“Orada bir nəfər var, sataşır mənə” – Yazıçı Anarla MÜSAHİBƏbackend

"Orada bir nəfər var, sataşır mənə" - Yazıçı Anarla MÜSAHİBƏ

Qarşısında dayandığım əzəmətli binanın sol divarındakı yazıya baxıram: “Azərbaycan Yazıçılar Birliyi”. Düz gəlmişəm. Yazıçı Anarla müsahibəyə hazırlaşandan həyacanım bitmir, indi də təlaşlıyam. Əsərlərini sevə-sevə oxuduğum, nə vaxtsa üz-üzə gələ biləcəyimi belə təsəvvür etmədiyim yazıçı Anarla müsahibə asan başa gəlmədi. Dünən müsahibənin verdiyi həyəcandan yıxıldığımı xatırlayanda gülümsəyirəm. Dizimin ağrısını, çantamın ağırlığını unudub içəri keçirəm.

-Kim lazımdır?

Ürkək səslə yalnız bunu deyə bilirəm: “Anar, yazıçı Anar”.

İkinci mərtəbəyə qalxmalı olduğumu deyir, sonra isə xəbərdar edirlər ki, bacısı yanındadır, bir qədər gözləməliyəm. Artıq bir neçə dəqiqədən sonra onunla üz-üzəydim. Beləliklə…

-“Beşmərtəbəli evin altıncı mərtəbəsi”ni yazdığınız illərlə bu günümüz arasında kəskin fərqlər varmı? Xüsusən də cəmiyyətin qadına münasibətində…

– Bu barədə saatlarla danışmaq olar. O dövrlə indinin əsas fərqi budur ki, indi cavanlar bir-biri ilə münasibəti internet, telefon vasitəsi ilə qururlar. Bu fərq isə mənim cavanlıq dövrümlə indiki dövr arasındakı əsas fərqlərdəndir. İndi münasibətlər də virtuallaşıb, şəxsi münasibətlər əsasən virtual dünyada qurulur, nəinki real həyatda…

– Bəs özünüz sosial şəbəkələrdən istifadə edirsinizmi?

– Yox, etmirəm. Ümumiyyətlə, mən heç vaxt sosial şəbəkələrdən istifadə etməmişəm.

– Sizin istifadə etmədiyiniz sosial şəbəkələrdə deputatlığa hazırlaşdığınızla bağlı paylaşımlar edilir. Maraqlıdır, seçkilərdə iştirak qərarınız qətiləşsə, hansı dairədən namizəd olmağı düşünürsünüz?

– Mən elə deməmişəm, onu çox səhv yazıblar. Bəlkə də qəsdən səhv yazıblar. Məsələ belə olub: mənə bir saytdan zəng etdilər ki, deputat olmaq fikriniz varmı? Dedim, elə bir fikrim yoxdur. Sonra jurnalist sual verdi ki, seçkilərdə iştirakla bağlı təklif gəlsə, münasibətiniz necə olar? Dedim, bunu o zaman fikirləşərəm. Vəssalam. Mən deməmişəm ki, təklif gələrsə, deputat olaram və ya kimdənsə təklif gözləyirəm. Sonra yenə zəng elədilər ki, kimdən təklif gözləyirsiniz? Dedim, heç kimdən. Sizdən də xahiş edirəm ki, müsahibəni olduğu kimi verin, hansısa anlaşılmazlıq olmasın.

– Sosial şəbəkələrdə sizi tənqid edən gənc yazarlar var. Onları şəxsən tanıyırsınızmı və həmin tənqidlərə münasibətiniz necədir?

– Heç məni kimlərin tənqid etdiyini də bilmirəm. Çünki sosial şəbəkələrdə olmadığımdan mən o tənqidləri nə görür, nə də oxuyuram. Ümumiyyətlə, internetə girmirəm. Hərdən “Yeni Müsavat” qəzetində tənqid görürəm. Orada bir nəfər var, sataşır mənə. Amma yalan yazır. Mən də mənə sataşana cavab vermirəm. Çünki mənim üçün əhəmiyyətsizdir. Nə yazırsa, yazsın. Amma xüsusilə atam və mənim haqqımda aşkar yalanlar yazılanda, buna cavab verirəm. O zaman da həmin adam çıxıb demir ki, yox, yazdıqlarım, danışdıqlarım yalan deyil. Qəbul edir ki, yalan danışıb və yalançıdır. Yalançı ilə nə mübahisə edəsən?

– Gənc tənqidçilərinizə nə demək istəyirsiniz?

– İnanıram ki, yaşlandıqca ağıllanacaqlar. İnsan gənclikdə bir qədər çılğın olur, bir az da təsir altına düşür. Kimlərsə kənardan onu “fitləyir”. Amma vaxt keçdikcə hər şeyi, kimin kim olduğunu daha yaxşı başa düşəcəklər. Həqiqətin harada olduğunu anlayacaqlar. Çoxu sonradan peşman olur.

-Anar müəllim, yalnız bir nəfərə zəng etmək imkanınız olsaydı, dostlarınızdan kimə zəng edərdiniz?

– Dostlarımın çoxu o biri dünyadadır. Ona görə də heç birinə zəng etmək imkanım yoxdur. (Gülür-red)

– Ananızın və atanızın yaradıcılığında ən çox bəyəndiyiniz və bəhrələndiyiniz məqamlar hansılardır?

– Onu demək çətindir. Çünki onların yaradıcılığı uzun bir dövr ərzində mənim gözümün qabağında olub. Yeniyetməlik dövrü başlayandan sonra onların şeirlərini həmişə sevə-sevə oxuyurdum. Çox vaxt onlar öz şeirlərini ilk dəfə bizə oxuyurdular. Ona görə də mən ayıra bilmərəm. Mənim üçün onların hamısı əziz və doğmadır.

– “Xarıbülbül” beynəlxalq musiqi festivalında iştirak etdiniz. Nə hisslər keçirirdiniz?

– İşğaldan azad edildikdən sonra Şuşaya ilk səfərimdə özümü fərəhli, qürurlu və xoşbəxt hiss etdim. Bu günü gördüyümə sevinirdim. Çünki Şuşa mənim üçün çox əziz məkandır. Şuşa mənim xatirlərimlə bağlı yerdir. İndi Şuşada çox əzəmətli tədbirlər keçirilir. Prezident oranı Azərbaycanın mədəniyyət paytaxtı elan edib. Mən hər dəfə Şuşada keçirilən tədbirlərdə böyük qürur və sevinc hissi ilə iştirak edirəm.

– Prezidentlə dəfələrlə görüşmüsünüz. Ən yaddaqalan və unutmayacağınız xatirə hansıdır?

– Prezident İlham Əliyev mənə Heydər Əliyev Mükafatı təqdim edəndə orada etdiyim çıxışı xatırlayıram. Dedim, 75 yaşım var, amma inanıram ki, mən sizinlə və burada iştirak edənlərin hamısı ilə birlikdə azad Şuşaya gedənə qədər yaşayacam. Mən sözümü tutdum.

– Gənclərə nə tövsiyə edərdiniz?

– Xalq yazıçısı kimi yox, yaşlı adam kimi, ədəbiyyatla uzun illərdir məşğul olan biri kimi gənclərə ancaq onu deyə bilərəm ki, şöhrət arxasınca qaçmasınlar. Tez tanınmaq istəməsinlər. Deməyə sözləri varsa, ədəbiyyat onların daxili tələbatıdırsa, ədəbiyyata gəlsinlər. Yox, mən gəlirəm ki, xalq yazıçısı olum, yaxud gəlirəm ki, vəzifə tutum, o zaman onlardan yazıçı olmayacaq. Çox vaxt da görürəm ki, gənclərin bəziləri məhz nəsə qopartmaq məqsədi ilə gəlirlər ədəbiyyata. Məqsəd budursa, onlardan heç bir şey olmayacaq”

Söhbətləşdi: Mədinə Useynova

KONKRET.AZ

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*