Osman Nurməhəmmədov: “Bura isə yalnız qızıl medal üçün gəlmişdim”backend

Osman Nurməhəmmədov: "Bura isə yalnız qızıl medal üçün gəlmişdim"

“Ötən il ilk dəfə dünya çempionatında iştirak edirdim. Hədəfim fəxri kürsüyə qalxmaq idi. Bura isə yalnız qızıl medal üçün gəlmişdim”.

KONKRET.az-ın məlumatına görə, bunu Serbiyanın paytaxtı Belqraddakı dünya çempionatında 92 kq çəki dərəcəsində bürünc medal qazanmış Azərbaycan sərbəst güləşçisi Osman Nurməhəmmədov Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinə müsahibəsində deyib.

Dağıstan əsilli pəhləvan ciddi rəqiblərə qalib gəldiyini bildirib: “Təəssüf ki, yenə yarımfinalda uduzdum. Səhvlərin üzərində işləmək lazımdır”.

Nurməhəmmədov ona hər zaman dəstək olan və inanan Azərbaycan xalqına, Azərbaycan Güləş Federasiyasına və məşqçilərə təşəkkürünü bildirib: “Onlar ilboyu bizə kömək edərək, üzərimizdə işləyirlər. Həmçinin, bizə dəstək olan azarkeşlərə “çox sağ olun” demək istəyirəm. Komandamız hələ gəncdir, böyük uğurlarımız irəlidədir. Ceyden Koksla ilk dəfə qarşılaşırdım. Lakin onunla ünsiyyətdə olurdum, tanış idik. Arzum onunla güləşmək idi. İkiqat dünya çempionudur, fiziki cəhətdən güclü idi. Mən sürət və texnika sarıdan ondan geri qalmıram. Sadəcə, fiziki gücümü bir qədər də artırmalıyam. Bundan sonra isə dünya çempionu ola bilərəm”.

İstedadlı pəhləvan qarşıdakı hədəflərindən də danışıb: “Qarşıda bizi lisenziya xarakterli dünya çempionatı və hamı üçün vacib olan olimpiada gözləyir. İnanıram ki, hazırlaşaraq, yaxşı nəticə göstərəcəyik. Olimpiya çəki dərəcəsinə keçməyi düşünürəm. Lakin hansı kateqoriyada güləşəcəyimə hələ qərar verməmişəm. Bunu gələn il görəcəksiniz”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*