Parlamentin buraxılma ehtimalları: Ölkədə nə baş verir?backend

Parlamentin buraxılma ehtimalları: Ölkədə nə baş verir?

Məlum olduğu kimi, son günlərin əsas mövzu və müzakirələrindən biri də Milli Məclisin sabiq deputatı Eldəniz Səlimovun əməlləri ətrafında baş verən proseslərlə bağlıdır. Artıq Eldəniz Səlimovun deputat toxunulmazlığına xitam verilib və haqqında həbs qətimkan tədbiri seçilib. Düzdür, millət vəkilinin həbsindən sonra onu müdafiə edənlər də oldu, qarşı çıxanlar da. Lakin hər şeyə rəğmən millət vəkilinin törətdiyi özbaşınalığın cavabı verilməklə yanaşı, həm də bir sıra məqamları gündəmə gətirdi. Belə ki, bəzi millət vəkillərinin öz deputat mandatlarından həm də toxunulmazlıq üçün istifadə etdiyi və özbaşınalıqlarına haqq qazandırmaları ehtimalları artırdı. Bir sıra deputatların da sabiq həmkarını müdafiə etmələri də birmənalı qarşılanmadı. Bu isə həm də Milli Məclisin gələcək taleyi, toxunulmazlıq hüququnun ləğvi, parlamentin buraxılması, islahatlar və s. barədə suallara səbəb oldu.

KONKRET.az-ın bu mövzuda suallarını Azərbaycan Yüksəliş Partiyasının (AY Partiya) başqanı Anar Əsədli cavablandırıb.

– Anar bəy, son günlər Milli Məclisdə baş verənlər deputatların toxunulmazlıq məsələsini yenidən gündəmə gətirir. Belə ki, millət vəkilləri mandatdan sanki toxunulmazlıq, istədiklərini etmək üçün istifadə edirlər. Belə olan halda, millət vəkillərinin toxunulmazlıq hüququ aradan qaldırılmalıdırmı və qaldırıla bilərmi?

– Əslində, bütün ölkələrdə deputatların toxunulmazlıq hüququ olur. Amma qanunu pozan, səlahiyyətlərindən sui-istifadə edən deputatların toxunulmazlıq hüququnun ləğv edilməsi də qanunla təsbit edilən bir prosedurdur. Adətən, seçki saxtakarlığının geniş vüsət aldığı totalitar cəmiyyətlərdə belə hallara tez-tez rast gəlinir ki, bu da təyinatlı deputatları buxov altında saxlamaq məqsədi daşıyır. Demokratik dəyərlərin bərqərar olduğu ölkələrdə isə bu cür presedentlər çox nadir hallarda baş verir. Çünki xalqdan səs alan deputatlar, öz seçiciləri qarşısında məsuliyyət hiss edir, qanunsuz əməllərə nəinki yol verirlər, hətta bu cür halların qarşısının alınmasına çalışırlar. Bizim Milli Məclisə gəldikdə isə, artıq neçə onilliklərdir ki, millət vəkili sarıdan bizim bəxtimiz gətirmir ki, gətirmir. Dəfələrlə ən müxtəlif səbəb və ya bəhanələrlə deputatların toxunulmazlıq hüququnun ləğv olunduğunun şahidi olmuşuq. Bu, çox təəssüfdoğurucu bir vəziyyətdir. Belə hallar isə təbii ki, qanunverici orqana olan inamsızlığı daha da artırır.Və necə ki, ölkəmizdə normal, demokratik seçkilər keçirilməyib, hələ çox belə “seçki məzhəkələri”nin şahidi olacağıq. Bir daha təkrar edirəm, millət vəkilinin toxunulmazlığı məsələsi bütün sivil dünyada qanunla qorunan bir qırmızı xətdir. Yəni ölkənin qanunverici orqanına seçilmiş şəxslər əlahiddə səlahiyyətə malik olur. L,akin bu sözsüz ki, millət vəkilinin qanunu pozmasına xidmət etmir. Gülməlidir ki, qanunverici orqanın üzvü qanunu pozur və gözləyir ki, toxunulmazlığı onu qoruyacaq.

– Bəs onda bizi – siravi vətəndaşları kim qorumalıdır?

– Bu səbəbdən toxunulmazlıq keçilməsi mümkün olmayan sədd deyil. Qanun qarşısında hamı eyni olmalıdır. Heç kimə sirr deyil ki, Milli Məclisə seçkilər zamanı külli miqdarda qanun pozuntusu oldu və nəticədə balaqdan çıxan deputatlar parlamentdə təmsil olundular. İndi də elə sanırlar ki, bunları seçilməsində rol alan yüksək rütbəli məmurlar bunlara yiyəlik etməlidir. Özləri şah olmasa da, şahı özlərinin yiyəsi saymaq istəyirlar. Nə deyim, ayıbdır vallah. Baş verənlər fonunda həm də bəzi millət vəkillərinin mövqeyi maraq doğurur.

– Bu istiqamətdə millət vəkili Tahir Kərimlinin həbs edilən Eldəniz Səlimovu qətiyyətlə müdafiə etməsi də maraq doğurur. Ehtimal ki, öz qanunsuz əməllərinə haqq qazandırmaq istəyirlər. Bəs, bu nədən xəbər verir?

– Tahir Kərimli və onun kimiləri xalq tərəfindən seçilmədiklərini yaxşı bilirlər. Onlar anlamaq məcburiyyətindədirlər ki, ən elementar bir səhvin müqabilində və ya yuxarının gözündən düşdükləri təqdirdə, belə bir gün onlar üçün də ola bilər. Ona görə Tahir Kərimlinin bu hərəkətini necə deyərlər, özünümüdafiə instikti də hesab etmək olar. Bütün hallarda isə biabırçı bir çıxış idi.

– Son növbədənkənar seçkilərin keçirilməsi cəmiyyətdə böyük ümid yaratmışdı ki, islahatlar olacaq, yeni simalar gələcək və dəyişikliyə qədəm qoyulacaq. Amma indi görürük ki, ümidlər heç də özünü doğrultmayıb. Sizcə, yenidən seçkilər keçirilməlidirmi?

– Bəli, doğrultmadı. Bu məsələdə bizim də mövqeyimiz lap əvvəldən bəlli idi. Bəli, ölkədə mutləq demokratik seçkilər keçirilməlidir. Bu, indiki vaxtda – İkinci Qarabağ Savaşından sonra, insanların yüksək əhvalda olduğu bir zamanda çox vacibdir. Demokratik seçkilərin keçirilməsi bütünlükdə cəmiyyəti arındırıb durulda bilər. Vətəndaşların böyük ümidlə gözlədiyi islahatların əsas məqamı da məhz normal, çağdaş dövrün tələblərinə cavab verən parlament seçkisindən keçə bilər.

– Seçkilər demişkən, həm də proporsional seçki sisteminə keçid edilə bilərmi? Ehtiyac varmı buna? Ümumiyyətlə, parlamentdə hansı dəyişikliklər olmalıdır?

– Seçki islahatlarının ən vacib detallarından biri, heç şübhəsiz ki, proporsional seçki sisteminin bərpa olunmasıdır. Proporsional sistem özlüyündə cəmiyyətdə vətəndaş fəallığının artması, siyasi qüvvələrin balanslaşdırılması baxımından mühüm əhəmiyyətə malikdir. Bu sistemin həyata keçirilməsi, proporsional qaydada baş tutacaq seçkilər, nəticə etibarilə, gənc, enerjili, sağlam qüvvələrin parlamentdə təmsil olunmasına rəvac verəcək ki, buna da cəmiyyətimizin çox böyük ehtiyacı var. Yoxsa özlərinə yiyə axtaran, ya da polis döyən deputatlar gündəmi hələ çox məşğul edəcək.

– Ümumi olaraq, son baş verən hadisələrdən hansı nəticələri çıxarmaq və necə qərar vermək lazımdır?

– Qısaca olaraq onu deyim ki, ölkədə mühüm hadisələr baş verib və bu proses davam edir. Cərəyan edən əhəmiyyətli hadisələr fonunda cəmiyyəti yönəldən siyasi qüvvələr diqqətli olmalı, xalqın mənafeyinə uyğun addımlar atmalıdırlar. Amma heç şübhəsiz ki, əsas qərar hakimiyyət tərəfindən olmalıdır. Çünki ən böyük məsuliyyət onun boynundadır.

Mərahim Nəsib,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*