BAKININ NƏQLİYYAT AĞRISI (B.N.A)

İctimai nəqliyyatın qeyri-rentabelli işləməsi və avtobusların gecikməsi ilə bağlı son günlər daha intensiv səslənən fikirlərin məntiqi davamı gəldi. Artıq müxtəlif dairələrdə qiymət artımı barədə daha ucadan danışmağa başlayıblar.
Bakıda nəqliyyatın işinin tənzimlənməsi ilə BNA məşğul olur. Bu şirkət paytaxt nəqliyyatının fəaliyyətini həyata keçirmək əvəzinə nədənsə, birdən-birə dayanma-durma qaydalarının pozulmasına görə cərimə səlahiyyətlərinə də sahib olmaq qərarına gəldi. Elə məncə problem də bundan başladı… Baxmayaraq ki, DYP zatən həmin funksiyanı yerinə yetirirdi. Beləliklə, artıq düzgün park olunmayan avtomobil sürücülərini həm DYP, həm də BNA cərimə ilə “sevindirirdi”. Əminəm ki, BNA ona həvalə edilən əsas funksiyanı yerinə yetirmək əvəzinə böyük resurslarını məhz bu işə, yəni cərimə prosesini həyata keçirməyə yönəltmişdi. Gecikən anma, bəzən son dayanacaqlarda nəyə görəsə düzülüb nəyisə gözləyən avtobuslar, sürücülərin qeyri-etik davranışları, ümumilikdə bərbad idarəetmə sistemi haqlı olaraq sakinlərin kütləvi, haqlı narazılığının əsas səbəbidir. Kaş ki, BNA cərimə prosesində göstərdiyi operativliyi, tətbiq etdiyi texniki və intellektual yenilikləri ictimai nəqliyyatın inkişafına da yönəldərdi… Məsələn, dayanacaqlarda olan elektron lövhələr niyə işləmir? İllər əvvəl dövlətin vəsaiti hesabına alınaraq dayanacaqlarda paslanan yüzlərlə lövhələrin taleyi onları düşündürürmü heç? Əcaba, DYP ola-ola cərimə etmək səlahiyyəti axı BNA-nın nəyinə gərəkdir? Yox… deməyin ki, bu işdə milyonlar gəlir var filan….Mən buna inanmaram!
GƏLİR HARA GEDİR?
BNA illərdir Bakı şəhərindəki avto park yerlərinə təxminən bu məzmunda lövhələr vurub: “Qiymətlər müəyyən edilənədək dayanacaqlar pulsuzdur”. Amma, siz bu dayanacaqların pulsuz olduğunu görmüsünüzmü? Əsla! Hər bir dayanacağın xüsusi uniformalı, yaxasında vəsiqələri olan əməkdaşları var və bu şəxslər səhərdən axşamadək qarşılığında heç bir çek vermədən sürücülərdən ödəniş toplayırlar. BNA ona həvalə olunmuş birbaşa funksiyanı yerinə yetirərək nədən dövlət tərəfindən dayanacaqlar üçün rəsmi qiymətlərin müəyyən edilməsinə çalışmır? Burada onların marağı nədir? Hər gün toplanan böyük vəsait hara gedir? Niyə BNA bu vəsaitin dövlətin büdcəsinə yönəlməsinə nail olmur? Ən azı bu vəsait büdcəyə daxil olsaydı BNA bəlkə ziyanla çalışmayacaqdı? Yoxsa?…
Bakıda durmadan artan özəl taksi şirkətləri və taksi kimi çalışan şəxslər üçün lisenziya verilməsi prosesini də BNA ya həvalə edib bundan da böyük vəsait əldə etmək mümkündür. (Bu funksiyanın hansı qurumda olduğunu bilmirəm. Bəlkə də elə BNA-dadır).
Alın, bu da sizə əlavə və kifayət qədər böyük vəsait!
BNA avtobusları və bir çox özəl daşıyıcılarda ödəniş kartla həyata keçirilir. Amma, avtobus dayanacaqlarında kartlara pul yükləmək üçün aparatlar demək olar ki, yoxdur. Bundan başqa, Bakı kartlara online vəsait yükləmək istəsəniz ən yaxşı halda pul 15 dəqiqə sonra oturacaq. Bəndəniz bu işin bir neçə saat, bəzən bir gün çəkdiyinin şahidi olub. Bu prosesi tezləşdirmək mümkün deyilmi? Əlbəttə ki, mümkündür…
Çox şey mümkündür əslində…
Ən azı dövlətin küllü-miqdarda vəsaitini havaya sovuraraq ziyan etmək əvəzinə, idarəetməyə, gəlirlərə, xərclərə, resurslara daha məsuliyyətli şəkildə yanaşmaq lazımdır!
