2006-cı ilin yazında ABŞ-ın Duke Universitetinin lakros komandasının üç oyunçusu komandanın təşkil etdiyi əyləncə gecəsində Kristal Mangumu zorlamada ittiham olundu.
Mangum Duke Universitetinin tələbəsi deyildi. Onu həmin məclisə striptiz şousu göstərmək üçün dəvət etmişdilər. O, afroamerikalı, ittiham olunan üç idmançı isə ağdərili idi. Hadisə qısa müddətdə ABŞ miqyasında irqçilik, sosial bərabərsizlik, pul və imtiyazlar ətrafında geniş müzakirələrə səbəb oldu.
İttiham olunan tələbələrin fotoları bütün telekanallarda yayımlanırdı. Onlardan ikisi dərslərdən uzaqlaşdırıldı, komandanın yarışları ləğv edildi, məşqçi istefa verməyə məcbur oldu. Universitetin 80-dən çox müəllimi isə açıq bəyanat imzaladı. Onlar bildirirdilər ki, ittihamların nəticəsindən asılı olmayaraq, baş verənlər tələbələrin üzləşdiyi irqçilik və seksizm problemini üzə çıxarıb.
Bütün bunlar hələ məhkəmə başlamazdan əvvəl baş verirdi.
Qarşıdan ilkin seçkilər gəlirdi və yenidən seçilmək uğrunda mübarizə aparan dairə prokuroru Mayk Nayfonq ictimaiyyətə zorlamada ittiham olunan şəxslərin cəzalandırılacağına söz verirdi.
Həmin vaxt Duke Universitetinin cəmi 20 yaşlı üçüncü kurs tələbələrindən biri baş verənlərə etiraz etmək cəsarəti göstərdi. O, tələbə qəzetində ABŞ hüquq sisteminin əsas prinsiplərindən birini xatırlatdı: təqsiri sübuta yetirilməyənədək hər kəs günahsız sayılır.
Gənc tələbə televiziyaya da çıxaraq universitet rəhbərliyinin hadisə ilə bağlı tələsik nəticələrə gəldiyini bildirdi.
Sonradan isə bütün ittiham işi darmadağın oldu.
Kristal Mangum dəfələrlə ifadəsini dəyişdi. Şübhəliləri tanımaq üçün ona yalnız lakros komandasının oyunçularının fotoşəkilləri göstərilmişdi. DNT analizləri isə onun iddialarını təsdiqləmədi. Daha sonra məlum oldu ki, laboratoriyanın rəhbəri təqsirləndirilənlərin günahsızlığını sübut edə biləcək nəticələri gizlətmək məsələsində prokuror Nayfonqla əlbir olub.
Bir il sonra Şimali Karolina ştatının baş prokuroru bütün ittihamları ləğv etdi və baş verənləri “ittiham irəli sürülməsində faciəvi tələskənliyin” nəticəsi adlandırdı. Mayk Nayfonq istefa verməli oldu, daha sonra isə vəkillik fəaliyyəti ilə məşğul olmaq üçün lisenziyasından məhrum edildi.
2024-cü ilin dekabrında Kristal Mangum da verdiyi ifadələrin yalan olduğunu və hadisəni uydurduğunu etiraf etdi.
Universitetə və nüfuzlu hüquqşünaslara qarşı çıxmaqdan çəkinməyən həmin gəncin adı Stiven Miller idi.
Bu gün o, Ağ Evin aparat rəhbərinin müavini və Tramp administrasiyasının ən nüfuzlu siyasi fiqurlarından biridir. Noyabrın 20-də Ağ Evdə keçirilən mətbuat konfransında Donald Tramp Milleri «dünyanın ən qüdrətli adamı» adlandırdı. Hətta zarafatla ona belə bir sual verdi: «Prezidentliyə namizəd olmaq istəyirsən?»
Millerin mühafizəkar baxışları hələ məktəb illərindən formalaşmışdı
Stiven Miller öz siyasi mövqeyini hələ məktəb illərində açıq şəkildə ifadə etməkdən çəkinmirdi.
16 yaşında mühafizəkar radio aparıcısı Larri Elderin verilişində çıxış etmişdi. Onu Kaliforniyanın Santa-Monika şəhərində oxuduğu məktəbdə hər gün Amerika bayrağına and içilməsi ənənəsinin olmaması qəzəbləndirirdi. Maraqlıdır ki, həmin il məktəbdə bu ənənə yenidən bərpa edildi.
Miller yerli qəzetlərdən birində dərc olunan yazısında siyasi korrektlik siyasətinin immiqrant ailələrindən olan uşaqlara ingilis dilinin öyrədilməsinə mane olduğunu iddia edirdi.
Məktəb şurasına seçkilər zamanı isə səhnəyə çıxaraq başqa bir məsələni gündəmə gətirmişdi. Onun fikrincə, məktəbdə təmizlikçilərə maaş ödənildiyi halda, şagirdlərin özlərindən sonra sinif otaqlarını təmizləmələri tələb olunmamalı idi. Lakin bu fikir auditoriyada dəstək qazanmadı, əksinə, Miller fitə basıldı.
İmmiqrasiya siyasətində sərt xətt və Marko Rubiaya qarşı mübarizə
2013-cü ildə Stiven Miller senator Cef Sessionsun komandasında işləyirdi. Həmin dövrdə o, ABŞ-da iki partiyanın dəstəklədiyi immiqrasiya islahatına qarşı mübarizə aparırdı.
Təklif olunan qanun layihəsi ABŞ-Meksika sərhədində təhlükəsizliyin gücləndirilməsini nəzərdə tuturdu. Bununla yanaşı, ölkədə qeyri-qanuni yaşayan miqrantlara müəyyən şərtlər daxilində hüquqi status, gələcəkdə isə vətəndaşlıq almaq imkanı yaradılması təklif edilirdi.
Layihəni hazırlayan səkkiz senator arasında respublikaçı Marko Rubio da vardı.
İki il sonra Rubio prezidentliyə namizədliyini irəli sürəndə Miller artıq onun siyasi mövqeyinə qarşı kampaniyada iştirak edirdi. O, Breitbart nəşrinin redaktoruna Rubionun immiqrasiya siyasətini necə tənqid etməyi, bu mövzuda hazırlanan materialları saytın əsas səhifəsində hansı mövqedə yerləşdirməyi məsləhət görürdü.
Ağ Evdə immiqrasiya siyasətinin memarı
2017-ci ilin avqustunda Stiven Miller artıq Donald Trampın siyasət məsələləri üzrə baş müşaviri vəzifəsini tuturdu. Həmin vaxt o, Ağ Evdə ABŞ-ın immiqrasiya sistemində ciddi dəyişikliklər nəzərdə tutan qanun layihəsini təqdim etdi.
Təklifə əsasən, ingilis dilini bilmək yaşıl kart (Green Card) almaq istəyənlər üçün üstünlük təşkil etməli, ailə birləşməsi əsasında immiqrasiya imkanları isə məhdudlaşdırılmalı idi.
Millerin bu mövqeyi təkcə siyasi rəqiblərinin deyil, öz ailə üzvlərinin də etirazına səbəb oldu.
Onun əmisi Politico nəşrinə müsahibəsində ailənin tarixçəsini açıqladı. Məlum oldu ki, Stiven Millerin ulu babası Volf-Leyb Qlosser 1903-cü ildə indiki Belarus ərazisində yerləşən, yəhudilərin yaşadığı Antopol qəsəbəsindən ABŞ-yə mühacirət edib. Daha sonra ailənin digər üzvləri də onun ardınca Amerikaya köçüblər.
Millerin əmisi hesab edirdi ki, əgər yüz il əvvəl ABŞ indiki Stiven Millerin müdafiə etdiyi immiqrasiya qaydalarını tətbiq etsəydi, onların əcdadlarının Amerikaya köçməsi çətin, hətta mümkünsüz olardı.
Əlbəttə, burada bir məqamı da nəzərə almaq lazımdır: XX əsrin əvvəllərində ABŞ-nin immiqrasiya siyasəti də heç də hamı üçün açıq qapı prinsipi üzərində qurulmamışdı. Ölkəyə gələnlər tibbi müayinədən keçirilir, xüsusi müfəttişlər onların savadını, maddi vəziyyətini, dolanışıq imkanlarını və özləri ilə gətirdikləri pulun miqdarını yoxlayırdılar.
Beləliklə, bir əsrdən artıq əvvəl Şərqi Avropadan Amerikaya köçmüş yəhudi ailəsinin nümayəndəsi bu gün ABŞ-də immiqrasiya siyasətinin ən sərt tərəfdarlarından birinə çevrilib.
Görünür, Belarusdan Amerikaya köçmüş həmin ailənin nəslindən olan Stiven Miller indi MAGA hərəkatının mühafizəkar qanadı üçün yeni qəhrəmana çevrilmək şansına malikdir.
Bu hekayənin əsas paradoksu isə dəyişməz qalır: vaxtilə özü haqqında irəli sürülən ittihamlara qarşı günahsızlıq prezumpsiyasını müdafiə edən gənc bu gün ABŞ-nin ən sərt siyasi və ideoloji kursunun formalaşmasında mühüm rol oynayır.
Natiq Səlim,
KONKRET.az
