Mixail Qaluzin: “Ermənistan bizimlə dost olmaq istəyirsə…”backend

Mixail Qaluzin: "Ermənistan bizimlə dost olmaq istəyirsə...”

Rusiya Xarici İşlər nazirinin müavini Mixail Qaluzin İrəvanın Rusiya konsessiyasında (hər hansı bir infrastrukturun müəyyən şərtlərlə və müəyyən müddətə özəl şirkətə və ya xarici investorlara idarəetmək, istismar etmək məqsədilə verilməsi) olan “Cənubi Qafqaz Dəmir Yolu” (CQDY) QSC-nin Ermənistanın yeni logistik layihələrdə iştirakına mane olması ilə bağlı iddialarının gerçəkliyi əks etdirmədiyini bildirib.

KONKRET.az xəbər verir ki, “RİA Novosti”yə müsahibə verən Qaluzin qeyd edib ki, İrəvanın ölkənin logistika təşəbbüslərinə qoşulmasına Rusiya konsessiyasının əngəl törətdiyi barədə arqumentləri tamamilə əsassızdır.

Onun sözlərinə görə, “CQDY” QSC öz öhdəliklərini layiqincə yerinə yetirir və konsessiyanı əldə etdiyi andan Ermənistanın dəmir yolu şəbəkəsinin inkişafına, o cümlədən hərəkət edən tərkibin yenilənməsinə 30 milyard rubldan çox sərmayə yatırıb. Diplomat vurğulayıb ki, məhz rusiyalı dəmiryolçuların təcrübəsi Ermənistana rəqabət üstünlüklərini qoruyub saxlamağa kömək edib və bu üstünlüklər indi regionda nəqliyyat kommunikasiyalarının blokdan çıxarılmasını müzakirə etməyə imkan verir.

Rusiya XİN rəhbərinin müavini Ermənistan rəhbərliyinin hərəkətlərinə də toxunub:

“Əvvəllər konsessiyanın kiməsə verilməsi məsələsinin qaldırılmadığını nəzərə alsaq, böyük ehtimalla Ermənistan rəhbərliyinin sadəcə şantaj edildiyini güman etmək olar”.

Onun fikrincə, İrəvana “rus faktoru”nu nəqliyyat sektorundan aradan qaldırmaq müqabilində çoxtərəfli investisiyalar və iqtisadi məqsədəuyğunluğu şübhə doğuran layihələrdə iştirak vədləri verilir. Qaluzin baş verənləri “qərb paytaxtlarının Rusiyanı Cənubi Qafqaz regionundan sıxışdırıb çıxarmaq üzrə ədalətsiz oyunlarının bir hissəsi” adlandırıb.

Sonda o, Rusiya və Ermənistan tərəflərini fikir ayrılıqlarını işgüzar formatda müzakirə etməyə çağırıb. Qaluzin xatırladıb ki, əgər tərəflər həqiqətən dostluq həlli tapmaq istəyirlərsə, adətən əvvəlcə stol arxasına əyləşir və mövcud problemləri işgüzar şəkildə müzakirə edirlər.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*