“Azərbaycanda pensiyaçıların sosial rifahının yaxşılaşdırılması, onların alıcılıq qabiliyyətinin qorunması və artan yaşayış xərclərinin kompensasiya edilməsi baxımından 13-cü pensiyanın tətbiqi məsələsi gündəmə gətirilə bilər. Bu, pensiya təminatı sisteminin sosialyönümlülüyünün artırılması istiqamətində müzakirə oluna biləcək təşəbbüslərdən biridir”.
Bu fikirləri Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun “İnklüziv sosial inkişaf” şöbəsinin müdiri, Türkdilli Dövlətlərin İqtisadçıları İctimai Birliyinin sədri, iqtisad elmləri doktoru, professor Rəsmiyyə Sabir (Abdullayeva) KONKRET.az-a açıqlamasın da səsləndirib.

“13-cü pensiya dedikdə, pensiyaçılara ildə bir dəfə əlavə pensiya ödənişinin həyata keçirilməsi nəzərdə tutulur. Bu mexanizm bir sıra ölkələrdə sosial müdafiə tədbiri kimi müxtəlif formalarda tətbiq olunur. Azərbaycanın da həmin beynəlxalq təcrübəni öz iqtisadi və maliyyə imkanları çərçivəsində nəzərdən keçirməsi mümkündür”.
Professorun sözlərinə görə, Azərbaycanda 2006-cı ildən tətbiq edilən pensiya sistemi fərdi uçota əsaslanan sığorta prinsipləri üzərində qurulub.
“Bu sistemdə əmək pensiyasının məbləğinə şəxsin fərdi hesabında toplanan pensiya kapitalı və ödənilmiş sosial sığorta haqları mühüm təsir göstərir. Bu baxımdan 13-cü pensiyanın tətbiqi mövcud pensiya sisteminin maliyyələşmə prinsipləri ilə uzlaşdırılmalı, onun üçün ayrıca maliyyə mənbələri və hüquqi mexanizmlər müəyyənləşdirilməlidir”.
Rəsmiyyə Sabir (Abdullayeva) vurğulayıb ki, təşəbbüsün reallaşdırılması üçün ilk növbədə maliyyə imkanları və dövlət büdcəsinə düşəcək əlavə yük dəqiq hesablanmalıdır.
“ Belə ki, bütün pensiyaçılara bir aylıq pensiya məbləğində əlavə ödənişin həyata keçirilməsi dövlət üçün kifayət qədər böyük maliyyə öhdəliyi yarada bilər. Buna görə də məsələyə yalnız sosial ehtiyaclar deyil, həm də iqtisadi səmərəlilik və büdcə dayanıqlılığı baxımından yanaşılmalıdır.
Bununla yanaşı, məsələnin sosial tərəfi də xüsusi əhəmiyyət daşıyır. Pensiyaçıların gündəlik xərclərinin mühüm hissəsini ərzaq məhsulları, dərman preparatları, kommunal xidmətlər və sağlamlıqla bağlı digər ehtiyaclar təşkil edir. Xüsusilə aşağı məbləğdə pensiya alan vətəndaşlar üçün əlavə maliyyə dəstəyinin əhəmiyyəti daha böyükdür. Bu baxımdan 13-cü pensiyanın tətbiqi pensiyaçıların illik gəlirlərinin artırılmasına, alıcılıq qabiliyyətinin dəstəklənməsinə və müəyyən sosial problemlərinin yüngülləşdirilməsinə töhfə verə bilər”.
Professor hesab edir ki, ilkin mərhələdə bu mexanizmin diferensiallaşdırılmış formada tətbiqi variantına baxılması məqsədəuyğun olardı.
“Belə ki, ilk növbədə minimum pensiya alanlara, aşağı məbləğdə pensiya ilə dolanan şəxslərə və sosial baxımdan daha həssas pensiyaçı qruplarına əlavə ödəniş verilməsi nəzərdən keçirilə bilər. Sonrakı mərhələdə isə dövlətin maliyyə imkanları və əldə olunan nəticələr nəzərə alınmaqla 13-cü pensiyanın bütün pensiyaçılara şamil olunması məsələsinə baxmaq mümkündür”.
Aynurə İsmayıl
KONKRET.az
