Almaniya tərəfi ilə uzun müddət aparılan iş nəticəsində rəsmi sənədlərin tanınması ilə bağlı yeni qaydalar qüvvəyə minib ki, bu da Azərbaycan vətəndaşlarının işini xeyli yüngülləşdirəcək.
KONKRET.az report-a istiandla xəbər verir ki, bunu Azərbaycanın Almaniyadakı səfiri özünün X hesabında yazıb.
O bildirib ki, artıq Almaniya ilə Azərbaycan arasında sənədlərin səfirliklər tərəfindən leqallaşdırılması tam dayandırılıb. Bunun əvəzinə, apostil prosedurunun tətbiqinə başlanılıb.
“Bu nə deməkdir? Hər iki ölkə 1961-ci il tarixli Haaqa Apostil Konvensiyasının iştirakçısıdır. Bu Konvensiyaya görə, bir ölkədə verilmiş rəsmi sənədlərin digər ölkədə tanınması üçün yalnız apostil möhürü kifayətdir. Əlavə leqallaşdırma və ya təsdiq tələb olunmur. Almaniya tərəfi ilə aparılan müvafiq iş nəticəsində 2026-cı ilin mart ayında Apostil Konvensiyası iki dövlət arasında tam qüvvəyə minib. Beləliklə, Almaniyada verilən rəsmi sənədlər yalnız Almaniyanın müvafiq dövlət qurumları tərəfindən apostil möhürü ilə təsdiq olunur və bu, həmin sənədlərin Azərbaycanda tanınması üçün kifayətdir. Artıq əlavə olaraq bu sənədlərin Berlindəki Azərbaycan Səfirliyində leqallaşdırılmasına ehtiyac yoxdur”, – səfir qeyd edib.
N.Ağayev, həmçinin vurğulayıb ki, Azərbaycanda verilmiş sənədlər də yalnız apostil möhürü ilə Almaniyada tanınır və Almaniyanın Bakıdakı səfirliyində əlavə leqallaşdırma tələb olunmur:
“Bu mühüm yenilik Azərbaycan ilə Almaniya arasında qarşılıqlı etimada əsaslanan səmərəli əməkdaşlığın xalqlarımızın maraqları naminə davamlı şəkildə inkişaf etdiyini bir daha aydın şəkildə nümayiş etdirir”.
