“O vaxt Türkiyəyə böyük xəbərdarlıq olsa da, qardaş ölkə lazımi dərs çıxarmadı” – ƏTRAFLIbackend

"O vaxt Türkiyəyə böyük xəbərdarlıq olsa da, qardaş ölkə lazımi dərs çıxarmadı" - ƏTRAFLI

Türkiyədə baş vermiş zəlzələ təkcə qardaş ölkənin deyil, həm də Azərbaycanın, bütünlükdə türk dünyasının faciəsidir. Bu təbii fəlakəti həm də bəşəriyyətə bir xəbərdarlıq kimi də xarakterizə etmək mümkündür. Təbii ki, bu gün Türkiyə həm dünyada, həm də regionda böyük gücə çevrilib. Ona görə də, zəlzələnin fəsadlarının aradan qaldırılması üçün qardaş ölkəyə dünyanın dörd bir yanından yardımların edilməsi təəccüb doğurmamalıdır. Bu yardımlar həm də həmin dövlətlərin Türkiyənin yanında olduqlarının, onun dərdinə şərik çıxdıqlarının göstəricisidir. Heç şübhəsiz ki, Azərbaycan-Türkiyə qardaşlığı bu ağır sınaqdan da birlikdə və ləyaqətlə çıxacaq. Amma məsələ ondan ibarətdir ki, təbii fəlakət həm də bir xəbərdarlıq olduğundan qardaş ölkə bu faciədən özü üçün dərs çıxarmalıdır. Yəni tikinti norma və qaydalarına əməl olunmalı, bu sektorda rüşvət və korrupsiyanın tüğyan etməsinin qarşısı alınmalıdır ki. gələcəkdə daha ağır fəsadlara yol açmasın. Bəs görəsən Türkiyə və Azərbaycan baş vermiş güclü zəlzələdən daha hansı dərsləri çıxarmalı və gələcək üçün hansı addımları atmalıdır?

Mövzunu KONKRET.az-a şərh edən tanınmış sosioloq Əhməd Qəşəmoğlu bildirib ki, zəlzələnin baş verməsi əsrin faciəsi kimi qiymətləndirilir: “Bu, həqiqətən də çox böyük bir fəlakətdir. Amma məsələyə bir qədər dərindən və fəlsəfi baxdıqda yer üzündə bu cür təbii fəlakətlərin baş verdiyini görürük. Təsadüfi deyil ki, yüzə yaxın ölkə qardaş Türkiyəyə öz yardım əlini uzadıb. Həyatımız belədir ki, baş verən təbii fəlakətlər, yaranan çətinliklər və qarşımızda olan maneələr insanı öz bilik və təcrübəsindən istifadəyə sövq edir. Yəni bəşər övladı baş verən hadisələrdən nəticə çıxarmalı və çıxış yolu axtarmalıdır. Məsələn, 1999-cu ildə Türkiyədə güclü zəlzələ baş verib və xeyli insan həyataını itirib. Amma görünür həmin zəlzələdən Türkiyə cəmiyyəti lazımı dərsləri çıxarmayıb. Bu həyat isə elədir ki, dərs çıxarmayanda bir az da sərt üzünü göstərir. Öz şeirimdən bir misranı xatırlatmaq yerinə düşər: “Allahın əlaməti, Allahın yoludur ahəng, sən ahəngi pozdunmu, Allah hesab çəkəcək”. Yəni o vaxt Türkiyəyə böyük bir xəbərdarlıq olmuşdu. Amma qardaş ölkə lazımı dərsləri çıxarmadı. Əks halda evlər daha möhkəm tikilərdi. TÜrkiyənin elə yerləri var ki, orada yaponlar evlər tikib. İndi ətrafdakı binalar uçub-dağılsa da, həmin evlərə heç nə olmayıb. Bu, o deməkdir ki, “nə olur-olsun, onsuz da dağılacaqdı” fikiri düzgün deyil”.

Ağ ölüm”lə gələcəyini qaraltma! - "İki sahil"

Əhməd Qəşəmoğlunun sözlərinə görə, Azərbaycan da qardaş Türkiyədə baş verən zəlzələdən dərs götürməlidir: “Ölkəmizdə də bir dəfə güclü zəlzələ baş verib. Həmin zəlzələdə evlər silkələnib və binalar çatlayıb. Bu da Azərbaycana olan xəbərdarlıq idi. Təəssüf ki, biz də lazım olan nəticəni çıxarmırıq. Ona görə də, istər Türkiyə, istər Azərbaycan, istərsə də, digər dövlətlər ağır sınaqlardan üzüağ çıxmaq üçün mütləq korrektələr etməlidirlər. Amma bunu təkcə inşaatçıların öhdəsinə buraxsaq vəziyyət yenə də düzəlməyəcək. Çünki maddiyat insanı kələkbazlığa sövq edir. Binaları tikənlərin əksəriyyətini tanıyıram. Onlar özləri həyət evlərində, villalarda yaşayırlar. Çoxmərtəbəli binaları isə sadəcə tikib satmaqla məşğuldurlar. Bu məsələdə ictimai qınağı gücləndirmək lazımdır. Eyni zamanda ictimai təzyiq olmalıdır. Yəni bu sahədə fəaliyyət göstərən ictimai təşkilata səlahiyyət verilməlidir və istədiyi zaman yoxlanış aparması üçün şərait yaradılmalıdır. Bu istiqamətdə QHT və digər təşkilatlar fəaliyyətə cəlb olunmalıdır”.

Sosioloq evlərin artıq tikildiyini diqqətə çatdırıb və bu binaların aqibətinin necə olacağı haqda fikirlər səsləndirib: “Onların hamısını sökmək, insanları çölə tökmək olmaz. Bəs o zaman çıxış yolu nədir? İnsanlar həyatları boyunca səksəkədə yaşamağa məcbur qalacaqlar? Xüsusilə Türkiyədə bu məsələlərə diqqət artırılmalıdır. Çünki mütəxəssislər yer qatının altında müəyyən süxurların hərəkət etdiyini deyirlər.  Amma yerin qatında dəyişikliklər getdiyini nəzərə alsaq, o zaman 3-5 ildən sonra Azərbaycanda da zəlzələnin olmayacağını heç kim deyə bilməz. Ona görə də, insan zəkasının və elmin köməyi ilə çıxış yolları axtarılmalıdır. Məsələn, bəzi konstruktorlar evin içində müəyyən konstruksiyanın quraşdırılmasını məqsədəuyğun hesab edirlər. Yəni zəlzələ olan vaxt həmin konstruksiyanın içərisinə girmək və dağıntılardan xilas olmaq mümkündür. Hər bir halda biz artıq tikilən və içərisində insanlar yaşayan binalarda təhlükəsizlik tədbirləri görməliyik. Elm ona görə yaranıb ki, insan bir problemlə rastlaşdıqda ondan çıxış yolları tapa bilsin. Hazırda insanlığın qarşısında təbiət belə bir məsələ qoyub ki, bir vaxtlar necə gəldi tikilən evlərdə təhlükəsizliyi qorumaq üçün tədbir görülsün. Bu, təbiətin insanlar qarşısında qoyduğu bir məsələdir və həll olunmalıdır”.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*