Pekin Tacikistanda “ölüm yolu” kimi tanınan Düşənbə-Kulma yolunun yenidən qurulması üçün 357 milyon dollar məbləğində qrant ayırıb.
KONKRET.az xəbər verir ki, dağlıq Bədəxşandan keçən ən təhlükəli yoldur və Tacikistanın mərkəzi hissəsini Çinlə birləşdirir. Çin şirkəti Dağlıq Bədəxşan Muxtar Vilayətində (DBMV) doqquz körpü tikəcək və bu ərazidə yerləşən Yakçilva gümüş yatağını inkişaf etdirəcək.
Tacikistan, eyni zamanda, Çinin təhlükəsizliyinin təmin olunmasında mühüm element kimi görünür. Tacikistan parlamentinin aşağı palatası dünən Çindən 2,5 milyard yuan (350 milyon dollar) təmənnasız ödənişin təmin edilməsi haqqında sazişi təsdiqləyib. Tacikistanın iqtisadi inkişaf və ticarət naziri Neqmatullo Hikmətullozoda qeyd edib ki, ÇXR hökuməti tərəfindən qrant vəsaiti 2018-2020-ci illərdə texniki və iqtisadi əməkdaşlıq müqavilələri çərçivəsində ayrılacaq. Nazirin sözlərinə görə, pul Kulyab və Bohtar şəhərlərində yolların bərpasına və Düşənbə-Kulma avtomobil yolunun yenidən qurulmasına yönəldiləcək.
Bundan əvvəl Tacikistan parlamentariləri Murgab bölgəsindəki yüksək hündürlükdə bir gümüş yatağının Çin investorlarına verilməsini təsdiqləmişdilər və Kashn Sinyui Dadi Mədən İnvestisiya şirkətini 7 il müddətinə vergilərdən azad etmişdilər. Doğrudur, Tacikistan Dövlət İnvestisiya Komitəsinin rəhbəri Farrux Xamralizodanın dediyi kimi, “vergi və gömrük rüsumlarından azad olmaq, ölkəmizin vətəndaşlarına əlavə iş yerləri təqdim etməklə tarazlanır”.
Mütəxəssislərin fikrincə, Çin bütün digər investorları qabaqlayaraq Tacikistanın əsas iqtisadi tərəfdaşına çevrilir. Artıq bu gün qızıl yataqlarının 80%-dən çoxu Çin kapitalı olan şirkətlər tərəfindən alınıb. Bu, istər-istəməz respublikanın xarici siyasətində dəyişikliklərə səbəb olacaq. Bundan əlavə, Tacikistan son illər ÇXR-dən borc asılılığına düşüb. Tacikistan Maliyyə Nazirliyinin məlumatına görə, bu ilin əvvəlində xarici borcun ümumi həcmi 3 milyard dollara yaxın olub, Çinin payına 1.2 milyard dollar düşmüşdü, bu isə ÇXR-in bütün Orta Asiya ölkələrinə verdiyi kreditlərin təxminən 2/3 hissəsini təşkil edir.
“Şərq-Qərb” Strategiya Analitik Mərkəzinin baş direktoru Dmitri Orlov “Nezavisimaya Qazeta”-ya deyib ki, Çin Tacikistanın borclarını qaytarmayacağını başa düşür və əgər qaytarsa belə, bunu tezliklə edə bilməyəcək: “Borc çox böyükdür və qaytarmaq üçün heç bir şey yoxdur. Yataqlar, ehtiyatlar var, amma bunlar yerli vətəndaşlar tərəfindən emal olunsaydı, xarici borc da bu qədər böyük olmazdı. Bununla da Pekinin Düşənbəyə təsir böyüyür. Nəticədə Tacikistan Moskvanın Avrasiya İqtisadi İttifaqına qoşulmaq təklifinə cavab verməkdə gecikir”.
Çinli analitik Şen Siyunun fikrincə, Tacikistan Çinin milli təhlükəsizliyinə və “Bir Kəmər, Bir Yol” təşəbbüsünün həyata keçirilməsinə təsir edən əsas məqamlardan biridir: “Orta Asiyada yol infrastrukturunun qurulması siyasəti bir neçə ildir və daha dəqiq desək, 2013-cü ildən bəri davam edir. Çin bu işdə çox aktivdir və təbii olaraq Tacikistanda “Bir Kəmər, Bir Yol” proqramı çərçivəsində fəal iştirak edir. Bunu ölkənin istismarı kimi qəbul edilməməlidir, çünki Pekin bütün Orta Asiya dövlətləri ilə eyni şəkildə davranır”.
Strateji Qiymətləndirmə və Proqnozlar Mərkəzinin baş direktorunun müavini İqor Pankratenko qeyd edib ki, DBMV Tacikistanın əsas, strateji və problemli bölgəsidir. Əgər Düşənbə bölgəni Tacikistan iqtisadiyyatına inteqrasiya üçün orada iqtisadi layihələr həyata keçirə bilmirsə, onda ora başqasının gəlməsi mütləqdir. Yaxşı olar ki, elə bu başqası Çin olsun: “Dağlıq Bədəxşana sərmayə qoymaq sadəcə ekstremist ideologiyanın nüfuzunu istisna etməklə əhalinin həyat səviyyəsini yüksəltmək üçün çox mürəkkəb bir bölgənin sədaqətini təmin edən bir iqtisadi investisiya proqramı deyil. Çin hazırda Əfqanıstan problemini tənzimləməklə fəal məşğuldur. Bu işdə Düşənbənin anlamına və dəstəyinə inanır. Buna görə Pekin u cür dövlətlərdə daha aktiv olacaq. Bu, birbaşa təzyiq olmayacaq, ancaq Düşənbənin bu və ya digər siyasi kursundakı mövqeyini Çin daha dəqiq ifadə edəcək”.
