrini itirən heykəltəraş rəqibinin üzünə möhkəm yumruq vurmuşdu.

Zərbə o qədər güclü olmuşdu ki, Mikelancelonun burnunun sümüyü və qığırdağı sınmışdı. Dahi sənətkarın burnu ömrünün sonuna qədər deformasiyalı qaldı.

Əgər Çellininin qeydlərinə inansaq, Torridjano onilliklər sonra belə bu hadisəni qürurla xatırlayır, rəqibinin üzündə ölümünə qədər öz izini saxladığı ilə öyünürdü.

Çellininin reaksiyası isə tamamilə fərqli olmuşdu. Mikelancelonun istedadına böyük hörmət bəsləyən sənətkar bu əhvalatı eşidəndən sonra Torridjanonun yanında olmağa belə dözə bilmədiyini etiraf etmişdi.

Maraqlıdır ki, Mikelancelonun bioqrafı Corco Vazari hadisəni başqa cür izah edirdi. Onun fikrincə, Torridjanonu bu addımı atmağa sövq edən əsas səbəb paxıllıq idi. O, gənc Buonarrotinin istedadını qəbul edə bilmir, onun üstünlüyü ilə barışmaq istəmirdi.

Florensiyadan İngiltərə sarayına uzanan yol

Bu hadisə Pietro Torridjanonun həyatında dönüş nöqtəsinə çevrildi. O, doğma Florensiyaya qayıtmaq imkanını itirdi. Hər iki gəncin himayədarı olan Mediçi ailəsinin nümayəndələri, xüsusilə Lorenso Mediçi, Mikelancelonun kilsənin divarları arasında belə ağır zərbə almasına qəzəblənmişdi.

Torridjano isə mümkün cəzadan yayınmaq üçün şəhəri tələsik tərk etdi.

Mikelancelodan fərqli olaraq, ömrünün böyük hissəsini İtaliyada keçirən və mərmərlə işləməyə sadiq qalan Torridjano daim ölkədən-ölkəyə köçməli oldu. Bir müddət Çezare Borcianın papalıq ordusunda muzdlu əsgər kimi xidmət etdi. Daha sonra Romada və Niderlandda çalışdı.

Lakin onun ən böyük uğuru İtaliyadan uzaqda – İngiltərədə qazandığı şöhrət oldu.

Təxminən 1509–1511-ci illərdə Torridjano gənc kral VIII Henrixin sarayına dəvət edildi. Həmin dövrdə İngiltərədə hələ də orta əsrlərin qotik sənət ənənələri üstünlük təşkil edirdi. Florensiyadan gələn heykəltəraş isə ingilislər üçün tamamilə yeni sənət dünyasının qapılarını açdı. Əslində, İtaliya İntibahının heykəltəraşlıq ənənələrinin İngiltərəyə gətirilməsində onun müstəsna rolu oldu.

Torridjanonun ən məşhur əsəri Vestminster abbatlığında qorunub saxlanılan Kral VII Henrixin və həyat yoldaşı Elizabet Yorkskayanın məqbərəsidir.

Qızıl suyuna çəkilmiş tuncdan və qara mərmərdən hazırlanan bu möhtəşəm əsər sənətkarın ustalığının parlaq nümunəsidir. Hökmdarların heykəlləri o qədər dəqiq və incə işlənib ki, onların üz cizgilərində həm fərdi portret xüsusiyyətlərini, həm də sakit bir əzəməti görmək mümkündür.

Torridjanonun insan anatomiyasını, üz ifadələrini və xarakteri daşda və metaldakı təsvir etmək bacarığı onun böyük sənətkar olduğunu sübut edir. Bir çox sənətşünasın fikrincə, bu əsərlər onun Mikelancelodan heç də geri qalmayan istedadını nümayiş etdirir.

Qürurunun qurbanı olan sənətkar

Londonda Torridjano var-dövlət, hörmət və kralın rəğbətini qazanmışdı. Ancaq onun çılğın xasiyyəti yenidən özünü göstərdi.

1520-ci illərin əvvəllərində İspaniyaya, Sevilya şəhərinə köçdü. Burada rənglənmiş terrakotadan Müqəddəs İyeronimin son dərəcə ifadəli heykəlini yaratdı. Əsər o qədər təsirli idi ki, əsrlər sonra məşhur rəssam Fransisko Qoyanın da heyranlığına səbəb oldu. Bu gün həmin heykəl Sevilya muzeyində nümayiş etdirilir.

Torridjanonun başqa bir Məryəm ana və körpə İsa heykəlini görən ispan zadəganlarından biri – Arkos hersoqu sənətkara müraciət edərək həmin əsərin yeni variantını sifariş etdi. O, bunun müqabilində səxavətli qonorar vəd etmişdi.

Heykəl hazır olduqdan sonra sifarişçi ödənişi göndərdi. Lakin bu, Torridjanonun gözlədiyi məbləğ deyildi. Ona xırda mis pullarla doldurulmuş iki kisə göndərilmişdi. Təklif olunan məbləğ sənətkarın zəhmətini və əsərin dəyərini heçə endirəcək qədər cüzi idi.

Torridjano otuz il əvvəl Florensiyada olduğu kimi, bu dəfə də qəzəbinə hakim ola bilmədi. Heç nə demədən çəkici əlinə aldı və hersoqun göndərdiyi nümayəndələrin gözü qarşısında öz əsərini parça-parça etdi.

Bu, onun üçün sadəcə uğursuz bir sifarişin rədd edilməsi deyildi. Sənətkar öz əməyinə və istedadına hörmətsizlik kimi qəbul etdiyi münasibətə dözə bilməmişdi.

Lakin bu dəfə qarşısındakı şəxs adi bir rəqib deyildi. Təhqir olunduğunu düşünən hersoq intiqam almaq qərarına gəldi. O, Torridjanonu inkvizisiyaya şikayət edərək onu bidətçilikdə və müqəddəs təsviri məhv etməkdə ittiham etdi.

1528-ci ildə Pietro Torridjano Sevilya inkvizisiyasının həbsxanasına salındı. Qürurlu florensiyalı sənətkar həbsin və alçaldılmanın ağırlığına dözə bilmədi. Etiraz əlaməti olaraq aclıq elan etdi və qısa müddət sonra kamerada vəfat etdi.

Beləliklə, bir vaxtlar Avropanın ən nüfuzlu saraylarında çalışan, İngiltərəyə İntibah heykəltəraşlığını gətirən və möhtəşəm sənət əsərləri yaradan bir insanın həyatı faciə ilə başa çatdı.

Pietro Torridjano istedadı ilə tarixdə qalmağa layiq idi. Ancaq onun adı əsrlər boyu daha çox Mikelancelonun burnunu sındıran adam kimi xatırlandı.

Bəlkə də bu hekayənin ən böyük paradoksu elə bundadır: bir insanın taleyini dəyişən zərbə yalnız rəqibinin üzündə deyil, özünün gələcək şöhrətində də silinməz iz buraxdı. Torridjano böyük sənətkar idi, lakin tarix onu yaratdığı şah əsərlərdən çox, bir anlıq qəzəbi ilə yadda saxladı.

Rəsmiyyə Şərifova,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*