KONKRET.az deputat Qüdrət Həsənquliyev mediaya açıqlamasında çox mühüm məqamlara toxunub. Millət vəkili bildirib ki, Prezident İlham Əliyev tərəfindən başladılmış islahatlar bir çox məsələlərlə əlaqədar olaraq vəziyyəti köklü dəyişəcək. Onun sözlərinə görə, “Yerlərdə bəzi icra başçıları özlərini feodal kimi aparırlar, insanlarla həddindən artıq kobud davranırlar, rayonlarda çox sərt rejim formalaşdırıblar. Bəzi rayonlardan, bölgələrdən Bakıya hətta şikayət ərizələrinin göndərilməsində məhdudiyyətlər var. Poçt şöbələrindən məktubları belə qoymurlar Bakıya gəlsin, şikayətlərin gəlməyinə məhdudiyyət yaradırlar. Yəni bölgələrdə vəziyyət daha çətindir və acınacaqlıdır. Hətta prezident maraqlı bir fakt açıqladı ki, Heydər Əliyev mərkəzləri tikilib, bu boyda xərc qoyulub, amma onlardan məqsədəuyğun şəkildə istifadə olunmur, orada tədbirlər keçirilmir. Yəni rayonlardakı gənclərlə, ictimai-siyasi fəal insanlarla, QHT təmsilçiləri ilə görüşlər keçirmək olar. Bu baxımdan rayonlarda vəziyyət daha ağırdır. Açığını deyim ki, rüşvətxorluğun səviyyəsi rayonlarda daha yüksəkdir. Mən çox məmnun oldum ki, prezident bu barədə məlumatlıdır və ona görə də çox sərt xəbərdarlıq etdi, bildirdi ki, əgər belə hallar olsa, cəzalandırılacaqlar”.
Deputat deyib ki, “Prezidentin bu tipli informasiyalar alması ölkədə vəziyyətin dəyişməsi üçün çox önəmlidir. Amma mexanizmlər yaradılmalıdır. Dövlət institutları işləməlidir, ictimai institutlar fəaliyyət göstərməlidir, siyasi partiyaların fəaliyyəti olmalıdır, mətbuatın imkanları genişləndirilməlidir ki, bu nöqsanları işıqlandırsın. Prezident dedi ki, o, mətbuat vasitəsilə bunlardan xəbər tutub. Deməli, tənqidi mətbuatın imkanları genişləndirilməlidir. Buna çox böyük ehtiyac var. Ona görə ki, mətbuat həm də bizim cəmiyyətin güzgüsüdür, cəmiyyətin bütün eyiblərini, problemlərini açıb ortaya qoyur. Bu da çox önəmlidir. Ona görə ki, mövcud problemləri gizlətmək lazım deyil, üstünə gedib həmin problemləri həll etmək lazımdır. O problemlərin yığışıb qalması sonda üfunətli vəziyyət yarada bilər. Düzdür, müəyyən işlər görülür.
Ölkədə struktur islahatlarının aparılmasına ehtiyac var. Bələdiyyələrin səlahiyyətini genişləndirmək lazımdır ki, seçkili orqanlar kimi onların imkanları olsun. İcra hakimiyyətlərinin səlahiyyətləri xeyli dərəcədə məhdudlaşdırılmalıdır, bir çoxunun funksiyaları bələdiyyələrə verilməlidir, hansı ki, seçkili orqandır, yerli özünüidarə orqanıdır. İnsanlar birbaşa seçirlər və onlar birbaşa vətəndaşların qarşısında məsuliyyət daşıyırlar. İcra başçıları indi rayon ictimaiyyəti qarşısında məsuliyyət daşımır, onlar ancaq prezident qarşısında məsuliyyət daşıyır. Ona görə də bu islahatlar aparılmalıdır. Həmçinin məhkəmə-hüquq islahatları dərinləşdirilməlidir, hakimlərin səlahiyyətləri artırılmalıdır. Hakimlərin vəzifədən kənarlaşdırılması çətinləşdirilməlidir, bu, yalnız cinayət törətməklə məhdudlaşdırılmalıdır. Əslində bu, konstitusiyada da belə yazılıb. Hakimlər ömürlük təyin olunmalıdır.
Qanunun aliliyinin gücləndirilməsi istiqamətində müəyyən addımlar atılmalıdır. Parlamentin fəaliyyəti gücləndirilməli, genişləndirilməlidir. Düşünürəm ki, bu tipli addımlar atmaqla biz doğrudan da ölkəmizdə böyük bir iqtisadi sıçrayışa nail ola bilərik. Yəni qeyri-neft sektorunu inkişaf etdirə, ölkəmizə investisiya axınını təmin edə, azərbaycanlı sahibkarların ölkədən valyutanı xaricə çıxartmasının qarşısını ala, bir çox sosial problemləri həll edə bilərik. Bunun üçün ölkədə böyük özəlləşdirməyə gedilməlidir. Xidmət sahələri özəlləşdirilməlidir. Yəni bu kadr dəyişiklikləri böyük islahatların, sadəcə, başlanğıcıdır ki, yeni kadrlar o islahatları həyata keçirsinlər. Amma düşünürəm ki, əsas işlər hələ qabaqdadır”.
“Prezidentin 70 yaşını adlamış məmurlara tövsiyəsindən sonra yaşlı deputatların bəziləri aşkar şəkildə narahat olublar. Hesab olunur ki, qaçmağı, üzməyi bacardıqlarını deyən bəzi deputatlar bununla həm də müqavimət göstərirlər. Siz bu haqda nə deyə bilərsiniz? Deputat üçün yaşın fərqi varmı?”, – sualına Qüdrət Həsənquliyev belə cavab verib.
– Seçkili vəzifələr üçün yaşın heç bir fərqi yoxdur. Ona artıq xalq baxır, qiymətləndirir. Sözsüz ki, həmin adamı seçəndə də onun fiziki imkanlarını nəzərə alır, xüsusilə də beyninin işləməsini, düşünmək imkanlarını. Bir var insan fiziki qüsurlu olsun, məsələn, ayaqları olmasın… Məsələn, vaxtilə ABŞ-da Ruzveltin də fiziki problemləri var idi.
Amma bu adam adını 4 dəfə ABŞ prezidenti seçilmiş dövlət adamı kimi tarixə yazdırdı. O baxımdan yaş məsələsi seçkili orqanlara aid olan məsələ deyil. Bu, yalnız icra orqanlarına aid məsələ olmalıdır. Ona görə ki, əgər ölkədə pensiya yaşı 65 yaşdırsa, bunu da qanunla 5 il uzatmaq olarsa, 70 edir. Düzdür, “Dövlət qulluğu haqqında” qanun siyasi vəzifələrə şamil olunmur. Amma mən hesab edirəm ki, bu, çox doğru, düzgün, ədalətli qərardır.
Yenə də o fikirdəyəm ki, prezident, parlament, bələdiyyə seçkilərində seçilən insanlara bu, şamil olunmur, çünki orada artıq qiymətləndirmə vətəndaşın ixtiyarına buraxılır. Vətəndaş hesab edirsə ki, onu 80 yaşı olsa belə, filankəs daha yaxşı təmsil edə bilər, onu seçir. Eyni zamanda həmin şəxsin namizədliyini irəli sürən siyasi partiya o faktoru nəzərə alır ki, bu yaşda bu adam partiyanı necə təmsil edə bilər. İstənilən halda son sözü xalq deyir. Amma icra hakimiyyəti başçıları üçün prezident bu məsələdə ortaya çox doğru mövqe qoydu.
