Milyarder Rotşildə verilən sədəqə necə 10 min franka çevrildi?backend

Milyarder Rotşildə verilən sədəqə necə 10 min franka çevrildi?

XIX əsrdə fransalı bankir Ceyms Rotşild ölkənin ikinci ən varlı adamı hesab olunurdu. Onun sərvəti yalnız kralın var-dövlətindən geri qalırdı. Rotşild Fransada dəmir yollarının tikintisi kimi iri layihələri maliyyələşdirir, Avropa monarxları və Fransa Milli Bankı tez-tez onun maliyyə xidmətlərindən yararlanırdı.

O, Fransanın nüfuzlu məmurları ilə şəxsi əlaqələrə malik idi və mühüm maliyyə layihələrində iştirak etmək imkanı qazanmaq üçün rüşvət verməkdən də çəkinmirdi.

Lakin Ceyms Rotşildin başqa bir böyük həvəsi də vardı: o, rəsm əsərləri və digər incəsənət nümunələrini kolleksiya etməyi çox sevirdi.

Rotşild fransız rəssamı Ari Şefferlə yaxın dost idi. O, rəssamdan yalnız əsərlər almaqla kifayətlənmir, bəzən onun rəsmləri üçün model kimi də poza verirdi. Belə seansların birində maraqlı hadisə baş vermişdi.

Bu əhvalatı 1870-ci ildə “Fiqaro” qəzetinin oxucularından biri redaksiyaya göndərdiyi məktubda danışmışdı. Məktub müəllifinin sözlərinə görə, hadisədən illər əvvəl o, Şefferin emalatxanasına baş çəkmişdi. Rəssam həmin vaxt növbəti əsəri üzərində işləyirdi. Emalatxanada bir dilənçi də vardı. Şeffer əsərindəki obrazlardan birini məhz onun simasında canlandırırdı.

Yoxsulun görkəmi o qədər acınacaqlı idi ki, mərhəmətli qonaq özünü saxlaya bilməmiş və ona bir luidor vermişdi.

On il keçdi.

Parisli həmin əhvalatı, yəqin ki, çoxdan unutmuşdu. Ancaq bir gün ünvanına qəribə bir məktub gəldi. Məktubun içində Fransa banklarından birindən 10 min frank almaq üçün çek vardı. Çekə isə bu sözlər əlavə edilmişdi:

“Möhtərəm cənab! Siz bir vaxtlar Ari Şefferin emalatxanasında baron Rotşildə bir luidor vermişdiniz. O, həmin pulu dövriyyəyə buraxdı və Sizin ona etibar etdiyiniz kiçik kapitalı faizləri ilə birlikdə geri qaytarır. Yaxşı əməl həmişə xoşbəxtlik gətirir.

Baron Ceyms Rotşild”.

Gözlənilmədən böyük məbləğdə pulun sahibi olan parisli əvvəlcə bunun zarafat olduğunu düşündü. Çekin həqiqiliyinə əmin olmaq üçün şəxsən Rotşildin yanına yollandı. Həmin vaxt milyarderin sərvəti iki milyard franka yaxınlaşırdı.

Rotşild çeki təsdiqləməklə kifayətlənmədi. O, qeydlərinə əsaslanaraq Şefferin emalatxanasında aldığı sədəqəni hara yatırdığını göstərdi və bir luidorun on il ərzində necə 10 min franka çevrildiyini izah etdi.

Beləcə, bir vaxtlar dilənçiyə verilən kiçik sədəqə illər sonra sahibinə gözlənilməz bir sərvət qazandırdı.

Ağagül Mürsəlov,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*