Onu bəstəkar Rixard Ştraus və şair Pol Elüar ilahiləşdirirdi. Ernest Heminquey və Jan Qaben də onun gözəlliyinə heyran qalmışdı. Lakin həyatının ən böyük sevgisi və eyni zamanda ən ağır lənəti nasist Almaniyasının təbliğat naziri Yozef Gebbels oldu. Söhbət XX əsrin məşhur çex aktrisası, müharibədən əvvəlki alman kinosunun ulduzu Lida Baarovadan (7 sentyabr 1914 – 27 oktyabr 2000) gedir.
O, yalnız gözəlliyi ilə deyil, həm də böyük səhnə və kino istedadı ilə seçilirdi. Praqada doğulan, dünya tarixinin tanınmış çex simalarından birinə çevrilən Baarova XX əsrin ən gözəl qadınlarından hesab olunurdu. Lakin taleyin qəribə oyunları nəticəsində o, böyük siyasi fırtınanın girovuna çevrildi. Halbuki həyatının başqa cür davam etməsi üçün kifayət qədər imkanı vardı. Çünki Lida Baarova, hər şeydən əvvəl, istedadlı teatr aktrisası idi.
Səhnədən böyük kinoya gedən yol
Onun səhnə karyerası Praqa Milli Teatrında başladı. Əsl adı Lüdmila Babkova olan gənc və təcrübəsiz aktrisanı məşhur çex teatr sənətçisi Leopolda Dostalova himayəsinə götürdü. Gələcəkdə Avropa kinosunun ulduzuna çevriləcək gənc qadının istedadını ilk görənlərdən biri məhz o idi.
Lakin bəzən insanın taleyini istedadından daha çox təsadüflər müəyyənləşdirir.
Baarovanın baş rolda çıxış etdiyi “Salome” tamaşasının premyerasına Almaniyanın məşhur UFA kinostudiyasından bir prodüser gəlmişdi. Çex aktrisasının qeyri-adi gözəlliyi onu dərhal heyran etdi. Tamaşadan sonra Lidaya Berlində, UFA studiyasında işləməyi təklif etdi. Aktrisa razılaşdı. O zaman bu qərarın həyatını necə dəyişəcəyini, hansı faciələrə yol açacağını, yəqin ki, heç təsəvvür etmirdi.
1934-cü ildə ekranlara çıxan ilk filmi “Barcarole” ona böyük uğur gətirdi. Tamaşaçılar onun ifasında sirli, cazibədar və taleyüklü qadın obrazlarını sevirdilər. Baarovanın gözəlliyi həmin dövr üçün qeyri-adi idi. O, ekranlara xüsusi bir cazibə, sirr və sehr gətirirdi.

Hollivud da gənc aktrisaya maraq göstərdi. Ona yeddiillik müqavilə təklif olundu. Yaxın rəfiqəsi, məşhur rejissor Leni Rifenştal bu fürsətdən istifadə etməyi məsləhət gördü. Axı itirəcəyi heç nə yox idi. Lakin ingilis dilini bilməyən Baarova təklifdən imtina etdi. Sonralar bu qərarına görə çox təəssüflənəcəkdi.
Amma 1930-cu illərin ortalarında onun şöhrəti sürətlə artırdı. Filmləri bir-birinin ardınca ekranlara çıxır, tamaşaçıların rəğbətini qazanırdı.
Baarova əsasən müsbət qəhrəmanları canlandırır, çox vaxt ağır taleli qadınların obrazını yaradırdı. Yəqin ki, həmin vaxt ekran qəhrəmanlarının faciəli taleyinin bir gün onun öz həyatında da təkrarlanacağını ağlına gətirmirdi.
Hitlerdən qorxan gözəl qadın və Gebbelsin təhlükəli sevgisi
Nasist Almaniyasının lideri Adolf Hitler də aktrisaya xüsusi rəğbət bəsləyirdi. Lakin Lida onunla yaxınlıqdan çəkinirdi. Hitler onda qorxu yaradırdı. Aktrisa sonralar öz xatirələrində bu münasibətdən bəhs edəcəkdi.
Lidanın Berlin ətrafındakı qonşuları Yozef və Maqda Gebbels cütlüyü idi. Nasist Almaniyasının təbliğat naziri Yozef Gebbels çex aktrisasına vurulmuşdu. O, Lidaya gül dəstələri göndərir, bahalı hədiyyələr bağışlayır, onu müxtəlif ziyafət və rəsmi qəbullara dəvət edirdi. Bu vaxt həyat yoldaşı Maqda beş uşağı ilə evdə qalırdı.
Gebbels Baarovanın heç bir film premyerasını buraxmırdı. Onların münasibəti getdikcə daha çox diqqət çəkməyə başladı. Cütlüyü “Gözəl və Div” adlandırırdılar. Xarici görünüşünə görə heç də yaraşıqlı sayılmayan Gebbels qadınlara diqqət göstərməyi, onları özünə bağlamağı yaxşı bacarırdı. Lida isə ona aşiq olmuşdu.
Münasibət o həddə çatdı ki, Höbbels Lida ilə evlənmək üçün həyat yoldaşından boşanmağa hazır olduğunu bildirdi. Maqda Gebbels isə ailəsini qorumaq üçün əlindən gələni edirdi.

Nəhayət, bu mürəkkəb sevgi üçbucağına Adolf Hitler müdaxilə etdi. Gebbelsin uşaqlarının xaç atası olan fürer Maqdanın tərəfini tuturdu. Onun fikrincə, Gebbels ailəsi alman xalqı üçün nümunəvi ari ailəsi obrazını təcəssüm etdirməli idi. Halbuki nazirin məşhur aktrisa ilə münasibətindən çoxları xəbərdar idi.
Gebbels Hitlerdən istefa verməsinə icazə istəyərək Maqdadan boşanmaq və sevdiyi qadınla xaricə getmək niyyətində olduğunu bildirdi. Lakin Hitler istefanı qəbul etmədi və ona Lida Baarova ilə görüşməyi qadağan etdi.
1938-ci il oktyabrın 15-də Gebbels intihara cəhd etdi. O, damarlarını kəsməyə çalışsa da, böyük oğlunun vaxtından əvvəl evə qayıtması nəticəsində xilas edildi.
Bir sevginin məhv etdiyi karyera və ailə
Gebbels qalmaqalından sonra Lida Baarovanın həyatı sürətlə dəyişdi. Ona filmlərdə çəkilmək qadağan edildi, aktrisa təqiblərə məruz qaldı. 1938-ci ildə çəkildiyi “Prussiya sevgi hekayəsi” filminin nümayişinə icazə verilmədi. Film yalnız 1950-ci ildə Qərbi Almaniya ekranlarına “Sevgi əfsanəsi” adı ilə çıxa bildi.
1941-ci ildə Lida məşhur italyan rejissoru Mikelancelo Antonioninin dəvəti ilə “Gözəl Lüçiya” filminə çəkilmək üçün İtaliyaya getdi. Lakin layihə reallaşmadı və film heç vaxt ekran üzü görmədi.
1945-ci ilin aprelində Almaniyadan gedərkən amerikalılar tərəfindən saxlanılan Baarova həbs edildi. Daha sonra Çexoslovakiyaya təhvil verildi. Vətənində onu ağır ittihamlar, hətta Almaniyada fəaliyyəti ilə əlaqədar ölüm cəzası təhlükəsi gözləyirdi.
Həbsdə olduğu müddətdə ailəsi dəhşətli faciələrlə üzləşdi. İstintaq zamanı anası vəfat etdi. Bacısı Zorka Yanu – gələcəyin tanınmış çex kino aktrisası – ailənin düşdüyü vəziyyətə və yaşadığı rüsvayçılığa dözməyərək intihar etdi. Onun cəmi 25 yaşı vardı. Atası isə keçirdiyi ağır əsəb sarsıntısı nəticəsində kor oldu.
Həbsxanada Lida rəfiqəsindən daha bir dəhşətli xəbər aldı: Yozef Gebbels və həyat yoldaşı Maqda beş uşağını kalium-sianidlə zəhərləyərək öldürmüş, daha sonra özləri də intihar etmişdilər.

Məhkəmədə Baarova Almaniyada müharibə başlayana qədər çalışdığını sübut edə bildi. Nəticədə ölüm cəzasından xilas oldu və həbs cəzasına məhkum edildi. Lakin iki ildən artıq davam edən həbs həyatı boyunca itirdiklərini geri qaytarmaq mümkün deyildi. Anası və bacısı artıq həyatda yox idi.
Onu həbsxanada uşaqlıq dostu Yan Kopetski ziyarət edirdi. Kopetskinin yeni Çexoslovakiya hakimiyyətindəki əlaqələrinin də köməyi ilə Baarova azadlığa çıxdı.
İkinci həyat, yarımçıq qalan şöhrət
Lida və Yan evləndilər, lakin sonradan Avstriyaya qaçmağa məcbur oldular. 1950-ci illərin ortalarında məşhur italyan rejissoru Federiko Fellini Baarovanı “Vitelloni” filmində rol almağa dəvət etdi.
Bu film bir daha göstərdi ki, illər, siyasi qalmaqallar və şəxsi faciələr aktrisanın istedadını, eləcə də gözəlliyini məhv edə bilməmişdi. O, hələ də böyük sənətkar idi.
Bir müddət sonra Yan Kopetski Argentinaya mühacirət etdi. Lida isə Avropanı tərk etmək istəmədi və Zalsburqda yaşamağa qərar verdi. Kino karyerası artıq əvvəlki kimi davam etmirdi. Bununla belə, o, həyatının ən ağır və ziddiyyətli məqamlarını qələmə aldı. “Qaçış” və “Həyatımın şirin acılığı” adlı iki xatirə kitabı yazdı. Hər iki əsər bestsellerə çevrildi.
Lida Baarova son dərəcə mürəkkəb, faciələrlə dolu, eyni zamanda parlaq həyat yaşadı.
1990-cı illərin əvvəllərində, təxminən yarım əsrlik fasilədən sonra doğma Praqaya qayıtdı. Çexiya cəmiyyəti onu yenidən xatırlamağa başladı. Aktrisa 2000-ci il oktyabrın 27-də, 86 yaşında Zalsburqda vəfat etdi. Ömrünün son illərini tənhalıq içində keçirmişdi.
Onun sənət irsində 38 film qaldı. Vəfatından təxminən on il əvvəl məşhur Praqa “Barrandov” kinostudiyasında onun həyatına həsr olunmuş bədii film də çəkilmişdi. Lida Baarovanın ziddiyyətli şəxsiyyətinə maraq bu gün də səngimir.
Gözəllik, şöhrət və faciə arasında
Zaman bəzən insanın taleyini necə də qəribə şəkildə dəyişir. Otuz-qırx il ərzində dünənin şöhrəti unudula, qalmaqalların üstündən keçilə, hətta bir vaxtlar qınanan insan yenidən xatırlana bilər.
Bu gün Lida Baarovanın adı Çexiyada yenidən tez-tez çəkilir. Həmyerlilərinin bir qismi onun sənət istedadı və beynəlxalq şöhrəti ilə fəxr edir. Digərləri isə nasist Almaniyası ilə bağlı keçmişini, Höbbelslə münasibətini unutmur.
Onun taleyinə İkinci Dünya müharibəsinin amansızlığı, yad ölkədə qazanılan şöhrət, siyasi rejimin qurbanına çevrilmək və bəlkə də heç vaxt sevməməli olduğu bir insana duyduğu məhəbbət yazılmışdı.
Xatirəniz əbədi olsun, Lida. Siz həqiqətən gözəl idiniz.
Müəllif:Edqar-Kirill Dalberq
Tərcümə etdi: Rəsmiyyə Şərifova,
KONKRET.az
