Partiya rəhbərindən gözlənilməz çıxış – Ərdoğan planını işə salırbackend

Partiya rəhbərindən gözlənilməz çıxış - Ərdoğan planını işə salır

“Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalının qrup toplantısındakı bugünkü çıxışı sensasiya xarakterlidir. Terrorçu PKK təşkilatının həbsdə olan lideri Abdullah Öcalanı nəzərdə tutan MHP lideri “onun təcrid olunması aradan qaldırılarsa, o Türkiyə Böyük Millət Məclisindəki qrup toplantısında çıxış etməli və terrora son qoyduğunu açıq şəkildə bəyan etməlidir” cümləsini səsləndirdi. Baxçalı çıxışında onu da söylədi ki, Öcalan PKK-nın siyasi qanadı sayılan DEM Partiyasının sıralarına qatılsın və silahı yerə qoyduğunu bəyan edib, terrorun tamamən bitdiyini, təşkilatın ləğv edildiyini hayqırsın. Bunu milliyətçilərin liderinin dilindən eşitmək təəccüblüdür, çünki türk milliyətçiləri illər uzunu PKK ilə danışıqların və razılaşmaların əleyhinə olublar”.

KONKRET.az xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.

Ekspert qeyd edib ki, bu, Prezident Ərdoğanın planı ola bilər:

“Baxçalı Əradoğanın ortağıdır. Ərdoğan milliyətçi ortağının mövqeyini bilmədən Öcalanı sərbəst buraxaraq PKK-nın tərksilah olunması prosesinə başlamazdı. Ona görə də Ərdoğan əvvəlcə Baxçalının mövqeyini öyrənib, razılaşma əldə etdikdən sonra bu mövzuda birinci onun danışmasını istəyib. Baxçalı Ərdoğanın işini asanlaşdırıb. Bəs Ərdoğan indi niyə PKK məsələsini tərksilah yolu ilə həll etmək istəyir? Türkiyə ordusu son illərdə PKK-ya dağıdıcı zərbələr vurub. Buna baxmayaraq, PKK Türkiyəyə qonşu olan dövlətlərdə varlığını qoruyur və bu terrorçulardan müxtəlif dövlətlər öz məqsədləri üçün Türkiyəyə qarşı istifadə edirlər. Ərdoğan bir dəfə “kürd açılımı” ilə problemi həll etməyə çalışdı, kürdlərə müxtəlif hüquqlar verildi, ancaq PKK silahı yerə qoymaq əvəzinə yenidən terrora başladı. Bu dəfə də belə olsa, yenə alınmaya bilər. Öcalan terrorçu tərəfdarlarına “silahları yerə qoyun” çağırış edərsə, əfv məsələsi gündəmə gələ bilər. Ancaq Öcalanın terrorçular arasında bu çağırışını eşidənlər olacağı kimi, terrora davam etmək istəyənlər də ola bilər. Bütün hallarda Türkiyənin terror problemindən qurtulmasına ehtiyac var, yaxın günlərdə qardaş dövlətdə maraqlı proseslərin şahidi olacağıq”.

Məlik,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*