Peşə təhsilinə və müxtəlif ixtisasartırma kurslarına maraq son dövrlərdə nəzərəçarpacaq dərəcədə artıb. Əmək bazarında praktiki bacarıqlara malik kadrlara tələbatın yüksəlməsi gəncləri və iş axtaranları daha qısa müddətdə peşə əldə etməyə yönəldir. Lakin peşə məktəblərinə marağın artmasının arxasında hansı səbəblər dayanır və əmək bazarında hansı ixtisaslara daha çox ehtiyac var?
Təhsil üzrə mütəxəssis Kamil Talıb KONKRET.az-a açıqlamasında bildirib ki, son dövrlərdə peşə məktəblərinə marağın artması heç də birbaşa peşələrə tələbatın yüksəlməsi ilə bağlı deyil.
Ekspertin sözlərinə görə, bəzi şagird və valideynlər peşə məktəblərini ali təhsil müəssisəsinə qəbul üçün alternativ yol kimi nəzərdən keçirirlər:
“Son günlərdə peşə məktəblərinə maraq artıb. Bu, əslində, daha çox peşələrə marağın yüksəlməsi ilə deyil, peşə məktəblərindən ali təhsil müəssisələrinə qəbul olmaq ehtimalı ilə əlaqədardır. Düşünürəm ki, yaxın gələcəkdə bu tendensiya davam etməyəcək. Çünki hər il peşə məktəblərindən gələnlərin ali təhsil müəssisələrinə qəbulunun çətinləşdiyini görürük. Ona görə də valideynlərə və şagirdlərə tövsiyəm budur ki, peşə məktəblərinə universitetə qəbul olmaq ümidi ilə deyil, həqiqətən bir peşəyə yiyələnmək məqsədilə üz tutsunlar”.

Kamil Talıb
Kamil Talıb hesab edir ki, peşə təhsilinin qarşısında duran əsas problemlərdən biri maddi-texniki bazanın və ixtisaslı kadrların kifayət qədər olmamasıdır.
“Lakin təəssüflər olsun ki, hazırda Bakı şəhərindəki peşə məktəblərinin təxminən 80 faizi tələb olunan səviyyədə kadr hazırlaya bilmir. Bunun üçün kifayət qədər maddi-texniki baza, eləcə də həmin peşələri praktik şəkildə öyrədə biləcək müəllimlər yoxdur”, – deyə ekspert vurğulayıb.
Onun sözlərinə görə, peşə təhsilində əsaslı dəyişikliklərin aparılması üçün ümumi təhsil sistemində də yanaşmalar yenilənməlidir:
“Peşə məktəblərinin yaxın gələcəkdə tam şəkildə düzələcəyi görünmür. Bu sahədə vəziyyət o zaman dəyişə bilər ki, orta məktəblər 9-cu sinifdən sonra könüllü seçim formasına keçsin. Həqiqətən peşə təhsili almaq istəyənlər rahat şəkildə peşə məktəblərinə yönəlsin, ali təhsil almaq istəyənlər isə orta məktəbdə təhsillərini davam etdirsinlər”.
Ekspert qeyd edib ki, bəzi hallarda şagirdlərin peşə məktəblərinə yönləndirilməsi onların real maraq və bacarıqlarından daha çox digər amillərlə əlaqələndirilir:
“Hazırda peşə məktəblərinə şagirdlər əsasən peşə öyrənmək üçün üz tutmurlar. Bəzi hallarda onların bu məktəblərə yönləndirilməsi məktəb direktorlarının təzyiqi ilə həyata keçirilir”.
Kamil Talıbın fikrincə, peşə təhsilinin nüfuzunun artırılması üçün əsas məqsəd diplom əldə etmək və ya ali məktəbə keçid imkanından daha çox məzunların əmək bazarında real rəqabət apara biləcək bacarıqlara yiyələnməsi olmalıdır.
Əmək bazarında texniki və praktiki bacarıqlara tələbatın artması fonunda peşə təhsilinin inkişafı həm işəgötürənlərin kadr ehtiyacının qarşılanması, həm də gənclərin daha qısa müddətdə əmək bazarına çıxması baxımından mühüm əhəmiyyət daşıyır. Bu baxımdan peşə təhsilinin əmək bazarının real tələblərinə uyğunlaşdırılması, təhsil müəssisələrinin müasir avadanlıqlarla təmin edilməsi, ixtisaslı müəllim və təlimçilərin hazırlanması, eləcə də praktiki məşğələlərin gücləndirilməsi əsas prioritetlərdən biri olaraq qalır.
Aynurə İsmayıl
KONKRET.az
