“Neft “asqıran” kimi ölkə “qrip” olur”backend

"Neft “asqıran” kimi ölkə “qrip” olur"

“Bu gün ABŞ prezidenti Co Baydenin ölkədə inflyasiya ilə mübarizı mövzusunda çıxış edəcəyi gözlənilir. İnanmıram ki, bu çıxışda son 2 ildə pandemiya məsələsində buraxılan səhvlərin, atılan mənasız iqtisadi addımların etirafı baş versin. Çox güman, Bayden OPEC-ə yüklənəcək, kartel sövdələşməsindən danışacaq, çünki ABŞ-da benzin qiymətləri son illərin tarixi maksimumlarındadır, bu isə bütün qiymətlərə təsir edir, həm də avtomobil ölkəsi olan ABŞ-da vətəndaşların seçkidə qərar verərkən ən çox fikir verdiyi indikator məhz benzin qiymətləridir, ona görə də Bayden əsas hədəf kimi benzin qiymətlərinin aşağı çəkilməsini götürəcək ki, sürətlə azalan reytinqini düzəltsin, yaxın gələcəkdə baş tutacaq ara seçkilərdə Demokratlar Partiyasının uduzma ehtimalının qarşısını alsın”.

KONKRET.az-ın xəbərinə görə, bunu ekspert Natiq Cəfərli bildirib.

“Amma gəlin görək nə baş verdi son 2 ildə: 2019-cu ildə, pandemiyadan öncə ABŞ və Avropa Birliyində Mərkəzi bankların, hökumətlərin əsas hədəfi inflyasiyanı artırmaq idi. Bəli, məhz artırmaq, çünki defilyasiya gedirdi, hədəf kimi, heç olmasa, 2% inflyasiya göstərilirdi. Böyük iqtisadiyyatlarda 2-3%-lik inflyasiya müsbət sayılır, iqtisadi aktivliyə müsbət təsir göstərən amil hesab edilir. 2020-ci ildə pandemiya elan edildi və ABŞ, AB, Çin, Yaponiya kimi ölkələr ümumilikdə Dünya iqtisadiyyatına 17 trilyon dollar vəsait axıtdılar – təsəvvür edin ki, Dünya ÜDM-mi 2020-ci ildə 84 trilyon dollar olub, amma birdən-birə iqtisadiyyata 17 trilyon dollar səpilir. Təbii ki, bu inflyasiyaya təsit etməli idi, etdi də, bundan başqa kriptovalyuta kimi mənasız, spekuylativ aktivlərin qiyməti şişdi, səhm bazarı yüksəldi (keçən il iqtisadi böhran zamanı səhm bazarının yüksəlməsi nonsens idi), neftin, qazın qiyməti artdı, ərzaq bahalaşdı. Bütün bunların səbəbi mənasız, düşüncəsiz, populist iqtisadi, maliyyə siyasəti idi. Bütün dünyada inflyasiya yüksəldi, toksik aktivlər bahalaşdı, ərzaq indeksi yüksəldi, neft-qaz qiymətləri kəskin artdı – nəticədə inflyasiya bütün dünyada insanların real gəlirlərini “yeməyə” başladı. 17 trilyon vəsait haradasa, strelizə olunmalı idi, nəticədə səhm bazarı, aktivlər yüksəldi, bunun nəticəsi növbəti böhran olacaq. İndi dünya çıxılmaz vəziyyətdə qalıb, bazardan likvidliyi yığmağa başlamalı, uçot dərəcələrini artırmalıdır ki, inflyasiyanı cilovlasınlar, amma bunları etsələr, iqtisadi aktivlik daha da zəifləyəcək, iş yerləri azalacaq, nəticədə bir neçə il sonra daha böyük inflyasiya dalğası yaranacaq, amma bunları etməsələr də, indi böhran dərinləşəcək. Bir sözlə, dünya yeni, daha böyük iqtisadi böhrana “hamilədir”, təəssüf ki, bu dəfə çıxış yolu kimi lokal müharibələr ola bilər. Çünki hər dəfə dünyada bənzər vəziyyət yarananda böyük müharibələr olub. Xülasə, çanaq yenə neft qiymətlərinin başında çartlayacaq, bizim üçün maraqlı olan məsələnin tək bu tərəfidir, çünki hökumət məmləkətdə çox primitiv, bəsit, ancaq bir tək borudan asılıb-sallanan iqtisadi model qurublar. Nəticədə neft “asqıran” kimi ölkə “qrip” olur, Baydenin çıxışından sonra neft qiymətləri enməyə başlayacaq, demirəm ki, kəskin düşəcək, amma yeni, daha aşağı qiymət koridoruna yerləşəcək, lakin ABŞ OPEC-ə qarşı sanksiyalar tədbiq etsə, bu qurumu kartel sövdələşməsində günahlandırsa, qiymətlərin enməsi daha dərin olacaq. Amma ilkin addım kimi Bayden ABŞ-ın öz strateji neft ehtiyatlarının bir hissəsinin satacağı ilə bağlı qərar açıqlayacaq, bu da qiymətləri aşağı çəkəcək. Neftin, qazın qiymətinin yüksək olması bütün sahələrə – aqrar sektor üçün gübrələrdən tutmuş metallurgiyaya qədər hər sahədə maya dəyərini artırır, nəticədə qiymətlər daha da yüksəlir”, – deyə N.Cəfərli qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*