MM-in ilk iclasında deputatlar necə həyəcanlandısa…backend

MM-in ilk iclasında deputatlar necə həyəcanlandısa…

Milli Məclisin 23 sentyabrda keçirilən ilk iclasında bəzi millət vəkillərinin mürgüləməsi, bəzilərinin isə əməlli-başlı yatması sosial şəbəkələrdə və mediada ədalətsizcəsinə müzakirəyə çıxarılıb. Heyrətamizdir, ittiham edənlərdə bir damcı da vicdan, dəyərlərə hörmət, ağsaqqala-ağbirçəyə sayğı qalmayıb…

KONKRET.az xəbər verir ki, Milli Məclisin İntizam Komissiyasının üzvü Nəsib Məhəməliyev məsələyə həddən artıq obyektiv və cahanşümal yanaşıb, olduqca mühüm məqamlara toxunub. Sayın millət vəkili deyib ki, VII çağırış Milli Məclisin ilk iclasında Prezident İlham Əliyev ölkə qarşısında duran ən aktual məsələlərə aydınlıq gətirdi, kifayət qədər ətraflı, məzmunlu çıxış oldu: “Dövlət başçısının çıxışında həm dostlarımıza, həm də düşmənlərimizə, Milli Məclisin üzvlərinə mesajlar verildi. Daha çox bundan danışmaq lazımdır, nəinki Milli Məclisdə iclas zamanı hansısa deputatın yorğunluqdan mürgüləməsindən”.

Tamamilə razıyıq – sayın millət vəkili hələ az deyir: İlham Əliyev sözün hər mənasında ölkəmizə qarşı çağırışlar, dövlətimizin önündə duran problemlər haqda danışdı, geniş bir mənzərə yaratdı, taleyüklü, milli məsələləri açıq şəkildə ortaya qoydu, sülh danışıqları, Ermənistanın silahlanması, ərazi iddialarından əl çəkməməsi kimi həyəcanlı məlumatı çatdırdı və deputatların, Milli Məclisin hansı istiqamətdə çalışmalı olduğunun Yol Xəritəsini cızdı.

Məhz bu məqamda – deputatların ölkəmizin taleyində hansı rol oynamalı olduqları və hansı prosesə necə hazırlaşmalarının tezis şəklində önə qoyulduğu zaman – millət vəkillərinin yatması qayət normalmış. Yəni Prezident deputatların hansı istiqamətdə çalışmaları lazım gəldiyini deyir, deputatlardan bəziləri isə yatır və bunu sosial media həyasızcasına tənqid edir. Axı sizin nə işiniz var bu ixtiyar adamlarda? Niyə qoymursunuz rahat yatsınlar?

Onlar Milli Məclisə seçilmək üçün nə qədər əziyyət çəkiblər, yuxusuz qalıblar. Nəhayət ki, yerlərini tutdular və Məclisdə kresloda oturdular – əla, o cür rahat yerdə ilk gündən yuxulamasınlarmı?

Axı bizim deputatlar ermənilər, ruslar, farslar kimi həyasız deyil! Baxın, erməni deputatlar yatmır, oturmur, Azərbaycana qarşı aktiv fəaliyyət göstərir, Avropadakı həmkarlarına hər gün yüzlərlə məktub yazırlar, dinc durmurlar; heç nədən olay yaradıb, hər gün, hər saat şərhlər yazıb, ictimai fikri arxalarınca aparmağa çalışırlar.

Bizim deputatlar isə bu cür həyasızlığa, vicdansızlığa qol qoya bilməzlər – rahat yatmağı tərcih edirlər, sağ olsunlar. Hətta bizdə irimiqyaslı tədbir keçirilir – məsələn, beynəlxalq müdafiə sərgisi, regionun əsas gücləri Bakıdadır, Türkiyə MN-in az qala bütün generalları Azərbaycana gəlib, erməni deputatlar, mediası dünyanı ayağa qaldırıb, guya Azərbaycanın müharibəyə hazırlaşdığı yalanını yayırlar, bizim deputatlarımızın isə səsi gəlmir. Neyləsinlər? Həyalı, ağsaqqal, ürəyi xəstə adamlardır, abırlarını qoruyurlar, səhhətlərini düşünürlər ki, birdən onlara bir şey olar, xalqımızın başına daş düşər – Allah eləməmiş!

Ona görə də yatmaq çox gözəl reaksiyadır!

Həm də deputatlarımızın bu cür davranışının həyəcandan olduğunu da Nəsib Məhəməliyev xalqa duyurdu. Dedi ki, ola bilsin ki, gecə yatmamışdılar, həmin gecə kifayət qədər həyəcan ola bilərdi. Bəlkə hansısa digər səbəbdən də mürgüləmə halları baş verib.

Doğrudur, 1 sentyabrda seçilən, 21 sentyabrda Konstitusiya Məhkəməsi tərəfindən təsdiqlənən deputatların 23 sentyabrda niyə həyəcanlı olduqlarını anlamaq bir az çətin məsələdir. Amma Qalib Ali Baş Komandanın Milli Məclisə gəlməsi və taleyüklü çıxışının özü həyəcanverici ola bilər – buna inanırıq. Sadəcə, insanın həyəcan vaxtı xorna çəkməsi, məncə, tibbi kəşfdir. İndiyə qədər elə bilirdik ki, insan həyəcanlananda yuxusu qaçır – gərək Məhəməliyev yox, Rəşad Mahmudov bu barədə açıqlama verə, görək, bu fenomen tədqiqata cəlb ediləcək, ya yox! Zatən araşdırma obyektləri də Rəşad müəllimin düz böyründədirlər, uzağa getməyə ehtiyacı olmayacaq.

Yeri gəlmişkən, çox hörmətli, illərlə Həmkarlara rəhbərlik edən Səttar Möhbalıyev mediaya açıqlamasında deyib ki, yatmırdı, başını aşağı salmışdı – düzü, foto və videodan bir az ayrı zad görünür, ancaq biz bu boyda kişinin sözünə yox, videoya – gözümüzəmi inanaq? Ayıb deyilmi? Bəs, ağsaqqala hörmət, inam, sədaqət?

Möhbalıyev həm də xəstə olduğunu, yaxın vaxtlarda Almaniyaya müəlicəyə gedəcəyini də mediaya elan edib.

Görürsünüzmü? Xəstədir – ölkəmizdə müalicə olunmaq istəmir. Görəsən, niyə özünü həkimlərimizə etibar etmir? Halbuki ən gözəl ürək həkimi elə deputat yoldaşıdır.

Möhbalıyevin bu sözü əslində xalqa bir mesajdır – kimin imkanı var, qaçsın, xaricdə müalicə alsın!

Xəstədir – buna baxmayaraq, deputatlığa namizədliyini verir, seçilir, parlamentdə yatır və yaxın günlərdə də Almaniyaya müalicəyə getməyə hazırlaşır.

Dünyanın heç bir yerində bu qədər ideal siyasi kombinasiya ola bilməz, toba! Adam onillərlə yüksək vəzifədə işləyəndən sonra, 70 yaşı haqlayanda vəzifədən çıxıb, deputat seçilir və dərhal müalicəyə gedir.

Oysa təqaüdə çıxa və səhhəti ilə məşğul ola bilərdi. Ancaq yox, olmaz, qəti, mümkün deyil!!! Xalqa sevgisi o qədər böyükdür ki, xəstə olmasına baxmayaraq, indi də deputat kimi xidmət etməyi düşünür – Almaniyaya müalicəyə getmək də öz yerində!

Ona görə də 3 gündür bu yatan deputatlarımızın yuxusuna haram qatan, ağrıyan ürəklərini sızladan sosial şəbəkə istifadəçilərini sərt şəkildə, qətiyyətlə qınayır, onları lənətləyirəm və ustad Mirzə Cəlilin salamlarını sayın deputatlarımıza çatdırıram:

– Necə yatmısınızsa, eləcə də yatın!(axaraz)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*