İki aydan çoxdur ki, Ukraynada işğalçı müharibə aparan Rusiyanın törətdiyi vəhşiliklər insanı dəhşətə gətirir. Müharibə hələ baş çatmasa da rus hərbçilərinin dəhşətli əməlləri üzə çıxmağa başlayıb. Hərbi əməliyyatlarda istədiyi nəticəni əldə edə bilməyən və Ukrayna xalqının müqaviməti ilə qarşılaşan rus əsgərləri daha da azğınlaşıb. Buna görə də onlar qoca, qadın, yaşlı və uşaq demədən hər kəsi öldürür. Misal kimi Mariupolda baş verənləri nümunə göstərmək olar. Belə ki, Rusiyanın martın 16-da vurduğu Mariupol teatrında 600-ə yaxın insan həyatını itirib. Statistik rəqəmlər rus qoşunlarının Ukryanada törətdiyi əməlləri bir xalqın faicəsi və soyıqırımı adlandırmağa əsas verir.
Bəs Rusiya törətdiyi bu qətliamlara görə necə cavab verəcək? Mülki əhalini öldürən, soyqırımı törədən işğalçı Rusiyanın hərbi-siyasi rəhbərliyi hansı formada cəzalandırıla bilər?
Mövzu ilə bağlı KONKRET.az-ın suallarını Bakı Dövlət Universitetinin dosenti, geosiyasət və konfliktologiya üzrə fəlsəfə doktoru Kərəm Məmmədov cavablandırıb. O bildirib ki, ilk növbədə Rusiyanın Ukraynada törətdiyi vəhşiliklər faktlarla sübuta yetirilməlidir: “Məsələn, Buça qəsəbəsindəki qətliamı Rusiya tərəfi təkzib etdi. Ölkənin hərbi-siyasi rəhbərliyi açıqlama verdi ki, orada baş verənlərdən bizim xəbərimiz yoxdur. İndiki halda bu faktları sübut etmək də çox çətindir. Çünki Ukraynada müharibə hələ də davam edir. Belə bir şəraitdə faktları toplamaq çox çətindir”.

Kərəm Məmmədov bildirib ki, müharibədən sonra bu faktlar öz təsdiqini taparsa Rusiya üçün ciddi problem olacaq: “Beynəlxalq hüquq normaları və Cenevrə Konvensiyasına əsasən Ukrayna Rusiyaya qarşı ciddi ittihamlar irəli sürə bilər. Rusiya Buçada, Mariupolda və Ukraynanın digər şəhərlərində törətdiyi əməllərə görə şübhəsiz ki, cavab verməli olacaq. Lakin qeyd etdiyim kimi, ilk növbədə törədilən vəhşiliklər faktlarla sübut olunmalıdır. Əslində Putin törətdiyi cinayətlər görə hərbi tribunala cəlb edilməlidir. Amma onlar bu cinayətləri öz üzərinə götürməkdən imtian edir”.
Şəbnəm Mehdizadə,
KONKRET.az
