“Siyasi sahədə “müştərilər”in, yəni psevdo-müxalifətçilərin olması mədəniyyətini Nikol Paşinyan təqdim etməyib. Digər məsələlərdə olduğu kimi, o, əldə etdiyi bu mirasdan da məharətlə istifadə edir. Nikol Paşinyan hakimiyyətin keçmiş “müştərisi” kimi bu “institutu” yaxşı bilir. İndi o, “müştərilər”dən amansızcasına istifadə edir”.
KONKRET.az xəbər verir ki, bu fikirləri erməni jurnalist Ayk Usunç özünün analitik şərhində bildirib. O, daha sonra vurğulayıb: “Nikolun “müştəriləri” “elitar” və “ucuz” olmaqla iki yerə bölünə bilər. O, vaxtaşırı ucuz müştəriləri ilə görüşlər keçirir. Onlara heç bir post vermir və yalnız bəzək kimi istifadə edir.
“Ucuz” qrupa Arman Babacanyan, Levon Şirinyan, Tiqran Xzmalyan, Tiqran Arzakantsyan və digər oxşar şəxslər daxildir.
Nikolun “elitar” müştəriləri əslində eynilə “ucuz insanlar”dır. Yeganə fərq odur ki, “elita”ya vəzifə və ya müəyyən status verib.
Nikolun “elitar müştəriləri” Edmon Marukyan və Vazgen Sarkisyanın “bacısı” Aram Sarkisyandır. Onlar əvvəllər də hakimiyyətin müştəriləri olublar, indi də belədirlər. Yeri gəlmişkən, xatırlatmaq yerinə düşər ki, Nikol, Edmond və Aram “Çıxış” alyansının bir hissəsi olaraq parlamentə qərbyönlülüklə flört etmək və hazırkı hökumətə sifarişçi işlə məşğul olmaq üçün gətirilmişdilər. Bundan sonra baş verənləri, məncə, qeyd etməyə dəyməz.
2023-cü ildə Nikolun “elitar müştəriləri”nin siyahısı ən iyrənc fiqurla – cəmiyyətə “İt” ləqəbi ilə daha çox tanınan Vardan Qukasyanla tamamlandı. Son vaxtlara qədər o, Nikolun “ucuz müştəri”lərindən biri idi, lakin İrəvan Ağsaqqallar Şurasının seçkiləri göstərdi ki, o, “İt” statusunu dəyişərək, “elitar müştərilər” qrupuna keçib. Səbəb odur ki, Nikola “hürən it” Tiqran Avinyanı paytaxt meri təyin etmək, eləcə də yerli rüsumları artırmaqdan ötrü yırtıcı qərarlar vermək üçün lazım idi”.
Natiq Səlim,
KONKRET.az
