Amerikadan Hindistana buz daşıyan gəmi: XIX əsrin ən qeyri-adi ticarət möcüzəsibackend

Amerikadan Hindistana buz daşıyan gəmi: XIX əsrin ən qeyri-adi ticarət möcüzəsi

1833-cü ildə Amerikadan isti Hindistana dünyanın ən qəribə yüklərindən biri ilə gəmi yola düşdü. Gəminin anbarlarında adi çay və göllərdən kəsilmiş nəhəng buz parçaları vardı. Səyahət bir neçə ay davam edəcəkdi.

Halbuki gəminin çatacağı ölkədə yay istisi dözülməz həddə çatırdı.

İlk baxışdan bu, uğursuzluğa məhkum bir təşəbbüs kimi görünürdü. Axı buz okeanı keçənədək əriyib suya çevrilməli deyildimi? Lakin bu qeyri-adi biznes ideyası gözlənilmədən uğur qazandı.

Hər şey XIX əsrin əvvəllərində Boston şəhərində yaşayan sahibkar Frederik Tüdorun ideyası ilə başladı. O, təbii buzu tropik ölkələrin sakinlərinə satmağı qərara almışdı. Müasirləri onun planlarına istehza edirdilər. Onların fikrincə, donmuş suyu okeanın o tayına daşımaq mənasız iş idi.

Lakin Tüdor mühüm bir xüsusiyyəti kəşf etmişdi: istilikdən qoruyan materiallarla diqqətlə örtülmüş böyük buz kütlələri ayrı-ayrı kiçik buz parçalarına nisbətən daha gec əriyirdi.

Qış aylarında Yeni İngiltərənin donmuş göllərinə və digər su hövzələrinə fəhlələr çıxırdılar. Əvvəlcə qar təmizlənir, sonra buzun üzərində tor şəklində xətlər çəkilirdi. Xüsusi kotanlar və mişarların köməyi ilə buz nəhəng, düzbucaqlı bloklara bölünürdü.

Atlar bu ağır blokları sahilə çıxarmağa kömək edirdi. Daha sonra buzlar xüsusi anbarlarda yerləşdirilir, onların arasına və ətrafına yonqar tökülürdü. Əvvəllər elə də qiymətli hesab edilməyən ağac yonqarı birdən-birə beynəlxalq ticarətin mühüm materialına çevrilmişdi.

180 ton buz okeanı keçdi

1833-cü ilin mayında Tuscany adlı gəmi Boston limanından təxminən 180 ton buzla yola düşərək Hindistanın Kəlküttə şəhərinə istiqamət aldı.

Gəmi Hindistana çatanda yükün xeyli hissəsi, həqiqətən də, ərimişdi. Lakin təxminən 100 ton buzu qoruyub saxlamaq mümkün olmuşdu!

Təsəvvür edin: tropik iqlimi olan bir şəhərdə kiməsə Amerikanın qışda donmuş gölündən gətirilmiş əsl buz parçası təklif edilir. Bu, həmin dövr üçün sözün əsl mənasında möcüzə idi.

Buzdan içkiləri soyutmaq, müxtəlif desertlər hazırlamaq, bəzi ərzaqları saxlamaq və tibbi məqsədlər üçün istifadə olunurdu. Xüsusilə müstəmləkə şəhərlərində yaşayan imkanlı avropalılar bu məhsula böyük maraq göstərirdilər.

Tezliklə Hindistanda buz saxlamaq üçün xüsusi anbarlar tikilməyə başladı. Ticarət genişlənərək Asiyanın digər liman şəhərlərini də əhatə etdi.

Buz beynəlxalq ticarət məhsuluna çevrildi

XIX əsrin ortalarına doğru təbii buz ticarəti böyük bir sənayeyə çevrilmişdi. Okeanları yelkənli gəmilər vasitəsilə buz yükləri ilə keçmək adi hala gəlirdi. Buzun kəsilməsi, daşınması və saxlanması işlərində minlərlə insan çalışırdı.

Lakin zaman keçdikcə soyuducu texnologiyalarının inkişafı və dünya ticarətindəki dəyişikliklər bu biznesi əvvəlki qədər gəlirli olmaqdan çıxardı.

Bu hekayənin ən heyrətamiz tərəfi odur ki, bütöv bir beynəlxalq ticarət sistemi daşınma zamanı sözün həqiqi mənasında yoxa çıxan bir məhsulun ətrafında qurulmuşdu.

Bu gün soyuducunun qapısını açaraq bir neçə saniyəyə buz əldə edə bilirik. Halbuki bir vaxtlar sadəcə soyuq içki içmək üçün gəmi dünyanın yarısını dolaşmalı olurdu.

Hazırladı: Rəsmiyyə Şərifova,

KONKRET.az

Müəllif: Valentin Anpenov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*