Dövlət qulluqçusunun 3 dəfədən artıq rotasiya olunmasına yol verilməyəcək.
KONKRET.az xəbər verir ki, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Dövlət Qulluğu Məcəlləsinin layihəsində əksini tapıb.
Layihəyə əsasən, dövlət orqanlarının kadr potensialından düzgün istifadə edilməsi, inkişafının təmin edilməsi, dövlət qulluqçularının peşəkarlıq səviyyəsinin yüksəldilməsi, şəffaflığın artırılması, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, korrupsiya hüquqpozmalarına şərait yarada bilən davamlı münasibətlərin yaranma ehtimalının və dövlət qulluğunda maraqlar toqquşmasının qarşısının alınması, həmçinin dövlət orqanında formalaşmış mütərəqqi təcrübənin geniş yayılması məqsədilə 1-5-ci kateqoriya dövlət orqanlarında inzibati vəzifə tutan dövlət qulluqçularının rotasiyası həyata keçiriləcək. Dövlət qulluqçuları rotasiya qaydasında başqa vəzifəyə təyin edilərkən onların qulluq keçdiyi inzibati vəzifənin təsnifatı, ixtisası, xidməti fəaliyyətinin qiymətləndirilməsinin nəticəsi, qulluq stajı, habelə yaşı, ailə və sağlamlıq vəziyyəti nəzərə alınacaq. Müvafiq inzibati vəzifədə 5 (beş) ildən az qulluq keçən dövlət qulluqçuları rotasiya olunmur. Dövlət qulluqçusunun 3 dəfədən artıq rotasiya olunmasına yol verilməyəcək. 1-5-ci kateqoriya dövlət orqanlarında inzibati vəzifə tutan dövlət qulluqçularının rotasiyası qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediliəcək.
Qeyd edək ki, hazırda “Dövlət qulluqçusunun rotasiyası Qaydası”na görə, rotasiya vəzifələrinə azı 3 dəfə (ümumilikdə 15 ildən az olmayaraq) rotasiya olunan şəxslər onların razılığı əsasında rotasiya olunurlar.
