
Əvvəla, onu qeyd edim ki, KONKRET.az Medianın İnkişafı Agentliyinin (MEDİA) çap mediası və onlayn media subyektlərinin maliyyələşdirilməsi ilə bağlı müsabiqəsinə qoşulmayıb. Bunun bir sıra səbəbləri var. Doğrudur, biz müsabiqə şərtlərinə tam cavab verirdik. Amma bu dəfə gözləməyi qərar verdik. Sözün açığı, müsabiqənin nəticələri bizdə növbəti mərhələlərdə iştirak etməyə ümid yaratdı. Amma görünən odur ki, narazı qalan həmkarlarım var. Onlara üz tutub demək istəyirəm ki, etdiyiniz cəhdin uğursuzluqla sonuclanması hələ tam məğlubiyyət deyil. Ümidinizi itirməyin, yola davam! Məndə olan bilgilər, məlumatlar onu deməyə əsas verir ki, MEDİA-nın ortada pak niyyəti var. Müstəqil mətbuatın inkişaf etməsində dövlətin nəcib mövqeyi bəllidir və bu məsələdə heç bir əks mövqeyi qəbul etmirəm.
Amma dərdimiz böyükdür. Çünki uzun illərdir ki, mətbuatın inkişafı üçün illərlə ayrılan vəsait Əli Həsənovlar və Vüqar Səfərlilər tərəfindən mənimsənildi, bu sahədə dövlət siyasətinə kökündən balta vuruldu. Müstəqil, maarifçi ideyalar boğuldu, layihələrə ayrılan böyük pullar “qeybə çəkildi”, bəzi baş redaktorlar da bu illər ərzində hədsiz varlandı, milyonluq evlərə, 200 minlik maşınlara sahib oldu. Onların da susqun, lal baxışları ilə dövlətin gözəl təşəbbüsü beşiyindəcə boğuldu, media islahatları ölü doğuldu. İndi elə bilirsiniz, bunları tezliklə aradan qaldırmaq elə asandır? Əlbəttə, yox. Əlahəzrət Zamana ehtiyac var. Onun adı Lazım deyil. Elə bizim də yaşımızın üstünə yaş artıran ZAMANDIR!
Bir məsələdə tam arxayınam ki, artıq MEDİADA korrupsiya və rüşvətxorluq yoxdur. İnanın, azca da olsa bunu hiss etsəydim, yenidən ölümünə mübarizəyə başlayacaqdım. MEDİA-nın icraçı direktoru Əhməd İsmayılovla da şəxsi tanışlığım yoxdur. Sonuncu dəfə onu Ağdamda görmüşəm. Yaxınlaşıb salamlaşmışam. İlk sözüm də bu olub ki, media haqqında hazırlanan qanunla bağlı müzakirələrdə iştirak etmək mənim də haqqımdır. 25 ildir bu sahədə çalışdığım üçün deyəcəklərim çoxdur. Amma ADA ilə birgə təşkil edilən tədbirə dəvət belə almadım. Amma bu inciklik o demək deyil ki, müsabiqənin nəticələrinə şübhə ilə yanaşım. Mənə elə gəlir ki, ilk addım uğurlu oldu. Hər işdə ideallıq axtarmaq da sadəlövhlük olar. Ortada əməli fəaəliyyət varsa, tənqid də ola bilər. Amma hər şey həddində gözəldir. Ümid edirəm ki, müsabiqədə uğur qazanan media portalları yaradılan şansı düzgün dəyərləndirəcək, növbəti müsabiqələrdə də uğur qazanacaq.
Etiraf edək ki, reklam bazarının məhdud olduğu bir ölkədə media fəaliyyəti ilə məşğul olmaq da böyük fədakarlıqdır. Dövlətin bu sahədə dəstəyi də bir o qədər təqdirəlayiqdir. İnşəAllah, arzu edirəm ki, bizim üçün əlçatan reklam bazarı olacaq və biz yazarlar tam azad rəqabət şəraitində bir-birimizlə əməkdaşlıq edəcək. Bu uzun yolda səbirli və təmkinli olaq. Əsas cansağlığı və əminamanlıqdır. Həmkarlarıma uğurlar və səbir arzu edirəm!
