Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun “Range Rover” markalı avtomobillə çəkildiyi foto sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Müzakirələrin yaranmasına səbəb R.Babaşovun ARB televiziyasına verdiyi müsahibədə səsləndirdiyi fikirlərdir. Belə ki, həmin müsahibəsində yerli sakinlərin icra hakimiyyətinin inzibati binasına gəlməsinə ehtiyac olmadığını bildirib. O, “10 ilə yaxındır avtomobildən istifadə etmirəm. Məqsəd odur ki, vətəndaş icra başçısına yaxınlaşıb fikrini söyləyə bilsin” deməsi müzakirə yaradıb. Fikri müsbət qarşılayanlar olsa da, icra başçısının səmimiyyətinə şübhə edənlər də az olmayıb.
KONKRET.az xəbər verir ki, pravda.az-ın əməkdaşı R.Babaşovla əlaqə saxlamağa çalışıb. Telefona cavab verilsə də, qarşı tərəf susub və heç bir açıqlama verməyib. İcra başçısının birinci müavini Məmməd Alıyev isə zəngin media tərəfindən edildiyini öyrəndikdən sonra telefon danışığını sonlandırıb.
