Öz aramızdır: “Hamısı Əli Mirəliyevin işləridir” – TOY TUTMAQ, yoxsa TORBA TİKMƏK?backend

Öz aramızdır: "Hamısı Əli Mirəliyevin işləridir" - TOY TUTMAQ, yoxsa TORBA TİKMƏK?

“Öz aramızdır”da budəfəki həmsöhbətimiz sevilən müğənni Əli Mirəliyevdir. Sənətkar cavanlığında çağırıldığı toyu üç protezli musiqiçi ilə necə yola verdiyini belə nəql edir:

“Bir gün rəhmətlik Əbülfət Əliyev məni toya aparmaq istədiyini dedi. Mən də cavan oğlandım, özüm də Mahnı-rəqs ansamblında işləyirdim. Əbülfət Əliyevlə toya getməyi də özümə böyük bir xoşbəxtlik bilirdim. Amma bilmirdim ki, heç bir musiqiçi onunla toya getmək istəmirmiş. Ona görə ki, pullarını kəsir, razı salmırmış. Mənim də bundan xəbərim yox idi. Nə isə. Getdim Filarmoniyadakı Musiqiçilər bağına, bir-iki tar-kamança çalana yaxınlaşdım. Soruşdular ki, toyu aparan müğənni kimdir? Dedim, Əbülfət Əliyev. Hamısı imtina elədi. Axırda bir dəmkeş vardı – Əli əmi. Ondan soruşdum ki, burda heç kimin yaxın durmadığı musiqiçilər kimdi? Əliylə birini göstərdi, gördüm ağaca söykənib. Yaxınlaşdım ona, amma bilmirəm ki, ayağının biri protezdir. Tarçalan idi. Razılaşdıq. Birtəhər bir kamançaçalan da tapdım. Sən demə, onun da bir barmağı yox imiş. Nə isə, bunları yığıb, Əbülfətin yanına gətirdim, maşına oturub, getdik toy evinə. O vaxt da toylar iki gün keçirilirdi axı. Deməli, birinci gün toy qurtardı, yeyib-içdik, yatmaq vaxtı gələndə Əbülfət qayıtdı ki, “sökülün, yataq” (gülür). Rəhmətliyin bir gözü protez idi axı. “Sökülün”, – deyib, əl atdı gözünə, çıxarıb qoydu stəkanın içinə. Dalınca da tarçalan ayağının protezini, kamançaçalan barmağının protezini çıxarıb qoydular kənara. Toy yiyəsi də mat-məəttəl baxıb Əbülfətdən soruşdu ki, qardaş, Bakıda bir normal musiqiçi yox idi, bu şikəstləri yığıb gətirmisən? O da atdı mənim üstümə ki, mənlik deyil, bu, Əli Mirəliyev var ee, xuliqan, bandit, hamısı onun işləridir… (Gülür)”.

Sevinc Paşayeva,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*