Rusiyanın hərbi texnika daşıyan və Hərbi Dəniz Qüvvələrinin “Admiral Qolovko” freqatının müşayiət etdiyi gəmi karvanı Aralıq dənizində, Siciliya boğazı yaxınlığında istiqamətini dəyişərək geri dönüb və radarlardan itib.
KONKRET.az xəbər verir ki, bu barədə noyabrın 27-də “Reuters” agentliyi hərbi və təhlükəsizlik strukturlarından olan üç mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, konvoyun marşrutunu dəyişməsi noyabrın 22-də, Rusiyanın “Merkuri” korvetinin Benqazi limanında partladılmasından sonra baş verib. Peyk görüntülərində sonradan gəminin batdığı təsdiqlənib. Ukrayna tərəfi hücuma görə məsuliyyəti öz üzərinə götürüb.
“Reuters” qeyd edir ki, “Admiral Qolovko” freqatını müşayiət edən gəmilərin geri dönməsi Rusiyanın hərbi donanması ilə bağlı yeganə belə hal deyil.
Agentliyin məlumatına əsasən, hərbi texnika daşıyan daha bir Rusiya konvoyu – “Maia 1”, “Lady R” və “Lady D” gəmiləri də Aralıq dənizindən keçidi dayandırıb.
Adı açıqlanmayan avropalı hərbi rəsminin sözlərinə görə, sonuncu dəfə noyabrın 25-də Əlcəzair sahillərində qeydə alınan konvoy bundan əvvəl Cəbəllütariq boğazından keçərək Aralıq dənizinə daxil olub. Gəmilərin sonrakı istiqaməti isə məlum deyil.
Ukrayna hərbi kəşfiyyatının əməkdaşı və Yaxın Şərqdəki təhlükəsizlik xidmətlərinin nümayəndəsi də Rusiya gəmilərinin marşrutunu dəyişdiyini və Liviyaya doğru hərəkəti davam etdirmədiyini təsdiqləyib.
Günay Əli
KONKRET.az
