Moskvadakı elit restoranda baş verən partlayış Rusiyada gözlənilməz qalmaqala səbəb olub. Hadisədən sonra diqqətlər general Aleksandr Çaykonun dəbdəbəli məclisinə yönəlib.
KONKRET.az xəbər verir ki, müharibə tərəfdarı Z-kanallarda əsas narazılıq təkcə generala qarşı ehtimal edilən sui-qəsdlə deyil, onun ad gününü bahalı restoranda keçirməsi ilə bağlıdır.
Paylaşımlarda bildirilir ki, Rusiya cəmiyyətinə “müqəddəs müharibə” ritorikası təqdim edildiyi, səfərbər olunanların cəbhədə döyüşdüyü və hərbi ehtiyaclar üçün vəsait toplandığı bir vaxtda yüksək rütbəli zabitlər dəbdəbəli həyat tərzini davam etdirirlər.
Z-kanallar general elitasının bahalı restoranlar, Maybach avtomobilləri, kübar məclislər və bahalı şərablarla müşayiət olunan həyatını sərt tənqid ediblər.
“Müharibə gedir, onlar isə restoranlarda kef edirlər”, “Komandan müharibə ilə məşğul olmalıdır, şorbasının altı min rubl olduğu restorana getməklə yox”, – deyə paylaşımlarda bildirilib.
Partlayış Rusiyada təkcə təhlükəsizlik problemini deyil, cəbhədəki əsgərlərlə hərbi elitanın həyat şəraiti arasındakı böyük fərqi də yenidən gündəmə gətirib.\\Musavat.com
