“Parlamentdə təmsil olunacaq yeni simalara ümid böyükdür” – ŞƏRHbackend

"Parlamentdə təmsil olunacaq yeni simalara ümid böyükdür” - ŞƏRH

Dünən Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirildi. Mərkəzi Seçki Kommisiyasının açıqladığı ilkin nəticələrdən sonra 125 deputatın adı məlum olub. Ölkə  ictimaiyyətinin yeni parlamentdən gözləntiləri böyükdür.

Görəsən, onlar gözləntiləri doğrulda biləcəkmi? Milli Məclis (MM) üzvlərinin qarşısında daha hansı hədəflər dayanmalıdır?

Mövzu ilə bağlı KONKRET.az-a danışan Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Xəyal Bəşirov parlamentin ölkə üçün böyük əhəmiyyət kəsb etdiyini bildirib:

“Geridə qalan seçkilərin özünəməxsus özəllikləri var idi. Öncəliklə onu demək olar ki, bu, ölkənin bütün ərazilərində keçirilən ilk parlament seçkiləri idi. Sözgedən fakt ona imkan verirdi ki, insanlar daha aktiv olsun. Təbii ki, dünyanın digər ölkələrində də ideal seçki olmur. Azərbaycanda da müəyyən qədər çatışmazlıqlar var idi. Bəzi xoşagəlməz hallar yaşandı, videolar yayıldı. Bunlara hüquqi qiymət veriləcək. Ancaq qayda pozuntularının ümumi nəticəyə ciddi təsir edəcəyini düşünmürəm. Yaxın vaxtlarda parlamentin yeni tərkibi təsdiq olunacaq. Milli Məclis qanunverici orqan olsa da, prezident idarəetmə üsulunda da mühüm əhəmiyyət kəsb edir. Baxın, bir çox ölkələr Azərbaycana qarşı parlament üzərindən hücuma keçərək, müəyyən sənədlər qəbul edirlər. Fransa, Niderland, ABŞ, həmçinin AŞPA-da bu kimi hallara rast gəlinib. Bu məqamları nəzərə alsaq, Azərbacan parlamentinin üzərinə ciddi missiyanın düşdüyünü deyə bilərik”.

Ekspert Milli Məclisdə yeni təmsil olunan deputatlardan ümidli olduğunu deyib:

“Azərbaycan parlamentində 7-ci dəfə təmsil olunan və ya ailə üzvlərinin seçilməsi üçün əlindən gələni edən şəxslərdən nəsə gözləmək olmaz. Ancaq yeni simalar var, Onlardan gözləntilər yüksəkdir. Düzdür, gənclər mütləq əksəriyyəti təmsil etməsələr də, müsbət istiqamətdə addım ata bilərlər. Bundan başqa, digər üzvlər də boş oturmamalıdırlar. Tək təşviqat dönəmində deyil, digər zamanlarda da insanların arasında olmalı, onlara köməklik göstərməlidirlər. Yol çəkmək, işıq problemini həll etmək kimi boş vədlər yerinə real məsələlər qaldırılmalı və həlli üçün səy göstərilməlidir. Onlar bu addımlarla həm də əhalinin növbəti seçkilərdəki aktivliyini daha da artıracaq. Parlamentin önündə duran digər vəzifə isə Azərbaycanın qələbəsini bütün dünyaya tanıtmaq olmalıdır”.

Məlik Məlikov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*