Qarabağ münaqişəsinin yaranmasında birbaşa rolu olan Rusiya bütün zamanlarda Ermənistanı dəstəkləyib və düşmən ölkəyə hərbi-siyasi dəstək nümüyiş etdirib. Birinci Qarabağ müharibəsi zamanı ermənilərin əli ilə Azərbaycan ərazilərinin işğalı başa çatandan sonra da Şimal qonşumuz regionda status-kvonu qorumaqda maraqlı idi.
Amma üç il əvvəl 44 günlük müharibədən sonra dəyişən geosiyasi vəziyyət regionda fərqli mənzərə yaradıb. Ermənistan bu reallığı qəbul etməsə də, vəziyyətlə əvvəl axır barışmalıdır. 44 günlük müharibədə uduzmasında günahkar axtaran Ermənistan ən yaxın müttəfiqinin onlara kömək etməməkdə günahlandırıb. Daha doğrusu, Ermənistan rusları ermənilərin yerinə vuruşmamaqda ittiham edir. İndi bölgədə müttəfiqini dəyişmək sevdasına düşən Ermənistan Rusiyanı Cənubi Qafqazı tərk etmək üçün Qərblə birgə planlar cızır və Paşinyanın da Rusiya əleyhinə səsləndirdiyi ittihamlar buna hesablanıb.
Ermənistanın ritorikasından irəli gələn ciddi məsələləri KONKRET.az-a şərh edən politoloq Oktay Qasımov bildirib ki, Rusiya-Ermənistan arasında münasibətlər bundan sonra da gərginləşməkdə davam edəcək və tərəflər öz mövqelərində israrlıdırlar. “Paşinyan Rusiya tərəfini müttəfiq olaraq öhdəliklərini yerinə yetirməməkdə qınayır və artıq Rusiyanın təhlükəsizlik zəmanətlərini Ermənistan üçün yetərli olmadığını bildirir. Rusiya tərəfi isə təbii ki, müxtəlif səviyyələrdə, son olaraq Ermənistan rəhbərliyini Putinin dili ilə ittiham etdi və bildirdi ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımaqla problemləri əslində özü yaradır və Rusiyanın əl qolunu bağlayır.
Bu baxımdan hal-hazırda diplomatik səviyyədə olan bu deyişmələr münasibətləri daha da gərginləşdirəcək. Nəzərə alsaq ki, Ermənistanla ABŞ-la birgə hərbi təlimlər keçirir. Bunun da iki ölkə arasında münasibətlərə kifayət qədər mənfi təsiri göz önündədir. Məhz Rusiya tərəfi bundan dolayı Paşinyanı ittiham edir. Düşünürəm ki, sonrakı dövrdə Rusiya Ermənistan daxilində öz potensialını səfərbər etməklə Paşinyana təzyiq etmək istiqamətində fəaliyyətini daha da gücləndirəcək. Əlbəttə ki, Ermənistanda 44 günlük savaşdan bəri davam edən qeyri-sabitlik və gərginlik bundan sonra artan istiqamətdə davam edəcək. Tərəflər arasında münasibətlər getdikcə daha da kəskinləşəcək”.
Vəli Həsənov,
KONKRET.az