Sumqayıtda yerləşən zavodların birində baş verən növbəti partlayış yenə insan faciəsinə səbəb oldu. İlkin araşdırmalardan sonra faciənin bu dəfə də propan qaz balonunun partlaması nəticəsində baş verdiyi aydınlaşdı. Son dövrlərdə belə halların ardıcıl xarakter alması hər kəsi narahat edir və müəyyən suallar doğurur.
Müəssisə və zavodlarda propan qaz balonlarından istifadə niyə tam ləğv olunmur? Bu cür hadisələrin baş verməməsi üçün hansı əməli tədbirlər görülməlidir?
Mövzu ilə bağlı KONKRET.az-a danışam kommunal məsələlər üzrə ekspert Nüsrət Qasımov bildirib ki, propan qaz balonları birmənalı şəkildə ləğv olunmalıdır: “Çünki onların istismar müddəti başa çatıb və köhnəlib. Müəssisələrdə və zavodlarda belə qaz balonlarından istifadə etmək çox böyük təhlükə formalaşdırır. Təəssüf ki, heç yerdə bu məqama nəzarət edən yoxdur. Nəzarət mexanizmi olmadığına görə sahibkarlar qayda-qanuna riayət etmir. Nə qədər ki, qaz balonlarının istifadəsinə qadağa qoyulmayıb, belə partlayışların sayı artacaq”.

Ekspertin fikrincə, qaz balonları istifadədən çıxarılmalı və zavodlara göndərilməlidir: “Orada xüsusi üsulla bu balonlar əridilərək metalloma verilməlidir. Sahibkarlar başa düşməlidir ki, qaz balonlarından istifadə etmək olmaz. Baş verən faicələrə görə həmin şəxslər həbs edilməlidir. Balonların çoxu karroziyaya uğrayaraq deşilib. Buna görə də ölkədə son dövrlərdə baş verən partlayışların sayı artır. Bu barədə dərhal hərəkətə keçmək lazımdır. Əks halda daha təhlükəli partlayışlar qaçılmaz olacaq və bu, xeyli insanın ölümünə gətirib çıxaracaq”.
Şəbnəm Mehdizadə,
KONKRET.az
