Millət vəkili Erkin Qədirlinin blogger Mehman Hüseynova verdiyi bir-iki cümlədən ibarət açıqlama ölkə gündəmini əməlli-başlı silkələyib. Böyükdən-kiçiyə, ziyalısından-cahilinə, vəzifəlisindən sadə vətəndaşına qədər hər kəs Qədirlinin niyə belə dediyi haqda düşünür. Mövzuya Fransız qalanlar üçün xatırladım ki, Mehman Hüseynovun, “Mənə Milli Məclisdən bir deputatın adını çəkin ki, həqiqətən də xalqın səsini qazanıb və parlamentdə oturub” sualına Erkin Qədirli “Vallah heç onu özüm barədə də deyə bilmirəm. Demokratik seçki olsa, onda əminliklə demək olardı. Amma bizdə demokratik seçki yoxdur axı” cavabını verib. İlk baxışdan Qədirlinin sözlərində təəccüblü heç nə yoxdur və əslində millət vəkili hamının bildiyi və çoxunun dilə gətirməyə cəsarət etmədiyi fikirləri səsləndirib. Yəni seçkilərdə tumanından topa-topa bülletenlər çıxaran müəllimələrin və ya digər peşə sahiblərinin “əməyi”nin nəticəsidir ki, bu gün ölkədə keçirilən seçkilər haqqında mənfi fikirlər formalaşır. Elə Erkin Qədirli də nə özünün, nə də başqa həmkarının demokratik şəraitdə seçildiyindən əmin olmadığı üçün belə bir fikir ortaya qoyub. Ancaq onun dedikləri, “Azərbaycanda demokratik seçki yoxdur” və ya “millət vəkillərinin hamısı saxta yolla seçilib” anlamına gəlmir və gəlməməlidir. Ola bilər ki, Erkin bəy və ya digər həmkarları həqiqətən də xalqın səsi nəticəsində Milli Məclisdə əyləşiblər və bu gün də öz fəaliyyətlərində millətin maraqlarının ön plana çəkilməsi prioritet təşkil edir. Ancaq necə deyərlər, ölkədə “qurunun oduna yaş da yanır”. Seçkilərdə baş verən neqativlər təkcə fərdlərdə deyil, eləcə də bütöv bir cəmiyyətdə neqativ fikirlərin formalaşmasına səbəb olur.
Hər bir halda Qədirlinin fikirləri geniş müzakirələrə yol açdığından bu mövzuya biganə qalmaq mümkün deyil. Məsələyə bir az geniş aspektdən yanaşdıqda Qədirlinin hansı səbəblərdən bu cür fikir səsləndirməsi ilə bağlı müxtəlif versiyalar önə çıxır. İlk növbədə diqqət etsək, Erkin bəyin öz fikirini heç bir hiss-həyəcan olmadan, adi tərzdə, əli cibində ifadə etdiyini görmək mümkündür. Normalda ölkənin millət vəkili olan bir şəxs saxta yolla seçildiyini müxalif blogerə etiraf edəndə həyəcanlanmalı, hər hansısa bir narahatlıq keçirməli idi. Ancaq Qədirlidə bunların heç birini müşahidə etmək mümkün deyil. Sanki dediyi sözlər bir mesajdır və Erkin bəy bu fikirlərin ünvanına çatmasını istəyir. Digər tərəfdən sözügedən fikirləri qarşıda gözlənilən islahatların anonsu kimi də qiymətləndirmək mümkündür. Yəni hazırkı parlament tələblərə cavab vermir, etimadı doğrultmur, orada təsadüfi insanlar çoxdur və Milli Məclis həyata keçirilən sürətli islahatlarla ayaqlaşmaqda çətinlik çəkir. Elə bu səbəblərdən də parlamentin buraxılması və təkrar seçkilərin keçirilməsi labüddür və zəruridir. Bəlkə də, Erkin Qədirli buna işarə etmək istədiyindən məlum fikirləri dilə gətirib. Əgər məqsəd budursa, o zaman Qədirlinin tam hədəfə vurduğunu demək olar. Çünki hazırkı Milli Məclisdə həqiqətən də təsadüfi insanların sayı çoxdur. Onlar arasında oliqarxlar, biznesmenlər, öz mənafeyini xalqın maraqlarından üstün tutanlar, iclaslarda ağzına su alıb oturanlar, dövlətin islahatları ilə ayaqlaşmayanlar xüsusi yer tutur. Bu baxımdan parlamentin buraxılmasına və yeni seçkilərlə ən layiqlilərin xalq tərəfindən seçilməsinə zərurət böyükdür.
Ancaq hesab edirəm ki, Erkin Qədirli bütün hallarda bu fikiri səsləndirməməli idi. Birincisi ona görə ki, Qədirli millət vəkilidir və xalqın səsi ilə seçilmədiyini dilə gətirdiyi halda mandat daşıyırsa, deməli ən böyük saxtakar elə onun özüdür. İkincisi, təmsil olunduğu müxalifət partiyasının onsuz da yüksək səviyyədə olmayan imicini yerlə bir edir. Belə çıxır ki, REAL-ın namizədi saxta mandatı qəbul edib və bu zaman hansı müxalifətdən söhbət gedə bilər? Üçüncüsü, Erkin Qədirli bu cür açıq fikir səsləndirməklə bilərəkdən və yaxud bilməyərəkdən xalqı aşağılayır. Demək istəyir ki, xalqın səsi heç bir rol oynamır, yəni “Dəyirman öz işindədir, çax-çax baş ağrıdır”. Bir sözlə bu dəyirman hələ çox su aparacaq. Gedişatı isə zaman göstərəcək. Ümid edirəm ki, zaman həm də Erkin Qədirliyə layiq olduğu yeri göstərə biləcək.
Müşviq Tofiqoğlu,
KONKRET.az
