Macarıstanda meşələrdə, anbarlarda və müxtəlif tikililərdə gizlədilmiş təxminən 20 milyon dollar nağd pulun aşkarlanması keçmiş baş nazir Viktor Orbanın rəhbərlik etdiyi “Fides” partiyasını ciddi siyasi böhranla üz-üzə qoyub. Uzun illər ölkəni idarə edən partiyanın nüfuzuna ağır zərbə vuran bu hadisə Macarıstanda genişmiqyaslı korrupsiya araşdırmalarının yeni mərhələsi hesab olunur. Bloomberg yazır ki, aşkarlanan pullar vaxtilə sarsılmaz görünən siyasi qüvvənin gələcəyini sual altına ala bilər.
Maraqlıdır ki, hadisə Viktor Orbanın hökumətinin korrupsiyadan uzaq olduğunu bəyan etməsindən və keçmiş kabinet üzvlərinin fəaliyyətinə zəmanət verməsindən cəmi bir gün sonra baş verib. Orban öz nazirlərini “ləkəsiz” adlandırmışdı. Lakin hüquq-mühafizə orqanlarının apardığı araşdırmalar zamanı müxtəlif yerlərdə böyük həcmdə nağd pul ehtiyatları üzə çıxarılıb.
Macarıstanın yeni baş naziri Peter Magyar bazar ertəsi parlamentdə müxalifətə keçmiş “Fides” partiyasının deputatlarına müraciət edərkən sərt ifadələr işlədib.
“Fides” 38 il yaşadı. Hər şey bitdi. Artıq sizi xilas etmək mümkün deyil”, – deyə Magyar çıxışında bildirib. Onun bu sözləri siyasi rəqibinin gələcəyinə dair kəskin mesaj kimi qiymətləndirilib.
Siyasi şərhçi Attila Tibor Nadinin fikrincə, gizli pul ehtiyatlarının görüntüləri Orban hakimiyyətinin cəmiyyətə miras qoyduğu mənzərəni əks etdirir.
“Gizli pul anbarlarının görüntüləri Orban rejiminin irsidir. Bu, ‘Fides’ üçün sarsıdıcı zərbədir”, – deyə o, Bloomberg-ə açıqlamasında bildirib.
“Fides”in reytinqi sürətlə aşağı düşür
İctimai rəy sorğuları da partiyanın mövqelərinin zəiflədiyini göstərir. Bazar ertəsi açıqlanan 21 Kutatointezet institutunun araşdırmasına əsasən, aprelin 12-də keçirilən parlament seçkilərində 36 faiz səs toplayan “Fides”ə hazırda potensial seçicilərin cəmi 24 faizi dəstək verir.
Bunun əksinə olaraq, parlamentdə konstitusiya çoxluğu əldə edən Peter Magyarın “Tisza” partiyasının dəstəyi 56 faizdən 65 faizə yüksəlib. Bu göstəricilər ölkənin siyasi mənzərəsində ciddi dəyişikliklərin baş verdiyini nümayiş etdirir.
Macarıstanın korrupsiyaya qarşı mübarizə qurumunun cümə günü yaydığı məlumata görə, pullar Budapeştdə, eləcə də Peşt, Bekeş və Noqrad bölgələrində müxtəlif ünvanlarda aşkarlanıb. Əməliyyat zamanı meşəlik ərazilərdə, yardımçı tikililərdə və anbarlarda gizlədilmiş pul bağlamaları tapılıb. Aşkarlanan vəsaitlərin görüntüləri televiziya vasitəsilə də yayımlanıb.
Maliyyə naziri Andraş Karman bildirib ki, onun rəhbərlik etdiyi qurumun 12 əməkdaşı beş pulhesablama aparatından istifadə etməklə səkkiz saat ərzində əskinasları sayıb.
Keçmiş nazirlər və yüksək vəzifəli şəxslər istintaq altındadır
Gizli pul ehtiyatları keçmiş iqtisadi inkişaf naziri Mikloş Şestağın fəaliyyəti ilə bağlı aparılan araşdırma çərçivəsində aşkarlanıb.
Macarıstanda “Təmizləyici od” adlı genişmiqyaslı antikorrupsiya əməliyyatı keçirilir. Bu kampaniya çərçivəsində bir neçə keçmiş yüksək vəzifəli şəxs saxlanılıb, həbs edilib və ya dindirilib.
Araşdırmaya cəlb olunanlar arasında Mikloş Şestaqla yanaşı, bir sıra keçmiş nazirlər, Mərkəzi Bankın sabiq rəhbəri və Orbanın ən yaxın silahdaşlarından biri hesab edilən keçmiş iqtisadiyyat naziri Dyördy Matolçi də var. Hətta keçmiş liderin qardaşı Aron da istintaqın diqqət mərkəzinə düşüb.
“Fides”in parlamentdəki fraksiya rəhbəri Tibor Navraçiş isə həbsdə olan, lakin ittihamları qəbul etməyən Şestağı deputat mandatından imtina etməyə çağırıb.
Navraçiş etiraf edib ki, partiyanın siyasi gələcəyini qoruması və cəmiyyətin etimadını yenidən qazanması üçün ciddi dəyişikliklərə ehtiyac var. Onun sözlərinə görə, “Fides” yol verdiyi səhvləri etiraf etməli, öz daxilində əsaslı təmizləmə aparmalı və fəaliyyətində köklü dəyişikliklərə getməlidir.
Parlament fraksiyasının rəhbəri gizli pul ehtiyatlarının aşkarlanmasını “son dərəcə narahatedici və utancverici vəziyyət” adlandırıb.
Sekeşfexervar şəhərinin meri, uzun illər “Fides” daxilində mülayim siyasi qanadın nümayəndəsi kimi tanınan Andraş Çer-Palkoviç də partiyanın gələcəyinin baş verənlərdən düzgün nəticə çıxarmasından asılı olduğunu bildirib.
Onun fikrincə, “Fides” əvvəlcə mövcud vəziyyətin səbəblərini dərk etməli, buraxılmış səhvləri təhlil etməli və real islahatlara başlamalıdır.
Beləliklə, vaxtilə Macarıstan siyasətində dominant mövqeyə malik olmuş “Fides” indi təkcə seçki məğlubiyyətinin deyil, həm də korrupsiya qalmaqallarının yaratdığı ciddi böhranın nəticələri ilə üzləşir. Aşkarlanan milyonlarla dolların mənşəyi və bu vəsaitlərin kimlərə məxsus olması ilə bağlı araşdırmaların nəticəsi isə partiyanın gələcək taleyinə təsir göstərə biləcək əsas amillərdən biri olacaq.
Natiq Səlim,
KONKRET.az
