Perinçek: “ABŞ-ın Azərbaycanda bütün təxribatları uğursuzluqla nəticələnəcək”backend

Perinçek: “ABŞ-ın Azərbaycanda bütün təxribatları uğursuzluqla nəticələnəcək”

ABŞ-ın Cənubi Qafqaz planı: “Azərbaycanı tabe etdirmək üçün “narıncı inqilablar” planlaşdırılır”

Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin gündəmdə olduğu və Ermənistanın Rusiyanın diqtəsindən Qərbə pənah apardığı bir zamanda Amerika Birləşmiş Ştatları (ABŞ) ilə Azərbaycan arasında gərginlik müşahidə edilir. Təbii ki, ABŞ-nin Azərbaycan əleyhinə qərəzli bəyanatları və atdığı addımlar rəsmi İrəvana sevgidən yox, Rusiyanı regiondan sıxışdırıb çıxarmaq və onun yerini tutmaqdan ibarətdir. Bu isə rəsmi Vaşinqtonun bölgə ilə bağlı yeni planlar hazırladığını da istisna etmir.

Bəs ABŞ-nin Cənubi Qafqaz planı nədir? Birləşmiş Ştatlar regionla və Azərbaycanla bağlı hansı addımları atmağa hazırlaşır?

Mövzunu KONKRET.az-a dəyərləndirən türkiyəli tarixçi, siyasi tədqiqatçı Mehmet Perinçek bildirib ki, ABŞ-nin Cənubi Qafqazla bağlı planları yeni deyil:

“ABŞ regionun güclü iqtisadiyyatına, böyük ordularına, tarixi dövlətçilik ənənələrinə sahib ölkələri diz çökdürmək istəyir. Onun ən başlıca hədəfləri isə Türkiyə, Azərbaycan və Rusiyadır. Bu ölkələri diz çökdürmədən ABŞ-nin bölgə ilə bağlı planlarını həyata keçirməsi mümkün deyil. Bunu etmək üçünsə bölgədə özünə tərəfdar ölkə və hökumətlər, daha doğrusu, “kukla” dövlətlər yaratması lazımdır. Biz isə tarixən bu vəzifəni Ermənistanın öz üzərinə götürdüyünün şahid olmuşuq”.

Müsahibimizin fikrincə, ABŞ bu məqsədlə Ermənistanı həm Azərbaycana, həm Türkiyəyə, həm də Rusiyaya qarşı “sıçrama taxtası” kimi istifadə etmək planları qurur. “Bu planları həyata keçirərkən isə təbii ki, Azərbaycanın daxilində qarışıqlıq yaratmaq istəyir. Belə demək mümkünsə, Azərbaycanı tabe etdirmək üçün Azərbaycan daxilində “narıncı inqilablar” həyata keçirmək niyyətindədir. Fəqət, bu məqsədi uğursuzluqla nəticələnir. Bu uğursuzluğunu kompensasiya etmək üçün də Ermənistandan həm Azərbaycana, həm də Türkiyəyə qarşı alət kimi istifadə edir, onun təcavüzkar siyasətinə dəstək verir”, – deyə tarixçi vurğulayıb.

Tədqiqatçı hesab edir ki, bu müstəvidə region ölkələrinin hədəfləri ortaqdır: “ABŞ bölgədə xaos yaratmaq istəyir və bu xaos sayəsində itirdiyi siyasi rıçaqlarını yenidən qazanmağa çalışır. Bu xaosun da ən asan yolu kimi Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətini görür. Halbuki regionda sülh və sabitliyin bərpası, o cümlədən, iqtisadi inkişaf bütün regionun xeyrinədir. Bu aspektdən yanaşsaq, Türkiyənin, Rusiyanın, Azərbaycanın və İranın bir araya gələrək, ABŞ-nin sözügedən planlarını əngəlləməsi mühüm əhəmiyyət daşıyır. Hətta belə bir ittifaq Ermənistan xalqı üçün də önəmlidir, çünki Ermənistan bu cür münaqişələrin ortasında gündən-günə zəifləməkdə və xalqı da yoxsullaşmaqdadır. Əslində isə Ermənistan xalqının maraqları qonşuları ilə xoş münasibət quraraq, öz iqtisadi inkişafına nail olmaq olmalıdır”.

Ekspert vurğulayır ki, bu mənada 3+3 Cənubi Qafqaz platforması çox mühümdür. “Hətta həyati əhəmiyyətə malikdir. Ona görə də bu platformanın daha da aktiv hala gətirilməsi vacibdir. Əgər region ölkələri nə qədər güclü müttəfiqlik şəraitində fəaliyyət göstərərsə, ABŞ-nin də bütün bu təxribatları uğursuzluqla nəticələnəcək. Xüsusilə də Azərbaycanın ərazi bütövlüyünu bərpa etməsinin ardınca sülh şəraiti və iqtisadi inkişaf üçün münbit bir zəmin yaranıb. ABŞ-nin planlarını uğursuzluğa düçar edəcək ən əhəmiyyətli addım region ölkələri içərisində sülh tərəfdarı olan qüvvələrin bu ittifaqda birləşməsidir”, – deyə qətiyyətlə əlavə edib.

Mərahim Nəsib,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*