Milyonların imza atdığı bir məqalə – Bu mətnin müəllifi ALİ BAŞ KOMANDANDIRbackend

Milyonların imza atdığı bir məqalə - Bu mətnin müəllifi ALİ BAŞ KOMANDANDIR

Akif ƏLİ, əməkdar jurnalist, yazıçı-publisist

…Cəbrayıl şəhəri və Cəbrayıl rayonunun doqquz kəndi işğaldan azad edildi. Bu tarixi hadisə idi… Nəhayət, uzun illərdən sonra Cəbrayıl şəhəri azad oldu. Cəbrayıl bizimdir!

İşğal olunmuş ərazilərin azad edilməsində fəal iştirak edən bütün əsgər və zabitlərimizin qəhrəmanlığı, şücaəti nəticəsində bu gün doğma torpaqlarımız özümüzə qayıdıb. Bu qanlı döyüşlərdə həlak olmuş bütün şəhidlərimizə Allahdan rəhmət, yaralı hərbçilərimizə şəfa diləyirik.

Dörd il bundan əvvəl Cəbrayılın Cocuq Mərcanlı kəndi yenidən qurulmağa başlamışdı. Uğurlu əməliyyat nəticəsində azad edilmiş yüksəkliklər imkan vermişdi ki, sakinlər Cocuq Mərcanlıya qayıtsınlar. Gözəl qəsəbə salındı. O, bizim yenilməz iradəmizin rəmzi idi. Cocuq Mərcanlı onu göstərirdi ki, heç vaxt Azərbaycan xalqı işğalla barışmayacaq və işğal edilmiş digər torpaqlara qayıdışımız məhz Cocuq Mərcanlıdan başladı.

…Bir həftədir Azərbaycan öz ərazi bütövlüyünün bərpası uğrunda mübarizə aparır. Döyüş meydanında əsgər və zabitlərimiz qəhrəmanlıq göstərir, düşmənə sarsıdıcı zərbələr endirir, düşməni yerinə oturdur, düşməni torpaqlarımızdan qovur, canı-qanı bahasına. Bu şərəfli missiya tarixdə öz xüsusi yerini tapacaqdır. Bu gün xalqımızın və dövlətimizin yeni tarixi yazılır, şanlı tarixi. Bu gün tarixi ədalət bərpa edilir. Çünki Qarabağ torpağı bizim əzəli tarixi torpağımızdır. Azərbaycan xalqı əsrlər boyu o torpaqlarda yaşayıb, yaradıb, qurub, tikib. Ancaq 30 ilə yaxındır ki, erməni cəlladları torpağımızı işğal edib, bizim bütün tarixi, dini, mədəni abidələrimizi darmadağın edib dağıdıblar.

Biz əlbəttə, bütün şəhərləri, ermənilərin dağıtdığı bütün abidələri, məscidləri bərpa edəcəyik. Bu bölgələrə həyat qayıdacaq. Ermənilər tərəfindən bizim tarixi adlarımızın  dəyişdirilib tarixin saxtalaşdırmasına, Azərbaycan xalqının tarixi-mədəni irsini silmək cəhdlərinə son qoyuldu. Biz öz torpağımızda döyüşürük, vuruşuruq. Bizim ərazi bütövlüyümüz bərpa olunmalıdır. Biz haqq yolundayıq. Azərbaycan əsgəri xilaskar əsgərdir. O, öz doğma dədə-baba torpağını işğalçılardan azad edir.

İndi əlbəttə, tək cəbrayıllılar yox, bütün Azərbaycan xalqı sevinc içindədir. Qədim yaşayış yerimiz – Suqovuşan qəsəbəmiz də işğaldan azad edilib. Bütün Azərbaycan xalqı bu tarixi hadisələri qeyd edir, bir-birini təbrik edir, göz yaşlarını saxlaya bilmir. Bu, sevinc göz yaşlarıdır. 1990-cı illərin əvvəllərində də Azərbaycan göz yaşları axıdırdı.  Ancaq o, məğlubiyyət göz yaşları idi, kədərli göz yaşları idi. Bu günsə Azərbaycan xalqı sevinc içindədir. Şanlı Azərbaycan Ordusu neçə-neçə yaşayış məntəqələrini düşməndən azad edib. O kəndlərin sakinlərinin həsrətinə son qoyuldu. Digər qaçqın və məcburi köçkün soydaşlarımız da dədə-baba torpaqlarına qayıdacaq. Güc yolu ilə olsa da!

Əlbəttə, çox istəyirdik məsələ danışıqlar yolu ilə həll olunsun, ona görə səbr göstərirdik. Danışıqlarda həmişə ədalətli mövqedə olurduq, yalnız bizə mənsub olanı istəyirdik. Başqasının torpağında heç vaxt gözümüz olmayıb. Amma bura bizimdir, xalqımızındır, millətimizindir, bizə qayıtmalıdır, danışıqlar yolu ilə qayıtmalıdır.

Təəssüf ki, bu danışıqlar faktiki olaraq münaqişənin dondurulmasına gətirib çıxartdı. Əslində elə buna da hesablanmışdı. Yoxsa otuz il də danışıqlar gedə bilərmi?! Otuz il ərzində Azərbaycan xalqını belə vəziyyətdə saxlamaq olardımı?! Otuz il ərzində hamı ümidlə yaşayırdı ki, beynəlxalq birlik bu məsələni həll edəcək. Məsələnin həlli ilə məşğul olan ölkələr, beynəlxalq təşkilatlar öz sözünü deyəcək. Dünyanın ən ali orqanı – BMT Təhlükəsizlik Şurası öz qətnamələrinin yerinə yetirilməsi üçün səy göstərəcək. Axı, bu qətnamələr 27 ildir kağız üzərindədir!

27 il biz – danışıqların bütün dövrlərində konstruktiv mövqe göstərdik, ədalətli mövqe göstərdik. Ancaq bunun müqabilində nə gördük? Gördük ki, təcavüzkar daha da azğınlaşır! Təcavüzkarın tamahı daha da böyüyür! Bizim daha çox dədə-baba torpağımıza göz dikir! İşğal edilmiş bütün torpaqları qondarma “Dağlıq Qarabağ respublikası”na aid edib, yeni xəritələr dərc edir, bu xəritələrdə işğal altındakı bütün ərazilərimiz “Dağlıq Qarabağ”  kimi təqdim edir…

Ondan sonra bəyan etdilər ki, bir qarış torpağı da Azərbaycana qaytarmayacağıq. Halbuki bu, danışıqlar predmetinə zidd olan məsələdir. Axı danışıqlarda əsas ümidverici məqam o idi ki, işğal edilmiş torpaqlar mərhələli yollarla Azərbaycana qaytarılacaq. Biz buna da razılıq verdik ki, yaxşı, mərhələli şəkildə olsun, təki sülh yolu ilə qaytarılsın. Birinci mərhələdə 5 rayon, ikinci mərhələdə 2 rayon qaytarılsın. Sonra  azərbaycanlılar Dağlıq Qarabağa qayıtsınlar, Şuşaya qayıtsınlar, Azərbaycan və erməni xalqları birlikdə yaşasınlar və s.

Ancaq nə gördük?! Gördük ki, Azərbaycan xalqının iradəsini sındırmaq istəyirlər. Gördük ki, bizə qarşı yeni müharibə açılır, bizi yeni müharibə ilə hədələyirlər. Gördük ki, iyul ayında heç bir səbəb olmadan Tovuz şəhəri və digər yaşayış məntəqələrimiz atəşə tutuldu, hərbçilərimiz həlak oldu, mülki vətəndaş həlak oldu. Gördük ki, avqust ayında diversiya qrupu göndərildi və diversiya qrupunun başçısı zərərsizləşdirilib saxlanılanda,  ifadə verib dedi onu terror aktları törətsin deyə göndəriblər… Budurmu danışıqlar prosesinə sadiqlik?!

Sonra Ermənistanın baş naziri cəfəng fikirlər ortaya atmağa başladı. O, tarixi saxtalaşdırır, beynəlxalq ictimaiyyəti aldatmağa çalışırdı. Ötən il isə o, “Qarabağ Ermənistandır və nöqtə” deməklə bütün danışıqlar prosesinə zərbə vurdu, bu danışıqları  mənasız etdi. Danışıqların formatını dəyişdirmək cəhdləri göstərdi. Dediyi “Qondarma, oyuncaq xunta rejimi ilə Azərbaycan danışıqlar aparmalıdır” – sözləri isə danışıqlar prosesinə tam  zidd idi. Ancaq yenə ona adekvat cavab verilmədi.

Minsk qrupunun həmsədr ölkələrinə, həmsədr olan səfirlərə, digər beynəlxalq təşkilatlara, Avropa İttifaqının nümayəndələrinə dəfələrlə deyildi ki, Ermənistana təsir edin, sanksiyalar tətbiq edin, təzyiq göstərin, belə olmaz! Əgər güclü təsir olmasa, Ermənistan daha da azğınlaşacaq, daha da quduracaq, yeni iddialar ortaya atacaq!  Eşitmədilər… Biz istəyirdik məsələ sülh yolu ilə həll olunsun. Eşitmədilər…

Hesab etdilər ki, Azərbaycan xalqı və Azərbaycan Prezidenti bu vəziyyətlə barışacaq! Hesab etdilər ki, müqəddəs şəhərimiz Şuşa erməni tapdağında qalacaq və biz bununla barışacağıq!

Azərbaycan xalqının tarixinə zərbə vuran erməni cəlladları ilə biz danışıqlarmı aparmalıydıq?!

Hətta Azərbaycan xalqı təhqir edildi, Şuşada qondarma rejimin başçısı özünə “Andiçmə mərasimi” keçirdi. Görək indi andiçmə mərasimi harada keçiriləcək? Bundan sonra onların orada ancaq yas mərasimi keçirilə bilər! Döyüşlər başlayandan qondarma DQR rəhbəri qaçıb siçan kimi gizlənib. Hünəri var çıxsın ortalığa!

Ermənistanın baş naziri gedib Şuşada, Cıdır düzündə yallı gedirdi və hesab edirdi ki, biz bununla barışacağıq?! Səhv edir! Heç vaxt biz bununla barışmayacağıq.

Hələ Qondarma “Dağlıq Qarabağ respublikası”nın parlamentinin Şuşaya köçürülməsi nə deməkdir?! Yenə də Azərbaycan xalqını təhqir etmək cəhdidir.

Cəbrayıla Ermənistandan yeni yolun çəkilməsi nə deməkdir?! O deməkdir ki, orada qanunsuz məskunlaşma aparılacaq… Livandan, başqa yerlərdən erməniləri yığıb  gətirirlər, köçürüb bizim qədim şəhərimiz Şuşada yerləşdirirlər, bunu televiziyada göstərirlər. Tamamilə beynəlxalq konvensiyaları pozur, Cenevrə Konvensiyasını tapdalayırlar. Amma bunlara bir söz deyən vardımı?!

Bizim bütün xarici diplomatik orqanlar BMT-də, ATƏT-də, Avropa İttifaqında, başqa təşkilatlarda məsələ qaldırır, deyirdi bu, qanunsuzdur! Qanunsuz məskunlaşma isə cinayətdir! Amma bir reaksiya oldumu?! Minsk qrupu bir açıqlama verdimi?! Vermədi! Avropa İttifaqı verdimi?! Vermədi! Avropa İttifaqı dedi bu, bizi maraqlandırmır. Maraqlandırmırsa, indi də maraqlandırmasın. Bəs nə əl-ayağa düşüblər? İndi nə hoqqalardan çıxırlar?

Azərbaycana qarşı iftiralar irəli sürülür, Avropa ölkələri, bəzi digər  ölkələr bizi ittiham edirlər. Getsinlər güzgüyə baxsınlar. Öz əməllərini yada salsınlar. Bizə dedikləri  ittihamların heç bir əsası yoxdur. Biz imkan vermərik kimsə Azərbaycanın Dağlıq Qarabağını fəth etsin. Dağlıq Qarabağ bizimdir, bizim torpağımızdır. Biz oraya  qayıtmalıyıq, qayıdırıq və qayıdacağıq!

Yaranmış gərgin vəziyyətdə əsas günahkar Ermənistan rəhbərliyidir. Eyni zamanda, bu məsələyə biganə yanaşan və daim Ermənistanın tərəfini saxlayan, bu işğalı əbədi etmək istəyən bəzi ölkələrin müəyyən dairələridir.

İndi Azərbaycan özü öz məsələsini həll edir. Azərbaycan Prezidenti 27 sentyabr hadisələrindən əvvəl Ermənistana demişdi, gəl, təkbətək vuruşaq. Baxaq kim-kimdir! İndi nə oldu?!  Paşinyan hər gün bir dünya liderinə zəng edir. Hər gün! Amma Azərbaycan Prezidenti  heç kimə, heç bir liderə zəng etmir. Təmas qurmaq üçün ancaq onlar özləri zəng edirlər… Erməni prezidenti isə daha o adam qalmayıb ki, zəng etməsin, yalvarmasın, emissar göndərməsin, ağlamasın, onların ayağına yıxılmasın. Bax budur onun sonu!

Əgər Azərbaycanla normal dildə danışsaydı, müqəddəs şəhərimiz Şuşanı  murdarlamasaydı, əlbəttə, çalışardıq məsələ danışıqlar yolu ilə həll olunsun. Amma hər addımda təxribat törət, hər addımda təhqir et… və hesab elə ki, biz bununla barışacağıq?! Qətiyyən!

İndi gördülər kim-kimdir. İti qovan kimi qovuruq onları! Azərbaycan əsgəri onları iti qovan kimi qovur! İşğal edilmiş torpaqlarda Azərbaycan bayrağı qaldırılır! Onların səngərlərində indi Azərbaycan əsgəri dayanır! Postları bizim əlimizdədir! Tanklarını biz sürürük! Onların digər silahlı texnikaları, yük maşınları bizim əlimizdədir! Biz xilaskarlıq  missiyamızı icra edirik və axıradək edəcəyik!

Ermənistan rəhbərliyi bizə yeddi şərt irəli sürmüşdü. Sən kimsən ki, bizə şərt qoyasan?! İndi baxaq görək nə şərt qoyursan bizə! Yıxılıb diz çöküb yalvarırsan ki, atəşkəs bərpa olunsun. Atəşkəs Ermənistanın baş nazirinin xahişi ilə 2 il ərzində bərpa olunmuşdu. Xahiş etmişdi ki, daxildə vəziyyət ağırdır, ordan-burdan məni sıxırlar, mənə vaxt verin, mən bu məsələni həll edəcəyəm, mən yeni fikirlərlə gəlmişəm. Keçmişdə nə olub-olub, hamısının üstündən xətt çəkmişəm, imkan verin, vaxt verin…

Bəs nə oldu? Bir ildən sonra çıxış edib deyir ki, “Qarabağ Ermənistandır”. İndi desin görək “Qarabağ Ermənistandır”.

İndi hamı Azərbaycan Prezidentinə zəng edib konfidensial söhbət əsnasında  soruşurlar, bəs sizin şərtiniz nədir? Şərtimiz birdir – erməni bizim torpaqlarımızdan  çıxsın! Sözdə yox, əməldə… Baza prinsiplərində təsbit olunduğu kimi – desin ki, mən Azərbaycanın ərazi bütövlüyünü tanıyıram; desin ki, mən işğal edilmiş torpaqlardan qoşunlarımızı çıxaracam; desin ki, mən Azərbaycan xalqından üzr istəyirəm; və desin ki, Qarabağ Ermənistan deyil!

İndi şiddətli döyüşlər getdiyi bir zamanda biz atəşi dayandıra bilmərik. Çünki biz dayansaq, hiyləgər ermənilər dayanmayacaq. Yoxsa ki, deyirlər siz dayanın, onlara vaxt verin. Nəyə vaxt verək? Vaxt verək ki, güc toplasınlar?! Vaxt verək ki, yenə də qoşun  toplayıb bizə hücum etsinlər?! Azərbaycan xalqını və Prezidentini bu qədərmi sadəlövh sayırlar?! Biz sözümüzü demişik, vəssalam.

Cəbrayılın işğaldan azad edilməsi Ermənistana, onun havadarlarına dərs olmalıdır. Ermənistan orada-burada təxribat törətdi, dərs verdik, dərs olmadı. Nəhayət, bu dəfə təxribat törətdi, dərs verdik, indi yaxşı dərs oldu!

Biz indi tariximizin ən şərəfli günlərini yaşayırıq. Azərbaycan xalqı qədim xalqdır. Bizim tariximizdə çox şərəfli anlar olub, hadisələr olub, qələbələr olub. Onların sırasında bugünkü hadisələrin xüsusi yeri var. Biz haqq-ədalət tərəfdarıyıq. Biz ədaləti bərpa edirik, ərazi bütövlüyümüzü bərpa edirik, Azərbaycan xalqının ümidləri doğrulur. Biz  haqlıyıq və biz zəfər çalacağıq!

Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

***

Qeyd: Hörmətli oxucular, bu yazını mən qələmə alsam da, o – mənim deyil. Mən bu günkü tarixi hadisələrlə bağlı analitik bir məqalə yazmaq istəyirdim. Bəzi materiallarla tanış olduqdan sonra, demək istədiklərimin hamısının və daha artığının bu mətndə olduğunu görüb, onu olduğu kimi yazıma köçürtməyi qərara aldım.

Bu mətnin müəllifi – Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdir. Oktyabrın 4-də o, Ali Baş Komandan kimi məhz bu mətnlə Xalqa müraciət edib. Müraciət o dərəcədə dəqiq, ölçülü-biçili, səlis məntiq əsasda nizamla və peşəkarcasına  düzülmüş, həm də cəsarətlə söylənmişdi ki, milyonlarla Azərbaycan xalqı nəfəs çəkmədən diqqətlə qulaq asıb heyran qaldı. Müraciət bir göz qırpımında dünyanı dolaşdı.

Xalqın ürəyindən xəbər verən, milyonların düşündüyünü deyən, duyğularını dilə gətirən bu çıxışın mətninin altından əminəm ki, hər bir namuslu vətəndaş, qeyrətli vətənsevər, yurd həsrətlisi gözüyumulu qol çəkərdi.

O cümlədən mən də bu mətnə imza atıram. Çünki bu gün heç bir politoloq, heç bir yazıçı-publisist, heç bir analitik günümüzün mürəkkəb olayları, Qarabağ həqiqətləri barədə xalq dilində bundan daha tutarlı analitik məqalə yaza bilməz. Ona görə də məqalə yazmaq fikrimi başqa zamana saxlayaraq, milyonların şərik olduğu müraciət mətnini xırda-para redaktələrlə məqalə formatına uyğunlaşdırıb, hörmətli oxuculara təqdim etmək qərarına gəldim.

Hesab edirəm, Prezidentin efirdən şifahi səsləndirdiyi bu aktual “məqaləni” bir daha diqqətlə oxumaq daha faydalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*